Turizmi dirçəltmək

Hamınıza gözaydınlığı verirəm. Bundan sonra Göygöl qoruğuna giriş açıq olacaq. Açıq deyiləndə ki, yəni bu gündən qoruğu görmək qadağası aradan götürülür, ürəyiniz istədiyi vaxt gedib bilet alaraq, o səfalı yerləri gəzə bilərsiniz. Yəni qoruq bundan sonra turizm obyekti olaraq üzünüzə açıqdır və onun bəlli bir giriş xərci də olacaq. Əslində, biletlə giriş  normal qəbul ediləcək bir şeydir. Amma iş təkcə o bilet pulu ilə düzəlsəydi, nə vardı ki… Əsas dərd orta yaşayış səviyyəsi olan bir paytaxt sakininin Göygölə gedib çıxana kimi nə qədər xərcə düşəcəyi ilə bağlıdır. Bunu əsgər arxasınca dəfələrlə o yerlərə yol yoran biri kimi deyirəm. Hər şeyin od bahasına olduğu bu zamanda orta maaşla yaşayan insanların heç ora gedib çıxması da mümkün deyil…

Neftin gəlhagəl vaxtında ölkənin bütün ağıllı adamları haray qoparırdı ki, bu zəhrimar tükənəcək bir gün, fürsət var ikən, başqa gəlir gətirən sahələrə sərmayə qoyun, onları inkişaf etdirin. Böyük pullar yuxarıların gözünü örtmüşdü və burunlarından uzağı görə bilmirdilər.

Indi ölkənin halı sovulan mövsümün sonunda çürük meyvələri çevirib, yeyilməli bir şey axtarmağa bənzəyir. Ancaq yeyilməli nəsə qalmayıb deyəsən. Torbanın dibinə daş atıblar və indi kənardan çıxış yolları aranmağa başlanıb. Kənd təsərrüfatına baş qoşmaq istəyən yoxdur, anlaşılan. Bərbad duruma düşüb dağılıb getdiyindəndir hər halda. Indi iş-işdən keçəndən sonra turizm yada düşüb. Bir şey alınarmı? Əslinə qalsa, təbii resurslar anlamında ölkənin turizmdən böyük qazanc götürməklə bağlı nəyi əskikdir ki? Problem bunda deyil, bilirsiniz. Problem ölkədə bu işi inhisara götürən şəxslərin təyin etdiyi ağılalmaz qiymətlərlə bağlıdır. Şamaxıda, Yardımlıda, Qəbələdə, Ismayıllıda, Qubada normal kateclərin gününün minimum 40-50 manat olmasını bilirsiniz hamınız. Hotellərin qiymətindən danışmağa dəyməz, yeməkləri, xidməti də üstünə gəlsək, özümüz ölkədə dincəlmək sövdasından sakitcə vaz keçməli oluruq. O üzdən, hamı pal-paltarını toplayıb yol alır başqa sərfəli ölkələrə.

Rəsmi statistikaya baxsanız, görərsiniz ki, müəyyən qədər imkanlı adamların əksəriyyəti yay istirahətini xarici ölkələrdə keçirməyi üstün tutur. Əvvəllər həmin siyahının başında Türkiyə gəlirdi. Amma deyəsən bu ildən Gürcüstan önə keçib. Ötənlərdə yazmışdım, rəsmi statistikaya görə, iyul ayında ölkəmizdən Gürcüstana səfər edən insanların sayı 160 min 285, ümumilikdə əcnəbi turistlərin sayı isə 737 min 696 nəfər olub. Necədir? Turizmi inkişaf etdirmək buna deyərlər.

Təbii, öyrənmək heç vaxt gec deyil. Istirahət üçün qonşu ölkələri seçənlərin ilk arqumenti ucuzluq və xidmət səviyyəsinə bağlıdır. Turizmin inkişafına görə dünyanın ilk onları sırasında gələn qardaş Türkiyənin təcrübəsindən öyrənmək olar hər şeyi əslində. Rəsmi rəqəmlərə görə, Türkiyə iki il öncə qəbul etdiyi 35 milyon turist sayına görə dünyanın 6-cısı olmuşdu. Bu ölkəyə səyahət edənlər də gözəl bilir ki, boşuna ortaya çıxmır bu rəqəmlər. Türkiyə turizm məkanlarının cazibəsi, ucuzluq və xidmət səviyyəsinə görə də dünyanın ön öndə gedən ölkələrindəndir. Indi də Türkiyənin yaratdığı gözəl nümunələri Gürcüstan örnək alıb xəzinəsinə milyonlar qazandırmaqdadır. Biz də edə bilərikmi? Bu şərtlərlə imkansız. Bir ölkənin vətəndaşı bahalıq üzündən bütün yayı şəhərdən çıxa bilməyib, odun-alovun içində qovrulursa, kənardan turist gətirib turizmi inkişaf etdirməkdən necə söhbət gedə bilər?