«Repressiyalar vasitəsilə günü-gündən artan etiraz dalğasını söndürmək mümkün olmayacaq»
Nurəddin Məmmədli: «Hakimiyyətin başqa vasitələrlə ölkədə qəbiristanlıq sakitliyini qorumaq imkanları tükənib»
Hakmiyyətin yürütdüyü cəzasızlıq siyasətinin yaratdığı ab-hava bir neçə gün əvvəl jurnalist həmkarımız Rasim Əliyevin canını aldı. Iqtidarın siyasi rəqibləri ilə mübarizədə bütün vasitələrdən istifadə etməsi və nəzarətində olan informasiya vasitələrində demokratik düşərgəyə qarşı “qara piar” aparması müxalif fikir söyləyənlər barədə istənilən şəxsin linç məhkəməsi qura biləcəyi fikrini formalaşdırıb. Müsahibimiz AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli ilə söhbətimizə hazırda hakimiyyətin yürütdüyü repressiv siyasətin cəmiyyətdə yaratdığı ab-havaya münasibət bildirməklə başlamaq qərarına gəldik.
– Artıq hakimiyyətin başqa vasitələrlə ölkədə qəbiristanlıq sakitliyini qorumaq imkanları tükənib. Narazılıq kifayət qədər yüksək səviyyədədir. Insanlar əvvəlki dövrlərdən fərqli olaraq ən yüksək səviyyələrdə öz etirazlarını bildirirlər. Hətta YAP-ın sıralarında olanlar belə ölkədəki bu vəziyyətin mütləq ciddi təlatümlərə səbəb olacağı qənaətindədirlər. Ona görə ölkədə islahatlar aparmaq üçün real gücə sahib komanda yoxdur. Hakimiyyət heç zaman xalqı təmin edə biləcək siyasətə yönəlik addım atan deyil. Onlar heç zaman bu cür fəaliyyəti özlərinin vəzifə borcu hesab etməyiblər. Hakimiyyət korrupsiya və rüşvəti dövlət siyasətinə çevirməklə külli miqdarda xalq vəsaitini mənimsəyiblər. Belə bir şəraitdə ölkədəki iqtisadi vəziyyətin getdikcə pisləşməsi, xüsusi olaraq neftin qiymətinin aşağı düşməsi, manatın sürətlə ucuzlaşması narazılığın artmasına səbəb olub. Buna görə də hakimiyyət ömrünü uzatsa, ölkədə sabitliyi saxlamaq üçün repressiv metodlara əl atır. Bu, əslində əlacsılıqdan doğan reallıqdır. Çünki repressiyalar vasitəsilə günü-gündən artan etiraz dalğasını söndürmək mümkün olmayacaq. Beynəlxalq təşkiltalar da Azərbaycanda sabitliyin pozula biləcəyindən ciddi narahatdırlar. Qərb dünyası da Azərbaycanda baş verənlərlə bağlı mövqelərini kəskin və birmənalı şəkildə ifadə edirlər. Ona görə də hesab edirəm ki, hakimiyyət mövcud vəziyyəti sabitləşdirmək, cəmiyyətdəki qarşıdurmanı aradan qaldırmaq üçün geniş əhatəli proqramı olmalıdır. Əgər bu yoxdursa, deməli, repressiya bunlar üçün yeganə vasitədir. Ona görə bu siyasətdən istifadə etməklə hakimiyyətlərinin ömrünü uzatmağa çalışırlar.
“Cəzasızlıq mühitinin baiskarı hakimiyyətin siyasətidir”
– Jurnalist Rasim Əliyev aldığı xəsarətlərdən dünyasını dəyişdi. Bu, jurnalistlərə qarşı ilk hucum deyil və belə görünür ki, hazırkı mühit qalacaqsa, sonuncu da olmayacaq. Fərqli fikir söyləyənlərə qarşı bu cür davranmağın məqbul olduğu atmosferinin yaradılması hansı fəsadlar vəd edir?
– Əgər prosesə müəyyən mərhələlərlə yanaşsaq görərik ki, hakimiyyət əvvəllər müxalif meyllərin qarşısını satınalmalarla önləyirdi. Vaxtı haqq-ədalət mövqeyində dayanan jurnalistlərin, bütöv qəzetlərin hakimiyyətin tərəfinə keçdiyinə dair kifayət qədər faktlar var. Bundan sonrakı mərhələdə sınmayan, jurnalist mövqeyini zaman-zaman ifadə edən jurnalistlərə qarşı kəskin repressiya dalğası başladı. Bu dalğanın ayrı-ayrı epizodlarında bəzi jurnalistlər qətlə yetirildi, bəzilərinə qarşı sui-qəsdlər oldu. Açıq şəkildə etiraf etmək lazımdır ki, hakimiyyətin bu siyasəti jurnalistlərdə daxili senzuranı gücləndirdi. Jurnalistlər cərimələrdən qaçmaq, təqiblərdən qorunmaq üçün ölçülü-biçili məlumatlar verməyə məcbur oldular. Bu siyasət jurnalistika sferasında böyük seyrəlməyə səbəb oldu. Bu gün çox az sayda jurnalistlər var ki, mövqelərini ardıcıl olaraq reallaşdırmaqda davam edirlər. Sonuncu qətl, siyasi terror da jurnalistikada qorxu hissinin bərpasına xidmət edir. Amma bu prosesi sona qədər çatdırmaq mümkün deyil. Çox güclü gənclik yetişir. Jurnalistika sahəsində təcrübələri az olsa da prinsipiallıqları, mövqe bütünlüyü hakimiyyəti ciddi şəkildə narahat edir. Blogerləri nə qədər həbs etsələr də yerinə başqaları gəlir. Ona görə də cəzasızlıq mühitinin yaradılması növbəti qorxu dalğası yaratmaq üçün dövlət səviyyəsində həyata keçirilən siyasətdir.
“Xalq seçkiləri boykot edir”
– Azad mətbuatın məhdudlaşdırıldığı, demokratik dəyərlərin və insan haqlarının kobud şəkildə tapdandığı ölkədə keçiriləcək parlament seçkilərinə necə rəy vermək olar?
– Əvvəlki seçkilər ərəfəsində insanlar seçki haqqında ciddi düşünürdülər. Altı ay qalmış seçki ab-havası hiss olunurdu. O cümlədən biz siyasilərə çoxlu sayda suallarla müraciət edirdilər. Təsəvvür edin, son bir ayda cəmi bir nəfər “seçkilərdən nə gözləyirsiz” sualı ilə mənə müraciət edib. Millət artıq saxta seçkilərdən təngə gəlib. Beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının seçkilərlə bağlı kütləvi şəkildə verilən qətnamələri də nəyisə dəyişmir. Venesiya Komissiyası uzun illərdir ki, səlahiyyətlərinə uyğun olaraq seçki qanunvericiliyinin dəyişdirilməsinə çalışdı. Belə bir şəraitdə heç bir addımın atılmaması, seçki qanunun getdikcə anti-demokratikləşdirilməsi xalqın seçkiyə inamını sarsıdıb. Müxalifətin də bu durumda seçkilərdə iştirakı ciddi polemika mövzusudur. Xalq kütləvi şəkildə bu seçkidən heç nə gözləmirsə, bu seçkini açıq şəkildə boykot edirsə, bu seçkinin hansı nəticələri ola bilər. Müxalifəti ən çox düşündürən məslələrdən biri seçki kampaniyasının verdiyi imkanlardan istifadə edərək, bu hakimiyyətə daha çox zərbə vurub onu ifşa etməkdir. Bu gün AXCP də konkret məqsədini ortaya qoymasa da, seçki prosesinin verdiyi imkanlardan maksimum bəhrələnmək fikrindədir. Hansı yolun seçiləcəyi situasiyaya uyğun müəyyən ediləcək.
“Beynəlxalq aləm hakimiyyətə qarşı yeni cəbhə açır”
– Hakimiyyət beynəlxalq aləmlə qarşıdurma vəziyyətindədir. Novruz Məmmədov hakimiyyətə indiyə qədər olmayan təzyiqin göstərildiyini etiraf edir. Beynəlxalq aləmin hakimiyyətin korrupsiya və rüşvət əməllərini sərt ifşa etməsi nədən qaynaqlanır? Bu situasiyada keçiriləcək seçkidəki saxtakarlığı ört-basdır etmək hakimiyyətə asan gələcəkmi?
– Hakimiyyət keçən seçkilərdən bilir ki, xalq bunlardan üz döndərib. Demokratik seçkidə xalq onlara səs verməyəcək. Saxtalaşdırma mexanizmlərinə qanuni don geyindirmək üçün qanunları sərtləşdirirlər. Beynəxalq təşkilatların hakimiyyətə qarşı mövqeyi iqtidara qarşı yeni cəbhənin açılması deməkdir. Bu gun rejimə qarşı xalqın davam edən mübarizəsi beynəlxalq aləmin də iqtidara qarşı mübarizəsi anlamına gəlir. Bu mübarizə forması beynəlxalq təşkilatların öz prinsiplərinə hörmət tələb etmək mücadiləsidir. Çünki dəfələrlə tənqid nəticə vermirsə, əksinə, açıq formada Qərb tənqid olunursa, bu bizim qədər onlar üçün də önəm daşıyan prosesə çevrilməkdədir.
“Təhsil sitemi dərin böhran şəraitindədir”
– Hər ötən il ali məktəblərə daxil olma balı aşağı endirilir. Bu tendensiya nəyin görsənişidir və bu prosesin inkişafı Azərbaycana nə vəd edir?
– Faktiki olaraq keçid ballarının azaldılması prosesi ölkədəki təhsil siteminin dərin böhran şəraitində olduğunu göstərir. Müqayisə etsək görərik ki, qəbul prosesi 10 il əvvəlin göstəricilərinə uyğun keçirilsəydi, ali məktəblərin üçdə ikisi boş qalardı. Yəni məktəbi bitirənlərin bilik səviyyəsi kifayət qədər aşağı düşüb. Ali məktəblər isə aşağı bal toplayanlarla doldurulur. Azərbaycanda bu gün təhsil sistemi vasitəsilə xalqa endirilən zərbə digər zərbələrdən daha ağırdır. Çünki başqa sahələrdə rejim dəyişikliyindən sonra vəziyyəti normallaşdırmaq mümkün olduğu halda təhsil sahəsinə dəyən zərbəni düzəltmək mümkün olmayacaq.
Xəyal