Zümrüd Yağmur: Lənətimizin kodu

Yazıçı Zümrüd Yağmur özünün Facebook səhifəsində daha bir siyasi romanını bitirdiyi haqda məlumat yayıb. Yazar romanın adını da açıqlayıb – “Ölkə adı: 22”. Niyə məhz 22?

Sualı yazarın özünə verdik. Zümrüd Yağmur bildirdi ki, əsərdə diktatura rejimində hər şeydən məhrum edilən insanların ancaq yemək və yaşamaq üçün istənilən əməli törətməyə razı olaraq, zülmə böyun əyməsinin yaratdığı mənəvi-əxlaqi eybəcərliklər qələmə alınıb.

“Əsərin adına gəlincə, Azərbaycanda indiki rejim 1993-cü ildə yaranıb. Bu rəqəmləri toplamışam –  1+9+9+3=22… Beləcə, bizim yaşadığımız ölkədəki rejimin necə deyərlər, kodu 22-dir. Bu tarix bizim lənətimizinin şifrəsidir. Əsərdə eyni zamanda bu lənətin səbəbkarı kimdir, niyə bu lənət bu qədər asan və rahatlıqla yayılır və hər zaman canlıdır, Tanrının bu olanlardakı rolu və s. məsələlər müxtəlif vəziyyətlərdə izah olunub. Roman quru, siyasi əsər deyil, rejimi yaradanların zülmü birtərəfli təqdim olunmur, bu rejimi bəsləyənlərin rəzaləti daha qabarıq göstərilir. Eyni zamanda “Tanrı bütün bunlara niyə dözür və yol verir?” sualına da məntiqli cavab axtarılır”, – deyə Z.Yağmur vurğuladı.

Bir sıra siyasi və ağır mövzulu romanların müəllifi kimi tanınan yazara biz də uğurlar diləyirik.      

azadliq.info