Allahşükür Paşazadə xalqa müraciət etdi
Yaqub Mahmudov: «Yas mərasimlərinin banket səviyyəsində keçirilməsi idarəetməyə nifrət yaradır»
Dünən Qafqaz Müsəlmanları Idarəsində toy və yas mərasimlərinin keçirilməsi qaydalarına həsr olunmuş dəyirmi masa keçirilib. QMI sədri Şeyxülislam Allahşükür Paşazadə toy və yas mərasimlərində israfçılıq hallarına yol verilməsini pisləyib və Islam dininin də israfın əleyhinə olduğunu qeyd edib: “Biz dəfələrlə bu kimi halların baş verməməsi üçün müraciətlər etmişik. Lakin bu məsələnin həllində din xadimləri ilə yanaşı ağsaqqalların da mühüm rolu var. Burada məcburiyyət, hər hansı əmr yaxud sərəncam vermək olmaz. Amma bu ifratçılıq bizi çox narahat edir. Ona görə bir müraciət hazırlamışıq və onu xalqa ünvanlayırıq. Bu işdə mətbuat bizə yaxından kömək etməlidir. Yoxsa bacara bilməyəcəyik”.
“Dəbdəbəli məclislər sosial bərabərsizliyi dərinləşdirir”
Şeyxin çıxışından sonra Qafqaz Müsəlmanları Idarəsi Qazılar Şurası və Elmi-Dini Şurasının Azərbaycan xalqına müraciəti oxunub. QMI sədrinin müavini Hacı Sabir Həsənlinin səsləndirdiyi müraciətdə deyilir ki, əksər halda toy və yas mərasimlərinin guya milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər. Müraciətdə toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması məsələlərinə də toxunulub: “Peyğəmbərimizin hədisində deyildiyi kimi, beş halda şənlik mərasimi qurulmalıdır – evlilikdə, uşaq dünyaya gələndə, uşağı sünnət etdikdə, ev alanda, Həcc ziyarətindən qayıdanda. Vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir. Dəfn mərasimində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Ehsan hərfi tərcümədə ”yaxşılıq etmək, gözəl iş görmək” mənasını verir. Onun imkansızlara, ehtiyacı olanlara, yetim və kimsəsizlərə verilməsi bəyənilən əməldir. Biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas mərasimlərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaq”.
Müraciətdə həmçinin dəbdəbəli toy və yas məclislərinin sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə təbəqələşmə yaratdığı, verilən yemək çeşidlərinin ifrat çoxluğunun isə israfa səbəb olduğu vurğulanıb: “Mərasimlərin təşkili zamanı israfçılıq hallarının qarşısının alınmasında cəmiyyətimizin birgə səyləri, ictimai qınaq olduqca vacibdir”.
Sənəd oxunandan sonra məsələ ətrafında müzakirələr başlayıb. Milli Məclisin deputatı Fəttah Heydərov toy və yas mərasimlərindəki ifratçılıqla bağlı məclislərdə çoxlu narazılıqlar eşitdiyini dedi: “Sağda-solda, məclislərdə eşidirik. Ifratçılıq hər sahədə narazılıq yaradır. Narazılıq var, amma məsələnin həlli açıq qalır. Qəti hökm və ya sərəncam vermək mümkün deyil. Amma vəziyyətin belə davam etməsi də qəbuledilməzdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Institutunun direktoru, deputat Yaqub Mahmudov mərasimlərdə ifratçılığa yol verilməsini, həmçinin VIP çadırlardan istifadə olunmasını pisləyib: “Yas mərasimlərinin banket səviyyəsində keçirilməsi xalqda idarəetməyə böyük nifrət yaradır. Həmçinin dinin nüfuzuna zərbə vurur. Halalla haramı ayırmırlar. Heç kim halal pulla belə mərasim keçirə bilməz.
Mənim bu məsələ ilə bağlı mövqeyim qəti və sərtdir. Lazım gələrsə, Qafqaz Müsəlmanları Idarəsi bununla bağlı fətva verməlidir”.
Zəlimxan Yaqub: “Yas mərasimində bircə araq çatmır”

Xalq şairi Zəlimxan Yaqub çıxışında yas və toy mərasimlərində ifratçılığın həddən artıq olduğunu bildirib: “Bu Islama da ziddir. Yas mərasimlərindəki ehsanlarda bircə araq çatmır. Yasa gedirsən, bilmirsən toydur, yoxsa yas. Qəbiristanlığa gedəndə məlum olur ki, bircə telefon yoxdur, ölüylə danışasan. Toylarla bağlı da vəziyyət ürəkaçan deyil. Məsələn, gedirəm şadlıq sarayına ki, toy danışım. Deyirəm, mənə beş növ qida lazımdır. Orda deyirlər ki, yox e, beş növ olmaz, gərək əlli beş növ qida ola”.
Tədbirdən sonra Allahşükür Paşazadə bir neçə məsələ ilə bağlı açıqlama verib. Şeyx əvvəlcə “Əjdərbəy” məscidinin yaxınlığındakı çadır maşınları ilə bağlı daxili işlər naziri Ramil Usubova ünvanladığı müraciətindən danışıb. Onun sözlərinə görə, çoxları bu maşınların, çadırların nazirə məxsus olduğunu deyir: “Nazirliyə çadırların adıçəkilən ərazidən çıxarılması üçün iki məktub yazmışıq. Artıq üçüncü məktubu da yazacağam ki, onları məscidin yaxınlığından uzaqlaşdırsınlar. Çox pis vəziyyət yaranıb. Çadıra 30-40 min manat verən adamlar var. Özü də bunlar kimlərdi? Ziyalılar, imkanı olan adamlar… Əlbəttə ki, bu, dövlətin siyasəti deyil. Dövlət də belə olmasını istəməz”.
“Qəbir yerlərinin satılması haramdır”
Növbəti açıqlamasında Şeyx qəbir yerlərinin satılmasının haram olmasından söz açıb. Onun sözlərinə görə, qəbiristanlıq ərazisi xalq üçün ayrılıb. Xalqa vəqf olunan yeri isə satmaq olmaz. QMI sədri deyib ki, pul verib qəbir yeri almaq özü də haram sayılır: “Həm də qəbir almaq üçün pul vermək, rüşvət vermək deməkdir”.
A.Paşazadə məscidlərdə ölü yuyulması barədə qiymətlərin müəyyənləşdirilməsinə, bunun elan şəklində verilməsi barədə suallara da cavab verib. Onun sözlərinə görə, QMI məscidlərdə ölü yuyulması ilə məşğul olanlara hər ay 500 manat pul verir: “Hər bir şəxs öz ölüsünü özü yumalıdır. Ölüyə qüsul verilməsi vacibdir. Hər bir şəxs bunu öz ölüsü üçün özü etməlidir. Biz məscidlərdə bunun üçün şərait yaratmışıq. Amma insanlar bunu etmir, ölülərini kiməsə yudurdurlar. Buna görə də haqq ödənilir. Kiməsə ”mənim atamın ölüsünü yu” deyirsənsə, əlbəttə ki, ona haqq verməlisən. Amma hər bir şəxs öz ölüsünü özü yusa, daha yaxşı olar”.



