Jurnalistin qətlinə görə 6 nəfər həbs edildi

Müxalifətdən reaksiya gəldi: "Bu, sosial şəbəkələrin hakimiyyət üzərindəki basqısının nəticəsidir"

Həbs olunanlardan biri də Cavid Hüseynovdur; onun təhrikçi olub-olmadığı araşdırılır

Qətllə bağlı Avropa İttifaqı bəyanat yaydı; Dünya Miyatoviç isə İlham Əliyevə məktub yazdı

Daxili Işlər Nazirliyi və Baş Prokurorluq jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərəəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Ilkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra Cavid Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən Ismayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən Ismayılov Rasim Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. Rasim Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

Istintaq zamanı Rasim Əliyevə məxsus IPHONE-5 markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.

Elşən Ismayılov, Samir Mustafayev, Camal Məmmədov, Kənan Mədətov və Arif Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Istintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu Elşən Ismayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

Cavid Hüseynovu qorumaq istəyirlər?

Futbolçu Cavid Hüseynova qarşı irəli sürülən ittihamlar az ağır cinayətlər kateqoriyasına daxildir və ancaq cərimə oluna bilər”. Bunu özünün Facebook səhifəsində vəkil Yalçın Imanov yazıb: “Cavidin həbsi yaxşı xəbərdi. Amma ona istinad edilən əməllərə baxın. Cinayət Məcəlləsinin 307.1 və 307.2-ci maddələri. Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə. Maddələrdən biri (307.1) böyük ictimai təhlükə törətməyən, o biri (307.2) isə az ağır cinayətlər kateqoriyasına daxildir. Maddələrin sanksiyasından da görünür ki, alternativ sanksiyalardır. Yəni futbolçunun təqsiri sübuta yetiriləcəyi halda cərimə cəzası ilə də məhkum edilə bilər”.

Vəkil deyir ki, bu maddələrlə bir qayda olaraq istintaq dövründə həbs qətimkan tədbiri seçilmir: “Məncə, bu istisna həssas ictimai təəssürata yönəlib. Ikincisi, jurnalistin ölümü nə vaxtdan böyük ictimai təhlükə törətməyən əməllər sırasına aid edildi? Ən azı işin detallarından görünür ki, Cavid mərhum dostumuzu haqq-hesab çəkməyə çğırıb və bu məqsədlə onunla telefon əlaqəsi də saxlayıb. Bu isə ona irəli sürülən ilkin (ümid edək ki, belədir) ittihamı istisna edir. Yəni, gözlənilən maddə ən azı 32 – iştiraçkılıq (maddənin bəndini istintaq qrupu daha yaxşı bilir) və 126.3 (xüsusi amansızlıqla, o cümlədən zərəəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) olmalı idi”.

Cinayət Məcəlləsində yazılıb: 307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə – beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə – iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hakimiyyətlərin cəmiyyəti eşitməsi yox, eşitməməsi ayıbdır”

Jurnalist Rasim Əliyevin öldürülməsinə görə bu cinayətdə iştirakçı olmuş 6 nəfərin, o cümlədən futbolçu Cavid Hüseynovun həbs edilməsi sosial şəbəkələrin hakimiyyət üzərindəki basqısının nəticəsidir”. Bunu isə AXCP sədi Əli Kərimli jurnalistin qətlinə görə 6 nəfərin həbs edilməsinə münasibət bildirərək, özünün “Facebook” səhifəsində yazıb.

AXCP sədri qeyd edib ki, əks halda hakimiyyət orqanları vaxtında bu qətlə imkan verməzdilər. “RATI-nin dünən yaydığı açıqlamadan məlum olur ki, Rasim Əliyev həyatına qəsdlə bağlı son üç həftə ərzində internet və telefonla hədələr alırmış. Buna görə o, təhlükəsizliyinin təmin edilməsi üçün rəsmi qaydada polisə müraciət etsə də, polis onun müraciətini rədd edibmiş. Amma gərək hakimiyyət xalqın sosial şəbəkələr vasitəsilə ifadə etdiyi tələbi yerinə yetirdiyinə görə kompleks yaşamasın. Nəhayət, anlamaq lazımdır ki, hakimiyyətlərin cəmiyyəti eşitməsi yox, eşitməməsi ayıbdır”, – deyə Əli Kərimli vurğulayıb.

Dünya Miyatoviç Ilham Əliyevə müraciət etdi

Rasim Əliyevin döyülərək öldürülməsinə beynəlxalq reaksiyalar davam etməkdədir. Dünən Avropa Ittifaqı ali nümayəndəsinin xarici işlər və siyasət ofisi jurnalist Rasim Əliyevin ölüm şəraitinin “tam və şəffaf” araşdırılmasını, günahkarların tapılıb məsuliyyətə cəlb olunmasını tələb edib. Qurumun avqustun 10-da yaydığı bəyanatda deyilir ki, Azərbaycanda jurnalistlər və digər KIV nümayəndələri üçün təhlükəsiz mühit yaradılmalıdır ki, onlar zorakılıq və təqiblərdən qorxmayaraq öz işlərini yerinə yetirə bilsinlər.

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviç isə Ilham Əliyevə yazdığı məktubda jurnalist Rasim Əliyevin öldürülməsini pisləyərək Azərbaycan rəhbərini jurnalistlərin təhlükəsizliyini təmin etməyə və ölkədə mətbuat azadlığı vəziyyətinin sürətlə pisləşməsinin qarşısını almağa çağırıb. Miyatoviç yazır ki, baş vermiş son faciəli hadisə Azərbaycan hakimiyyətini beynəlxalq təşkilatların dərin narahatlıqlarına səbəb olmuş bu tipli hadisələrin qarşısının alınması üçün vətəndaş cəmiyyətiylə ciddi dialoqa başlamağı və vəziyyətin daha da pisləşməsinin qarşısını almağı zəruri edir.

Miyatoviç daha sonra qeyd edir ki, o, dəfələrlə Azərbaycan hakimiyyəti qarşısında mətbuat nümayəndələrinin həbsi, qorxudulması və onlara qarşı olan ciddi təzyiqlərlə bağlı ciddi məsələlər qaldırıb və azad mətbuata qarşı hücumlar edən şəxslərin cəzasızlığına diqqəti cəlb edib. Miyatoviç Ilham Əliyevə məktubunda təəssüflə bildirib ki, bu vaxta qədər azad mətubatın qorunmasıyla bağlı demək olar ki, heç bir iş görülməyib. Rasim Əliyevlə bağlı sonuncu faciəli hadisə bu qorxulu vəziyyətin aradan qaldırılması üçün ciddi addımların atılmasını tələb edir.

ATƏT-in mətbuat üzrə nümayəndəsi daha sonra Xədicə Ismaylıovanın, Rəsul Cəfərovun, Seymur Həzinin, Ömər Məmmədovun, Əbdül Əbilovun, Pərviz Həşimlinin, Nicat Əliyevin, Rəşad Ramazanovun hələ də ən müxtəlif ittihamlarla həbsxanada saxlanılmasını qeyd edir.

Dünya Miyatoviç məktubunda daha sonra bildirir ki, Elmar Hüseynovun qətlinin təqsirkarları hələ də azadlıqdadır. “Eyni fikirləri Rafiq Tağının qətliylə bağlı da deyə bilərik”,- deyə o, qeyd edib.

ATƏT-in mətbuat nümayəndəsi Azərbaycan hakimiyyətinə mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi sahəsində hər cür dəstək verməyə hazır olduğunu bildirib.

10 artıq beynəlxalq təşkilatdan Rasim Əliyevin öldürülməsinə reaksiya

Sərhədsiz reportyorlar” Azərbaycan hakimiyyətini Rasim Əliyevin ölümünün araşdırılması üçün hər şeyi etməyə çağırıb. Rasim son 10 ildə Elmar Hüseynov, Alim Kazımlı, Rafiq Tağıdan sonra Azərbaycanda öldürülən dördüncü jurnalistdir:ÿ"Rasim Əliyevin öldürülməsi ölkədə uzun illər ərzində yüksək vəzifəli məmurlar tərəfindən yaradılan dözümsüzluk və cəzasızlıq şəraitinin nəticəsidir.

Hökumət məmurları tənqidçi jurnalistləri düşmən və xəyanətkar adlandırırsa, jurnalistlərə hücumlar cəzasız qalırsa bu cür faciələrin baş verməsinə təəccüblənmək lazım deyil.

Azərbaycan hakimiyyəti bu ölümü siyasiləşdirməməyə çağırıb, cinayətin üstünün açılacağını vəd edib. Sonradan Prezidet Administrasiyasının nümayəndəsi, müstəqil KIV-i dəfələrlə ittiham edən Əli Həsənov birdən bəyan edib ki, baş verənlər demokratiyaya təhlükədir və ölkə prezidenti KIV azadlığını dövlətin əsas prioritetlərindən biri hesab edir.

Demokratik dəyərlər haqqında bu fikirlərÿ gülüş doğurur, amma təəssüf ki, bu bəyanatın verilməsinəÿ ciddi səbəb var. Əgər prezident onun ciddi qəbul edilməsini istəyirsə KIV-ə və vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalara son qoymalıdır".

Hüquqlar naminə idman” (Sport For Rights) koalisiyası da Rasim Əliyevin döyülərək öldürülməsini pisləyib.

Biz Rasim Əliyevin ölümündən çox sarsılmışıq”. Bunu isə Index Censorship-in nümayəndəsi Melodiya Patru bildirib.

Rasimə hücum Azərbaycanda KIV və vətəndaş cəmiyyəti ətrafında vəziyyətin pisləşməsi şəraitində baş verib”, – deyə o, qeyd edib.

Hakimiyyətin tənqidin və özgəfikirliliyin bütün formalarını susdurmaq cəhdlərinə digər sübut kimi hüquq müdafiəçiləri Leyla və Arif Yunusların, jurnalist Xədicə Ismayılovanın məhkəməsini göstərmək olar. Onlar siyasi ittihamlara mühakimə edilirlər”. Bu fikirlər isə FIDH prezidenti Suer Belhassenə məxsusdur.

Koalisiya ölkədə insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması üzrə konkret tədbirlərin görülməsinə, siyasi məhbusların azad edilməsinə çağırır.

Həmçinin koalisiya beynəlxalq birliyi Azərbaycanda durumu diqqət mərkəzində saxlamağa çağırır.

Bəyanatı 10-dan artıq beynəlxalq təşkilat imzalayıb.