Rasimin qətlinə dair

elnurastanbeyli@gmail.com

– “Idmanın inkişafı Azərbaycanda sürətlidi, hərtərəflidi və indi dünyada Azərbaycan idman ölkəsi kimi tanınır” (Ilham Əliyev, 19.07.2013, sportnews.az).

***

– “Rusiyanın Sankt-Peterburq şəhərində qaydasız döyüşçü Freyzer ləqəbli Ivan Staninin qətlində şübhəli bilinən azərbaycanlı idmançı Eldar Musayev həbs olunub” (27 iyun 2015, fanat.az);

– “Tanınmış məşqçi Kamil Zeynalov yol polisi tərəfindən saxlanılıb. Idmançı Bakı Şəhər Baş Polis Idarəsinin müvəqqəti saxlama təcridxanasındadır. Onun saxlanmasına səbəb yol polisi ilə mübahisə edərək əl qaldırması olub” (1 avqust, 2014, anspress);

– “Boksçu, Olimpiadanın bürünc medalçısı Vüqar Ələkbərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Idmançı iş adamı, ”Inşaatçı-E" MMC-nin təsisçisi Kənan Quliyevdən zor tətbiq etməklə “Toyota” markalı avtomobilini və hədələyərək 10 min dollar tələb etməkdə təqsirləndirilib (2008, lent.az);

– “Jurnalist Fərahim Ilqaroğlunun döyülməsini sifariş edən Tural Bayramov K-1 döyüş növü (”qaydasız döyüş") üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən T.Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb" (may, 2014, musavat.com);

– “Bakıda mənzildən, həyətyanı sahələrdən oğurluq edən 3 nəfərdən ibarət dəstənin üzvləri həbs ediliblər. Dəstə üzvü Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Şirinova ağır çəkidə cüdo üzrə Sumqayıt şəhər çempionudur” (04.02.2015, fanat.az);

– “Bu ilin avqust ayında IŞID terror təşkilatına qoşulan azərbaycanlı peşəkar güləşçi Rəşad Baxşəliyev Suriyada gedən döyüşlərdə həlak olub” (16.10.2014, azadliq.info);

– “Azərbaycanın cüdo üzrə millisi aprelin 22-də Yaponiyadan qayıdıb. Millimiz ”gündoğar ölkə"də təlim-məşq toplanışında olub. Komandamız yapon cüdoçularla birgə məşq edib. Ancaq Azərbaycan millisi Yaponiyadan vaxtından əvvəl qayıdıb. Daha doğrusu, millimizi Yaponiyadan deportasiya ediblər. Səbəb isə milli üzvlərinin mağazadan oğurluq etməsidi. Belə ki, millinin üzvləri – Mehman Sadıqovla Qurban Qurbanov bu ölkənin ticarət mərkəzlərindən birində alış-veriş edərkən oğurluq ediblər. Polis azərbaycanlı idmançıları həbs edib. Nəticədə millimiz tam tərkibdə Yaponiyadan deportasiya olunub" (24.05.2015, komanda.az);

– “Bakıda ağır qətl törədən Azərbaycan çempionu həbs edilib. 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirən Müseyib Cəfərov cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibidir” (19 yanvar, 2012, milli.az);

– “Rusiyanın paytaxtı Moskva şəhərində uşu-sanda üzrə ikiqat dünya çempionuolan azərbaycanlı Canpolad Budaqov saxlanılıb. Çempion Samara şəhərində polis işçisini öldürməkdə şübhəli bilinir. Saxlanıldıqdan sonra Canpolad Budaqov qətli törətdiyini etiraf edib” (19 oktyabr, 2011, anspress);

– “Bakıda həvəskar boks üzrə ikiqat Azərbaycan çempionu həbs edilib. Yasamal Rayon Polis Idarəsindən (RPI) APA TV -yə verilən məlumata görə, 1980-ci il təvəllüdlü Süleyman Eyvazovun üzərindən tiryək aşkarlanıb” (02.09.2015, sport7.az);

– “Futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyülən jurnalist Rasim Əliyev xəstəxanada dünyasını dəyişib” (08.09.2015)…

***

Klişeləşmiş bir deyim var: “Sağlam bədəndə sağlam ruh olar”.

Amma Azərbaycan təcrübəsi zaman-zaman bizə göstərir ki, təhsilin başına daş salındığı, bəşəri dəyərlərin düşmən elan olunduğu, elmin, mədəniyyətin sıradan çıxarıldığı, beynin biləyə, əqlin əzələyə, zəkanın zopaya məğlub etdirildiyi ölkədə sağlam bədəndə sağlam yox, xəstə ruh ola bilər. Idmançı adı altında olsa-olsa. qoçular, qoluzorlular yetişər.

Istisnalar əlbəttə, mümkündür, amma bu qaydanı dəyişmir.

***

Onu da unutmuruq ki, Rasimi həm də ölkədəki cəzasızlıq mühiti – Elmarın, Rafiq Tağının qatillərinin, qətlinin sifarişçilərinin azadlıqda əlini-qolunu sallayaraq gəzməsi öldürdü.

Bu cəzasızlıq davam etdikcə isə açıq qalan bir sual var: “Növbədə kimdir?”