“PKK-nı kürd problemi kimi qələmə verirlər”

Eldar Namazov: «Çalışıram ki, İctimai Palatanın addımlarına dəstək verim»

«Azərbaycan korrupsiyaya görə elə bir səviyyəyə çatıb ki, burada çox sərt cərrahiyyə əməliyyatlarına ehtiyac var»

Son günlər Qarabağ münaqişəsinin nizamlanması, Türkiyə-Azərbaycan münasibətləri və PKK problemilə əlaqədar müzakirələr intensivləşib. Həm bu, həm də digər aktual məsələlər ətrafında politoloq Eldar Namazovla söhbətləşmək qərarına gəldik.

Əvvəli ötən sayımızda

– Vaxtilə Ərdoğan Azərbaycan hökumətinə PKK ilə bağlı siyahı təqdim etmişdi. Ancaq hakimiyyətdən səs çıxmadı. Lakin bir baş redaktorun mətbuat konfransına reaksiya daha sərt oldu. Sizcə, Türk dövləti olaraq Azərbaycan PKK ilə bağlı mənəvi və siyasi öhdəliklərini yerinə yetirə bilirmi?
– Bu, çox ciddi məsələdir. Burada bir neçə vacib amilləri, Azərbaycan-Türkiyə strateji münasibətlərini nəzərə almaq lazımdır. Həqiqətən də Yer kürəsində bizə Türkiyədən yaxın dövlət yoxdur. Bir millət, iki dövlət – bu, yalançı şüar deyil. Hakimiyyətlərin apardığı siyasətdən, Bakıda və Ankarada hansı partiyaların hakimiyyətdə olmasından asılı olmayaraq, bu münasibətlərə heç kim xələl gətirə bilməyəcək. Baxmayaraq ki, belə cəhdlər oldu. Səhvənmi, bilərəkdənmi -ikitərəfli münasibətlərə kölgə salmaq cəhdləri olmuşdu. Hansısa müddətdə buna müvəffəq olmuşdular da. Ancaq sonra həm Azərbaycan, həm də Türkiyənin təpkisi nəticəsində belə hallar aradan qaldırıldı. Ona görə təhlükəsizlik məsələlərində Türkiyənin milli maraqlarını həmişə nəzərə almalıyıq. Bu mənada Azərbaycanın Türkiyəyə münasibəti bu prinsipin əsasında formalaşmalıdır.
Məsələnin ikinci tərəfi də var. Azərbaycanın daxilində həmişə bizə doğma olan, bir ailə kimi yaşayan xalqlar olub, onların arasında kürdlər də var. Heç vaxt Azərbaycanda kürdlərlə bağlı problem olmayıb. Biz istəyirik ki, bundan sonra milli azlıqlar rahat yaşasın və hamı Azərbaycan vətəndaşı kimi eyni hüquqa, hörmətə malik olsun. Bu mənada bəzən bu iki məsələni mətbuatda qarışdırırlar. Hər bir PKK problemini kürd problemi kimi qələmə verirlər. Ya da kürd əsilli adamın dediklərini PKK-ya bağlayırlar. Bunları ciddi şəkildə ayırmaq lazımdır. Konkret bir təşkilat var və bu, silahlı yolla Türkiyənin ərazi bütövlüyünə qəsd edir, terror aktları həyata keçirir. Bu təşkilata Azərbaycan dövləti tərəfindən münasibət birmənalı olmalıdır. Bu, açıq ifadə olunmalıdır. Azərbaycanda çoxmillətli cəmiyyət var, hamı bir ailə kimi yaşayır. Hamı bərabər hüquqludur. Bundan sonra da belə davam etməlidir.

– Azərbaycanda çirkli yolla pul qazanan dövlət məmurlarının ofşor zonalardan istifadə etmələri halı artıb. Sizcə, bu, dünyada baş verən proseslərin nəticəsidir, yoxsa çıxış yoludur?
– Adətən, Azərbaycan məmurları deyir ki, hər bir ölkədə korrupsiya var. Təbii ki, bu, “gözdən pərdə asmaqdan” başqa bir şey deyil. Azərbaycan vətəndaşı bundan çox əziyyət çəkir. Ölkə iqtisadiyyatına ən böyük təhlükə böyük korrupsiya sistemindən gəlir. Düzdür, başqa ölkələrdə də korrupsiya halları olur. Amma elə ölkələr də var ki, orada korrupsiya dövlət siyasətinin aparıcı elementinə çevrilib. Bu, artıq siyasi amillərlə bağlıdır. Məmurların işə götürülməsi, fəaliyyəti onların şəxsi keyfiyyətilə bağlı olmur, rəhbərlik etdiyi sahənin inkişafıyla qiymətləndirilmir. Onlar korrupsiya sisteminin içinə girirlər. Onların vəzifəsi də korrupsiya sisteminin elementinə çevrilmək və bu sistemdə öz üzərinə düşən funksiyanı yerinə yetirməkdir. Bu, artıq dövləti məhvə aparan xərçəng xəstəliyidir. Onu vaxtında müalicə etməyə başlayanda daha asan olur. Vaxtında müalicə etməsən, mütləq cərrahiyyə əməliyyatı keçirmək lazımdır. Azərbaycan korrupsiya problemində elə bir səviyyəyə çatıb ki, burada çox sərt cərrahiyyə əməliyyatlarının keçirilməsinə ehtiyac var.

– Adətən, diktatorlar, avtoritarlar çirkli pulları yaxın adamlarının adıyla yuyurdular. Amma indi məlum olur ki, oliqarxlar, dövlət başçısı sərvətləri övladlarının adlarına rəsmiləşdirirlər. Sizcə, bu, nədən qaynaqlanır: yaxın ətrafa etibarsızlıqdan, yoxsa, meydan oxumaq niyyətindən?
– Ən yüksək səviyyədən tutmuş, hansısa nazir səviyyəsinə qədər artıq belə faktlar açıqlanır. Bu yaxınlarda Beynəlxalq Avtovağzal Kompleksilə bağlı məlumatlar üzə çıxdı. Məlum oldu ki, kompleksin sifariş verilməsindən tutmuş, tikilməsi, kimin adına rəsmiləşdirilməsinə qədər bütün məsələlər bir ailənin içində həll olunub. Bunun səbəbini yalnız siyasətdə axtarsaq, onda sual meydana gələr ki, niyə başqa ölkələrdə belə deyil. Hər halda hamı çalışır ki, bunu ört-basdır etsin. Ola bilsin ki, burada daha çox psixoloji amillər hansısa rol oynayır. Həddən artıq arxayınlıq, təcrübəsizlik amilini də qeyd etmək lazımdır.
Azərbaycanda son 5-6 ildə, hətta avtoritar rejimlərin çoxlarına da xas olmayan hadisələr baş verdi. Təəccüb edirsən ki, nəyə görə belə addımlar atılır? Xeyli avtoritar rejimlər görmüşük. Elələri olub ki, hətta tarix onlara müəyyən mənada bəraət də qazandırıb.

– Islamçıları da nəzərə alsaq, son bir neçə ayda həbs olunmuş 20-yə yaxın siyasi məhbus var. Bununla belə, cəmiyyətdə fikir formalaşıb ki, artıq hakimiyyət əvvəlki kimi qorxu yarada bilmir. Sizcə, Azərbaycan cəmiyyətinin pessimizm limiti bitib?
– Deməzdim ki, artıq pessimizm limiti bitib. Hər halda, siyasi məhbusların müdafiəsi kampaniyasında iştirak edirəm. Bu məsələdə Azərbaycan cəmiyyətində vahid fikir var. Ziyalılar, partiyalar da bunu ifadə edirlər ki, siyasi həbslərə son qoymaq lazımdır. Ancaq cəmiyyətdə pessimizmin aradan qaldırılması məsələsində vəziyyət daha mürəkkəbdir. Ərəb dünyasında baş verən proseslər Azərbaycana da çox ciddi təsir edib. Əminəm ki, Azərbaycan xalqının seçimi, cəmiyyətin mövqeyi gec-tez hakimiyyəti siyasi dəyişikliklərə məcbur edəcək. Bunun hansı formada olacağı isə başqa məsələdir. Bir neçə ssenari və variantlar var. Əminəm ki, Azərbaycan cəmiyyətini uzun müddət orta əsrlər modeli ilə idarə etmək mümkün olmayacaq. Azərbaycan xalqı müsəlman, Şərq xalqları arasında ən yüksək pillədə dayananlardan biridir. Tarixən də belə olub. Azərbaycan xalqı ən modern təfəkkürə malik xalqdır. Ona görə də bu məsələdə həqiqətən də nikbinəm. Bu məsələdə pessimist fikirləri aradan qaldırmaq istəyirəm.
Ancaq Azərbaycan cəmiyyətində inamsızlıq sindromu yaranıb. Bunu da açıq etiraf etməliyik. Hətta “icazəli” mitinqlərə gələnlərin də sayı azalıb. Seçkilərdə də əhalinin fəallığı zəif oldu. Bu da inamsızlıq sindromuyla bağlıdır. Belə bir sual da yarana bilər ki, inamsızlıq yalnız xofdan irəli gəlir, yoxsa siyasətçilərin də hansısa səhvi var?
Azərbaycan cəmiyyətində sosial sifariş vardı ki, müxalifət partiyaları bir araya gəlsin. Bu, vaxtında reallaşmadı. Üçüncü qüvvə ilə bağlı sosial sifariş var idi. Bu da ondan irəli gəlirdi ki, hakimiyyətlə müxalifət çox kəskin şəkildə bir-birinə qarşı gedirdi. Cəmiyyətin bir hissəsi hesab edirdi ki, ortaya üçüncü qüvvə də girməlidir. O qüvvə də demokratik olmalıdır. Bu kəskin münasibətlərdə balans yaratmalı, hətta güclərin balansını dəyişməlidir. Çünki radikal mübarizəyə qoşulmayan, ancaq demokratiyanı dəstəkləyən təbəqə var idi. Onların mövqeyindən istifadə etmək həm güclərin balansını dəyişə, həm də cəmiyyətin fəallaşmasına səbəb ola bilərdi. Bu sosial sifariş də ötən 10 ildə reallaşa bilmədi.
Indiki halda da sosial sifariş yenidən formalaşır. Artıq cəmiyyətdə partiyaların bir araya gəlməsi kimi sosial sifariş görmürəm. Hər halda maraqlı eksperiment oldu. 2010-cu il parlament seçkilərindən öncə AXCP və Müsavat partiyasının birləşməsi ideyası meydana gəldi. Bu ideya böyük dəstək qazandı. Üç-dörd ay müəyyən bir kampaniya aparıldı. Amma seçkidə fəallığın aşağı olması göstərdi ki, bu da elektorata böyük təsir etmədi. Ona görə də seçkidən sonra bu məsələ müəyyən mənada gündəmdən çıxdı. Belə bir şüar irəli sürüldü ki, “bir üstə gəl bir, gərək iki olsun”. Əgər bir olsa, onda bu prosesin mənfi tərəfləri müsbət tərəflərindən daha çoxdur.

– Birlik məsələsində Sizin mövqeyinizi bilmək maraqlıdır. Sizcə, zəruri olan adamların və təşkilatların ideya və enerjisini qarşılıqlı paylaşması daha doğru olardı, yoxsa “hamı bir yerdədir və heç kim qərara gələ bilmir” formatında birlik yaratmaq?
– Çalışıram ki, Ictimai Palatanın addımlarına dəstək verim. Eyni zamanda, onun içində gedən diskussiyalara qatılmamağa çalışıram. Hesab edirəm ki, o quruma daxil olan adamların özləri diskussiyalar aparıb, müəyyən qərarlar verməlidir. Buna ümimi şəkildə qiymət vermək istəyirəm.
Hərçənd maraqlı tərəfəm, istəyirəm ki, Azərbaycanda demokratik düşərgə, partiyaların və ictimai birliklərin yaratdığı koalisiyalar güclü olsun. Yəni, məqsəd ümumidir – istəyirik ki, Azərbaycanda avtoritarizmə son qoyulsun, ölkə demokratiya yolu ilə getsin. Adətən hansısa prosesə qiymət verəndə nəzərə almaq lazımdır ki, hədəf nə idi, məqsəd nə idi. Çünki hədəfdən çox şey asılıdır. Ictimai Palatanın fəaliyyətinə qiymət verəndə hədəfin nə olduğunu müəyyənləşdirmək lazımdır. Əgər hədəf Azərbaycanda insan haqları, sərbəst toplaşmaq azadlığının pozulmasına dünyanın diqqətini cəlb etmək, demokratiya uğrunda mübarizə aparan təşkilatların məhvini aradan qaldırmaq idisə, hədəfə çatıblar. Əgər hədəf ərəb dalğasından istifadə edərək Azərbaycanda da böyük güc formalaşdırıb hakimiyyətə alternativ qüvvə yaratmaq idisə, hələlik bu hədəfə çatılmayıb.
Məni burada ən çox narahat edən məsələ odur ki, üç aksiyada iştirakçıların sayı azalan xətlə gedirdi.
Ictimai Palatanın hədəfləri çoxdur. Ona görə də cəmiyyətdə hədəflə bağlı müxtəlif fikirlər səslənir. Hətta Ictimai Palata üzvlərinin bəziləri deyir ki, bizim hədəfimiz demokratik islahatlar, vəziyyətin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bəziləri hədəfi daha böyük götürürlər. Mitinqə “Istefa!” və başqa şüarlarla çıxırlar. Ona görə də həm Ictimai Palatanı çox yüksək qiymətləndirənlərin, həm də nöqsanlar görənlərin sözlərində müəyyən həqiqət var.
Vacibi odur ki, Ictimai Palatanın gələcək fəaliyyətilə bağlı aydın strategiyası olsun. “Yol xəritəsi”ndə də iki məsələ bir-birinə qarışıb. Bizim 7 addım sənədimizdə kimin hakimiyyətdə olması məsələsinə, ümumiyyətlə, toxunulmayıb. Biz ona toxunuruq ki, Azərbaycan hansı yolla daha ağrısız inkişaf edə bilər. Bunu kimin edəcəyi həmin sənədin hədəfi deyil. Bunu daha məqbul variant hesab edirik. Bu varianta hər kəs dəstək verə bilər, daha geniş auditoriya üçün nəzərdə tutulan yanaşmadır.
Ictimai Palatanın sənədində isə demokratiyaya doğru “Yol xəritəsi” də var, hakimiyyətin bölüşdürülməsi prinsipi də. Bu, artıq hakimiyyətə gəlmək istəyən siyasi qüvvənin hədəfidir. Demokratik islahatlar paketi isə islahatların hədəfidir. Ona görə Ictimai Palatanı müdafiə edənlər deyir ki, bu qurum hakimiyyəti bəzi məsələlərdə geri oturtdu, dünya ictimaiyyətinin diqqətini ölkəyə cəlb etdi.
Tənqid edənlərin hədəfi daha böyükdür. Onların fikrincə, elə bir güc formalaşdırmaq lazımdır ki, on minlərlə adam meydana çıxsın və hakimiyyət məsələsinin həllində də əsas güc mərkəzinə çevrilsin. Bu baxımdan nə Ictimai Palatanı tənqid atəşinə tutanların fikirlərini bölüşürəm, nə də “hər şey əladır” deyənlərin. Həqiqət də həmişə olduğu kimi, nisbidir.

Fizzə Heydərli,
Seymur Həzi