Nuranə Süleymanzadə Təbii hüquq (natural right) deyilən bir anlayış mövcuddur. Təbii hüquqlar, dövlətin tanıyıb-tanımamasından asılı olmayaraq özü-özünə var olan bir hüquqdur. Fransız inqilabının məhsulu olan 1789-cu il tarixli “İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi” ndə də təbii hüquqlar tənzimlənmişdir. Gəlin, ölkəmizə diqqət yetirək. Azərbaycan dövlətinin konkret hüquqa qarşı hansı mövqedə durduğunu nəzərdən keçirsək görərik ki, mövqeləri birmənalı şəkildə sərtdir. Özümüzə sual edək – dövlət konkret hüququ təmin etmək üçün hərəkətsiz qalıb müdaxilə etməməli (qarışmamalı), yoxsa tam tərsinə, hüququ təmin etmək üçün nəsə etməlidir? Azadlıq hüququ, ya da söz azadlığı baxımından dövlət müdaxilə etməməlidir, sizə qarışmamalıdır, onun məmuru gəlib sizin qapınızı döyməməlidir. Bunu birdəfəlik bilmək lazımdır. Yox, bilmək də kifayət etmir, siz, bunu dərk etməlisiniz. İnsan hüquqlarında deyilir: "Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüqüna malikdir!"
Biz doğulandan bizə mənsub olan hüquqlarımız var. Hansıki, bunu milli qanunvericilik, konstitusiya müəyyən etmir, həmçinin də, heç bir qanun bu haqqlarımızı məhdudlaşdıra bilməz. Bu huquqlar insan deyilən varlığın həyatdakı ən təbii hüququdur. Hansıki, bu gün biz bu hüquqlarımızdan məhrum edilmişik. Məsələn, "yaşamaq hüququ"muz. Yaşamaq hüququna hörmət
edən dövlət öz məmurları tərəfindən vətəndaşın həyatına qəsd etməməlidir. Amma hazırda ölkəmizdə məmurların, dövlətin yuxarı strukturlarında təmsil olunanların insani cinayətlərini, vətəndaşların törətdiyi cinayətlərlə müqayisə etsək, milyonlarla vətəndaş minlərlə məmurun yanında "toya getməli" olar. Məsələn, mətbuat azadlığından istifadə etdiyi üçün yaşadığı binanın blokundaca güllələnərək öldürülən jurnalistimiz Elmar Hüseynovu, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan və 4 gün sonra müalicə olunduğu xəstəxanada müəmmalı şəkildə vəfat edən yazıçı Rafiq Tağını, döyülərək ağır bədən xəsarətləri aldığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasında vəfat edən Rasim Əliyevi fakt olaraq misal çəkmək yerinə düşər. Ardınca gəlir söz, fikir və ifadə azadlıqları. Bu gün hamıya məlumdur ki, heç bir Azərbaycan vətəndaşı Prezident Aparatının qarşısında nəinki prezidenti, hansısa məmuru belə çıxıb tənqid edə bilməz. Gecəylə məhkəmə şousu hazırlayıb, ən yaxşı halda15-20 sutka, ən pis halda isə narkotiklə, qanunsuz silah daşımaqda ittiham edərək, 5-ildən 10 ilədək həbs edərlər. Mətbuat vasitəsilə hakim ailəni tənqid etdiyinə , bu ailənin qanunsuz yollarla əldə etdiyi var-dövləti üzə çıxardığına görə Xədicə İsmayılı, ölkə başçısını tənqid etdiyinə görə "Azərbaycan Saatı" verlişinin aparıcısı, "Azadlıq" qəzetinin yazarı Seymur Hezini şərləyərək həbsə atıblar. Qələm adamlarının ölkədən didərign salındığı, yaxınları ilə şantaj edildiyi bir ölkədə söz azadlığının qorunduğunu necə iddia etmək olar?
Ağzımızı açıb haqqı dediyimiz üçün yaşamaq hüququmuz əlimizdın alınır, bundan yüksək alına biləcək hüququmuz qaldımı ki, biz hələ də susuruq?! Hüquq, vətəndaşın ləyaqətidir və buna görə də öz hüquqlarınızı heç kimə güzəştə getməyin.


