Bədbəxtlik növbəsi hər birimizə çatmadan, Vətəndaş olmağa tələsmək lazımdır!
Ölkədə hüquq sistemi elə məhv edilib ki, hakimiyyətlə yaxın əlaqələri, yaxud sadəcə çoxlu pulu olan istənilən şəxs sadə adamları döyüb, maşınla vurub, öldürə və qanını batıra bilir. Çox dəhşətlidir, amma reallıqdır. Bu baxımdan jurnalist Rasim Əliyevin qanının tam batırıla bilməməsi, cinayətkarlardan birinin həbs olunması onun jurnalist dostlarının, sosial şəbəkə fəallarının, bütövlükdə cəmiyyətin çox kiçik də olsa, təsəllisidir.
Rasim Əliyevi vəhşicəsinə döymüş şəxslər qudurğanlıq ediblər, ölkədəki cəzasızlıq mühitindən sui-istifadə edərək ağır cinayət törədiblər və şübhəsiz ki, qanuni cəzalarını almalıdırlar. Bununla belə biz cəmiyyət olaraq, axıra qədər obyektiv olmalıyıq. Rasimin döyüldükdən sonra verdiyi müsahibəyə baxın. Onun vəziyyəti ölümcül olmayıb. Onu xilas etmək mümkün idi, Rasim ölməyə bilərdi. Jurnalistin əsl qatili səhiyyə sistemi olub. O səhiyyə sistemi ki, pulu, sahibi olmayan xəstəyə ölsə də yaxın durmur, əməliyyat etmir. O səhiyyə sistemi ki, müayinələri, dərmanları, cərrahi əməliyyatları elə bahalıdır ki, 100 minlərlə xəstə müalicə olunmaq üçün qonşu ölkələrə üz tutur, daha imkansız xəstələr isə sakitcə ölümlərini gözləyirlər. İnsan həyatının keşiyində durmalı olan səhiyyə sistemi hazırda insan həyatını ən çox məhv edən instituta çevrilib.
Dostlar, Rasimin ölümünə görə bir və ya bir neçə nəfər icraçının həbs olunması çox şeyi dəyişməyəcək. Ölkədəki qudurğanlıq, özbaşınalıq, cəzasızlıq mühüti durdurulmasa, cinayətkar səhiyyə sistemi (diqqət edin, söhbət həkimlərdən yox, səhiyyə sistemindən – idarəetmədən gedir) köklü islahata məcbur edilməsə, təəssüf ki, hələ çox analar, atalar, nişanlılar, bacılar, qardaşlar, övladlar gözü yaşlı qalacaq. Bədbəxtlik növbəsi hər birimizə çatmadan, Vətəndaş olmağa tələsmək lazımdır!



