
Şimdi yahu bu tühaf işlərə vicdan nə deyir?
Əql nə hökm ediyor, ya buna irfan nə deyir?
Hərə Qurana verir istədiyi mənanı,
Aç, oxu, bunlara gör həzrəti-Quran nə deyir?
və yaxud
Əşhədü billahi -əliyyül əzim,
Sahibi imanəm, a şirvanlılar!
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanam, a şirvanlılar!
Şiəyəm əmma nə bu əşkaldən,
Sünniyəm, əmma nə bu əmsaldən,
Sufiyəm əmma nə bu əbdaldan,
Həqq sevən insanəm, a şirvanlılar!
Qaili-Quranəm, a şirvanlılar!”
Çıxışına bu sözlərlə başlayan tanınmış ilahiyyatçı-alim, Quranın ana dilimizdə tərcüməsinin ilk müəlliflərindən biri Nəriman Qasımoğlu Şamaxıda yerli ziyalılar və dini icma rəhbərləri qarşısında etdiyi məruzədə müasir azərbaycan didarlığının ən aktual məsələlərinin Sabir irisində hələ 100 ildən çox əvvəl necə əks-səda tapdığına dair xeyli nümunələr səsləndirib.
Natiq Sabir dindarlığına dair onun poeziyasında, publisistik yazılarından, eləcə də məktublarından dəlillər gətirərək qeyd edib ki, Sabir poeziyası indinin özündə belə dinimizi siyasi alətə çevirmək istəyənlərin, müxtəlif təriqət dəyərlərini yayanların əməllərinə güzgü tutur, insanları din nağılları, din əfsanələri, din hədisləri kimi qələmə verilən mövhumatşı ədəbiyyatdan kənar olmağa, dinimizin mahiyyətindən gələn işığa, bu işığın ana qaynağı Qurana üz tutmağa çağırır. “Sabirin bu mənada Azərbaycan dindarlığına verdiyi töhfə əvəzsizdir, bu gün dindarlığımız ölkəmizdəki multikultural mühitdə tolerantlığı, özgəfikirliliyə dözümlülüyü, başqa din ardıcıllarına mehriban münasibətilə dünyaya fərqli bir model təqdim edirsə, bunda böyük ədimizin, onun fikir həmkarları C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli və b.-nın əvəzsiz tarixi xidmətləri olub” deyə N.Qasımoğlu iştirakçıların diqqətini milli bədii irsimizin nümunəvi qaynaqlarının əhəmiyyətinə cəlb edib.
Məruzədən sonra tədbir iştirakçıları mövzu ətrafında maraqlı müzakirədə fəal iştirak ediblər. Onlar bu fikri bölüşüblər ki, Sabirin islahatçılığı dinimizi öz mahiyyətinə qaytarmaq uğrundadır. Mahiyyətə, təktanrılığa qayıdışın yolları ilk növbədə elm və maarifdən keçir. Söhbət təkcə ənənəvi qaydada din biliklərinin toplum tərəfindən mənimsənilməsindən getmir. Dində islahatçılıq məsələsinə dünyəvi dediyimiz elmlərin təsir imkanları böyükdür. Və o mənada böyükdür ki, bir çox ilahi hikmətlərin, eləcə də Quran həqiqətlərinin doğru-dürüst açıqlanması vacib elmi səviyyə tələb edir.
Müzakirədə N. Qasımoğlu M.Ə.Sabirin 1907-ci ildə yazdığı «Zaman nə istəyir?» məqaləsindən də söz açıb. Bu yazısında o, «Məktəb, yenə məktəb!» deyə car çəkirdi öz mühitinə. Özü də din əleyhdarı qiyafəsində bir maarifçi deyil, məhz din təəssübkeşi olan bir maarifçi kimi: «Hər şəhərdə, bacardıqca hər kənddə iştiyaq ilə, ittifaq ilə məktəb açmalı, məktəbi-islamiyyə açmalı; islamın o məsum balalarının saf qəlblərini islamiyyət nurilə tənvir etdikdən (nurlandırdıqdan) sonra əcnəbi dillərini də nə qədər oxunur-oxunsun, oxutmalı; övladi vətəni tərəqqiyə, mədəniyyətə isal etdirməli (çatdırmalı), islamiyyət ilə tərəqqiyə isal etməli; əcnəbi tərəqqisinə islamiyyə tərəqqisi demək olmaz; islam özü tərəqqi etməli, bununçün də çalışmalı!». İslamın tərəqqisi naminə o, ilk növbədə «qavaidi-diniyyənin», yəni din qaydalarının xalqın anladığı bir dildə, yəni məhz ana dilində tədrisi və mənimsənilməsi fikrini önə çəkirdi. Şübhəsiz, Sabirin vurğulamaq istədiyi bu idi ki, din ayinlərində, gündəlik ibadətlərdə işlənən dil milli dil olmalıdır. Şerlərinin birində Sabir dindarlar üçün mənası anlaşılmayan sözlərin dilə gətirilməsini Tanrıya ibadət işində haqlı olaraq nöqsan sayırdı:
Aç dilini, yum gözünü, zahida,
Vird oxu, heç anlama mənasını!
Baxma bir ibrətlə bütün aləmə,
Görmə həqqin nuri-təcəllasını!.
Şamaxıdakı keçən bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyinin “Azərbaycan dövlətçiliyinin təbliği ilə bağlı səyyar maarifçilik tədbirlərinin təşkili” layihəsi çərçivəsində reallaşıb. Tədbirin aparıcısı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəhim Rəhimli olub.