elnurastanbeyli@gmail.com
Şərhsiz
Ilham Əliyev: “Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə, yeni qaz mənbəyi olacaq” (16 fevral 2015).
Ilham Əliyev: “Azərbaycanın zəngin neft-qaz resursları və cəsarətli siyasəti Avropanın enerji xəritəsini yenidən tərtib edir ” (2 iyun 2015-ci il).
Ilham Əliyev: “Biz nefti və qazı bir kənara qoymalı, ümumiyyətlə, onları unutmalıyıq” (8 avqust, 2015-ci il).
***
Korrupsiyanın romantikası
Rəsmi məlumata görə, “regionların inkişafı” ilə bağlı 2009-cu ildə elan edilən və 2013-cü ildə başa çatan “dövlət proqramı”nın icrasına, siz allah bağışlayın, adam da utanır deməyə, heç zad, qəpik-quruş – cəmi-cümlətanı 51 milyard manatcığaz xərclənib.
Amma hələ də kənddə bir azca külək əsən kimi o saat hamı əl-ayağa düşür:
– Işıq sönməmiş baxın görün şam hardadır?
Şamı tapırıq, yandırırıq, onun işığında korrupsiya daha da cazibədar görünür. Adam oturub hətta onunla romantik söhbətlər eləmək istəyir.
***
Sokrat həqiqəti
“Mən bilirəm, ağlayıb gözümün qorasını sıxsam, sizin üçün xoş olar. Amma nə mənə, nə də başqalarına yaraşmaz ki, ölümdən ləyaqətsiz yolla qaçaq. Bütün təhlükələr zamanı ölümdən çıxış yolu var, əgər özünə hörmət etməsən. Şərdən qaçmaq ölümdən qaçmaqdan daha çətindir. Şər ölümdən daha cəlddir və adamı daha tez yaxalayır. Mən dünyaya bir də gəlsəydim, yenə bu cür davranardım…” (Sokratın son sözündən).
***
Ən bədbəxt ölkə
Yalanın adiləşdiyi, yalanın norma kimi qəbul edildiyi, yalanın düşüncə və davranış tərzinə çevrildiyi, karyera qurmaq, ailə saxlamaq üçün yalan danışmağın məqbul sayıldığı, yalansız yaşamağın isə fərsizlik, fərasətsizlik, Don Kixotluq hesab olunduğu bir ölkəyə bundan daha ağır, bundan daha qorxunc, bundan daha dəhşətli bir faciə üz verə bilməz.
Hətta atom bombası atılması belə!..
***
Lətifə
Psixiatr xəstəyə:
– Siz nə vaxt hiss etdiniz ki, Rüstəm Behrudinin şeirlərindən zövq almağa başlamısınız?
***
Ikiüzlü ataların sözləri
– Həm “Dama-dama göl olar” deyiblər, həm də deyiblər “Quyuya su tökməklə quyu dolmaz”.
– Həm deyiblər, “Öyrənməyin yaşı yoxdu”, həm də “Qırxında öyrənən gorunda çalar” deyiblər.
– Həm “Artıq tamah baş yarar” deyiblər, həm də deyiblər “çox pul cib deşməz”.
– Həm “Ən yaxşı biclik düzlükdür” deyiblər, həm də deyiblər, “düz düzdə qalar”.
– “Qız yükü, duz yükü” deyən də onlardır, “qız qalar qızıla dönər” deyən də.
…Bütün bunlardan sonra hələ bir oturub fikirləşirik ki, bir ölkədə bu qədər ikiüzlü, dönük, riyakar hardan yetişir, necə yetişir?!
***
Ibrətamiz
“Vəba şəhəri əsir almışdı. Ölənlərin sayı mahalbamahal, günbəgün artırdı. Dövlətli də, kasıb da ölürdü, çünki vəba insanlar arasında fərq qoymurdu. Deməli, yığdığı var-dövlət sərracı xilas edə bilməzdi…” (Kutzeenin Nobel nitqindən).