Öldürən mənfurlaşmış hüquq

Azərbaycan kimi ölkələrdə ölüm niyə ucuzlaşıb, bilirsiniz? Tanınmış bir insan qətlə yetiriləndə belə, adamlar hüququn üstünə yerimək əvəzinə, başlayırlar bir-birini didməyə. Gəl indi söyüş, təhqir, həqarət yağışı altında həqiqətin ucunu tapmağa çalış. Bu dayaz, anlamsız dava-dalaşın sonu da ona gətirib çıxarır ki, iki gündən sonra hamının fısı yatır, gerçəklər ört-basdır edilir, öldürülən şəxsin də qanı arada batıb gedir. Türklərdə “önyarğı”, yəni sübutsuz ittiham etmək deyilən bir şey var. Bu havayı haray-qışqırıq yerinə, gəlin, hamılıqla hüququn ayağa qalxmasına nail olaq. O zaman anlayacaqlar ki, titulundan, vəzifəsindən, adından asılı olmadan, günahı sübuta yetirilən heç bir kimsəyə döyülmə, zorakılıq və ölüm faktına görə güzəştə gedilə bilməz. Heç bir halda gedilməməlidir də! Şerlok Holmsluq etmək fikrindən uzağam, amma gənc bir insanın ölümündə əsl günahkarların həqiqətən cəzalanmasını və bu dəhşətlərin təkrarlanmamasını istəyiriksə, buna nail olmalıyıq, hökmən…

Qanunsuzluq mühitinin yaratdığı fəsadların insan ölümlərinə yol açması təəccüblü deyil. Elə gənc və peşəsinin vurğunu olan Rasim Əliyev kimi jurnalistlərin də. Onu mətbuat aləmində tanımayan yoxdur. Ən gərgin hadisələrin ortasında və ən fövqəladə aksiyalarda onu ön cərgədə görmək mümkün idi. Polis zorakılığına məruz qaldığını, ağır xəsarət aldığını və o məşhur fotonu da xatırlayırsınız. Bir dəfə belə özbaşınalığın qurbanı olub sağ qala bilirsənsə, ikinci dəfə möcüzə səni xilas etməyə də bilər. Necə ki, Rasimi də etmədi. Onun ölümü də başdan-başa müəmmadır, açığı. Bir futbolçunun qohumları insanı ölümcül şəkildə niyə döysün ki, bu nə dərəcədə inandırıcıdır axı? Bir də jurnalist hələ 25 iyul tarixində, futboldan çox əvvəl öz FB səhifəsində təhdid olunması ilə bağlı paylaşım edib, ona niyə reaksiya verilməyib, qəribə deyilmi? Bəs ona yardım göstərməyən həkimlər, onların vicdansızlığını hansı dəftərin kənarına yazaq?

Bəli, daha bir həmkarımızın qanı yerdə qalmamalıdır. Necə olur-olsun hüququ ayağa qaldırmalıyıq. Bəlkə indi çoxunuz kinayə edib deyəcəksiniz ki, bu ölkədə hansı hüquqdan söhbət gedə bilər? Razıyam, elə mən də bunu bildiyimə görə yazıram. Illər öncə XIX əsrin məşhur fransız iqtisadçı alimi Frederik Bastiatın “Hüquq” kitabının ön sözü olaraq oxuduğum bu fikirlərdən heyrətə düşmüşdüm: “Hüquq mənfurlaşmışdır…  Hüquq, mən deyərdim, yalnız öz təməl məqsədlərindən döndərilməmiş, həm də ondan tam əks istiqamətə yönəldilmişdir. Hüquq hər cür tamahkarlığın silahına çevrilmişdir. Cinayətə nəzarət etmək əvəzinə hüququn özü cəzalandırılmalı olan pisliklərin mənbəyinə dönmüşdür. Əgər bu həqiqətdirsə, ciddi bir fakt və mənəvi borc olaraq məni məcbur edir ki, həmvətənlərimi həmin mövzu üzərinə yönəldim”. Elə mənim həmvətənlərimi yönəltmək istədiyim mövzu da budur ki, hüququ bənzər ölkələrdə hər zaman qanunsuzluq, zorakılıq, tamahkarlıq alətinə çevirmək cəhdləri olub. Amma insanlar da buna qarşı on illərlə barışmaz şəkildə mübarizə aparıb, dünyanın müasir gözəl cəmiyyətləri göydən zənbillə hazır formada enməyib, təbii. Biz də aparmalıyıq, həm də elliklə, birlik və çoxluq olaraq, yorulmadan, sınmadan, bezmədən. Bunlar pafoslu sözlər deyil, şüarçılıq da deyil. Hüquqi cəmiyyət qurmağın, hüququ ayağa qaldırmağın başqa yolu yoxdur. Nə sizin mənasız didişmələriniz, nə havaya açdığınız boş yaylım atəşləri günahkarı cəzalandırmağa yetməyəcək. Neçə ki, biz haqlarımızı və hüquqlarımızı almaq üçün səsimizi birlikdə ucadan çıxara bilmirik, günahsız insanların ölümü davam edəcək. Yəni insanları ayağının altına qoymuş bir hüquqsuzluq sisteminə qarşı çıxmaq üçün çoxmu Rasimlər öldürülməlidir hələ?