Tikinti sektorunun çökməsi işsizlər ordusunun yaranmasına gətirib çıxaracaq
Mənzil bazarında baş verən proseslər bank sektoruna da ciddi zərbə vurur
Azərbaycan Mərkəzi Bankı ölkədə daşınmaz əmlak bazarının bu ilin yanvar-iyun aylarında 32 faiz gerilədiyini bildirir. Bankın məlumatına görə, ikinci əl daşınmaz əmlak bazarı isə daha sürətlə çöküb – 36,2 faiz. Məlumatda bildirilir ki, bu il iyulun 1-də daşınmaz əmlak bazarının dövriyyəsi 1 milyard 758 milyon manata yaxın olub. Bir il əvvəl isə daşınmaz əmlak bazarında dövriyyə 2 milyard 583 milyon manat idi. Hərçənd, göstərilən müddət ərzində tikinti şirkətləri və kooperativləri satışı artırıblar.
Ölkənin mənzil bazarında baş verən geriləmə bir sıra məqamlar nəzərə alınaraq, həyəcan siqnalı kimi dəyərləndirilir. Bu hadisə ilk baxışdan mənzil almaq arzusunda olanları müəyyən qədər sevindirsə də, tendensiyanın zərərli tərəfləri də kifayət qədərdir.
Ilk növbədə ona görə ki, mənzil bazarında baş verən ucuzlaşma ilə paralel olaraq, mənzil almaq istəyənlərin maddi durumunda da geriləmə baş verir. Bunu nəzərə alaraq, alıcıların ev sahibi olmaq arzularına həyata keçirməsi üçün əngəllərin yaranacağını proqnozlaşdırmaq çətin deyil.
Daşınmaz əmlakın sürətlə dəyərdən düşməsinin tikinti sektoruna da ciddi təsir göstərəcəyi şübhəsizdir. Ölkədə mənzillərin sürətlə ucuzlaşacağı gözləntiləri özünü doğruldarsa, proses ölkədə on minlərlə yeni işsizlər ordusunun yaranması ilə nəticələnə bilər.
Bundan başqa, əhalinin tikinti şirkətlərinə inamı azaldığından, insanlar daha bu sahəyə pul yatırmaq niyyətində görünmür. Bu da öz növbəsində tikinti şirkətlərinin banklardan asılılığını daha da artırır. Beləliklə də tikinti bazarının çökməsi bank sektorundakı mövcud ağır durumu daha da kritik həddə yaxınlaşdıra bilər.
Xatırladaq ki, hələ bir neçə il öncə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov demişdi ki, tikinti bazarındakı durğunluq banklara ciddi təsir göstərəcək. O bildirmişdi ki, əgər qısa müddətdə tikinti bazarının çökməsinin qarşısı alınmasa, bu vəziyyət yeni 400 min işsizlər ordusu yarada bilər.
Yeri gəlmişkən, “MBA Group” konsaltinq şirkətinin rəhbəri, əmlak bazarı üzrə ekspert Nüsrət Ibrahimov da bildirib ki, Bakıda tikinti sektorunun 30 faizdən çoxunda iş dayanıb.
Bu sektorda baş verən neqativ proseslərin nəticəsində banklara dəyəcək digər böyük bir zərər isə odur ki, alıcılar kreditlə əldə etdikləri daşınmaz əmlakı banka girov qoyduqları üçün mənzillərin qiymətində sürətli ucuzlaşma baş verəcəyi təqdirdə, banklar verdikləri kreditin müqabilində dəyərdən düşmüş mənzillərlə kifayətlənməli olacaqlar. Qeyd edək ki, bu məqam bank sektorunda daha çox narahatlığa yol açır.
Daşınmaz əmlak bazarında sükut yaranmasının səbəblərini və bunun mənfi təsirlərini şərh edən iqtisadçı ekspert Məhəmməd Talıblı deyir ki, əgər mənzil bazarına daxil olan evlərin sayı az olubsa, yaxın dövr üçün evlərin qiymətində bahalaşma müşahidə olunmalı idi. Biz isə mənzillərin qiymətində ucuzlaşmanın şahidi oluruq: “Bu da ondan xəbər verir ki, Azərbaycanda əmlak bazarında qaydaların formalaşması tələb və təklifdən asılı deyil. Bu daha çox daşınmaz əmlak bazarına süni surətdə verilmiş nəfəslə bağlıdır. Bir çox hallarda, hətta Ipoteka Fonduna da əlavə vəsaitlər verildiyi məlumdur. Bütün bunlar özü-özlüyündə mənzil bazarında canlanma yaratmalı idi. Lakin bu baş vermədi”.
Daşınmaz əmlak bazarında baş verənlərin tikinti sektoruna təsirinə gəlincə, ekspert xatırladır ki, dövlət büdcəsindən 2015-ci ildə tikinti sektoruna kifayət qədər böyük vəsaitlər sərf olunub. Hazırda nəinki tikinti sektoruna, əlavə olaraq dövlət investisiyalarının bu sektora cəlb olunmasına baxmayaraq, büdcə daxilolamalarında da müəyyən mənbələr azalıb: “Nəticədə də büdcə gəlirləri azalıb. Belə olan halda, büdcə vəsaitlərinin daha qənaətlə sərf olunmasına diqqət yetirilməlidir. Hökumət də bu halda daha çox sosial layihələrə diqqət ayırmağa çalışacaq. Bu mənada ki, hökumət valyuta ehtiyatlarından daha qənaətlə istifadə etməyə çalışacaq”.
Prosesin bank sektoruna da ciddi təsir edəcəyini deyən ekspertin fikrincə, girov mənzil müqabilində kredit verdiyi üçün mənzil bazarında ucuzlaşma olacağı təqdirdə banklar alternativ yollara üstünlük verəcəklər: “Daşınmaz əmlak bazarında təklif çoxluğu olarsa, bu o deməkdir ki, banklar ya daha mənzili girov kimi qəbul etməyək, ya da daşınmaz əmlakı ümumi dəyərindən xeyli aşağı qəbul edəcək. Çünki banklar daşınmaz əmlak bazarında baş verən qiymət dalğalanmasını müəyyən mənada sığortalamağa çalışacaqlar”.
Ekspert onu da bildirir ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrində yaradılmış köpük effekti artıq özünü mənfi mənada ifadə etməyə başlayır. Belə bir vəziyyətdə şübhəsiz ki, iqtisadiyyatın bir çox sahələrində böhranın simptomları hiss olunacaq. Əmlak bazarında baş verən neqativ tendensiyanın dolayısı ilə ölkədə işsizlər ordusunun artacağı proqnozunun real olduğunu deyən Məhəmməd Talıblı ölkədə tikinti sektorunda çalışan insanların daha çox olduğunu əsas gətirərək, onların iş yerlərinin itirilməsi təhlükəsinə də toxunub: “Tikinti sahəsində çalışan insanların məşğuliyyətsiz duruma düşməsi ölkədə əlavə gərginliyin yaranmasına yol açacaq. Bu isə o deməkdir ki, proses ya paytaxtda bu sektorda çalışan insanların şəhəri, ya da birbaşa ölkəni tərk etməsinə səbəb olacaqdır. Beləliklə də baş verənlər, eyni zamanda ölkənin demoqrafik balansına da təsirsiz ötüşməyəcək”.
Emil