Azərbaycanda daha bir jurnalist öldürüldü VİDEO FOTO

Qətldə adı hallanan futbolçu komandadan kənarlaşdırıldı, onun bibisi oğlu isə həbs edildi

Jurnalist Rasim Əliyevin öldürülməsinə görə həbslər başlayıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə (qafqazinfo), futbolçu Cavid Hüseynovun hadisədə əsas iştirakçı kimi adı keçən bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Digər şəxslərin isə yeri müəyyənləşdirilib və onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.

***

“Qəbələ” futbol klubu jurnalist Rasim Əliyevin ölümü və bu hadisədə komandanın oyunçusu Cavid Hüseynovun adının hallanması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşıladı. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlayıb. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilib, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olub. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilib, heç vaxt sərt reaksiya verilməyib. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirir. Mərhum son müsahibələrində və “facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb.

Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”.

***

Jurnalist Mehman Hüseynov həmkarı və dostu Rasim Əliyevin öldürülməsi ilə bağlı şəxsi facebook səhifəsində maraqlı məlumatlarla dolu yazı paylaşıb. Yazını müəyyən redaktə ilə təqdim edirik:

“Mütləq oxuyun! Öldürülən jurnalist haqda son məlumat… Rasimin son sözləri bunlar olub…

Qətlə yetirilən jurnalist mənim çox yaxın dostumdur, həmkarımdı. 6 il bir yerdə işləmişik. Döyülən kimi xəstəxanadan mənə zəng edib bildirmişdi ki, bütün jurnalistlərə yayım bu xəbəri, elə də elədim.

Gündüz vaxtı onun yanına gedə bilmədim, saat 23:40-da getdim. Uzanmışdı palatada, yanında da uşaqlıq dostu… Rasimdən hadisə ilə bağlı son məlumatları aldım.

Rasim bildirib: "Son statusla bağılı Cavid zəng eləmişdi mənə, danışdıq, vəssalam. Bir neçə dəqiqə sonra isə başqa nömrədən özünü Cavidin əmisi oğlu (bibisi oğlu) kimi təqdim edən şəxs zəng elədi və dedi: "Sən Cavidlə indi danışdın, noldu razılığa gəldiz?”. Bildirdim ki, bəli, söhbət elədik, razılaşdıq. Onda həmin şəxs dedi ki, gəl bir görüşək, çay içək”.

Bayılda görüşürlər, 4-5 nəfər onu təkləyib döyürlər və telefonla pul qabını özləri ilə götürürlər. Rasim xəstəxanaya düşür.

Rasim danışır: "Gün ərzində futbolçu Cavid Hüseynov və “Qəbələ” futbol klubunun meneceri yanıma gəlmişdilər, ziyarətə. Bildirdilər ki, keçmiş olsun, amma onların xəbəri yoxdu kim olub zəng edən. Onda Cavidə dedim: "Bəs o şəxs hardan bildi ki, 1 dəqiqə əvvəl səninlə danışmışam? Deməli, adam sənin tanışındı və bilirdi ki, səninlə danışdım”. Cavid onda bildirdi ki, sən sağal, məsələni həll edərik. Nə lazımdı edərik. Bu zaman içəri polis müstəntiqi girdi, Cavid və menecerləri polisi görüb uzaqlaşdılar”.

Rasimin dostu mənə danışıb: “Meneceri dünən saxladım, söhbət elədim. Bildirdim ki, adam döyülər də, söyülər də, onu qoyuruq kənara, amma kişiliyiniz olsun, Rasimin telefonunu və pul qabını qaytarın. Menecer dedi ki, 1 saatdan sonra mənimlə əlaqə saxla. Gecə vaxtı onunla əlaqə saxladım. Dedi ki, telefon və pul qabı ondadı, gecə saat 1-in yarısı Sirkin yanında görüşək qaytarsın”.

Gecə saat 12-i idi. Mən, Rasim və dostu palatada idik. Birdən dostu dedi ki, Rasim, getməliyəm evə, bəlkə bir azdan gəldim (əslində isə görüşə gedirdi).

Mən də Rasimlə söhbətləşdim. Hətta Rasim o vəziyyətində belə, zaraf elədi, dedi ki, "Qəbələ-Ponatinaykos" oynuna və 1 həftəlik Yunanıstana səfərə bilet versinlər, söhbəti bağlıyaram (gülərək). Gecə saat 1-ə yaxınlaşanda çıxıb getdim. 1 saatdan sonra Rasimin dostu zəng etdi ki, bəs xəstəxanadayam, Rasimi əməliyyata aparıblar, halı çox pisdir. Səhər görüşdük, soruşdum ki, bəs görüşdün menecerlə? Dedi yox, o vaxtdan nə menecerlərinə zəng çatır, nə vitseprezidentlərinə. 1 gün ərzində telefonu söndürüblər. Sonra isə Rasimi itirdik…

Allah rəhmət eləsin!

Kameralar var, hadisəni çəkib, cinayətkarların üzü düşüb. Tutun, araşdırın! O biri cinayyətkarlar isə onu mualicə edən həkimlərdi! Rasimin ölüm səbəbi ölkədəki özbaşnalıq və səhiyyənin pis gündə olmasıdır!”

***

AXCP sədri Əli Kərimli jurnalist Rasim Əliyevin döyülərək xəstəxanada vəfat etməsinə münasibət bildirib. Əli Kərimli bunu ölkədə cəzasızlıq mühitinin yaradılamsı ilə əlaqələndirib. Onun facebook səhifəsində yazdığını təqdim edirik:
 
“Jurnalist Rasim Əliyev ölkədəki cəzasızlıq mühütinin, günü-gündən artan qudurğanlığın növbəti qurbanıdır. Əlbəttə ki, formal olaraq onun "Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən ölümcül döyüldüyü məlumdur. Lakin jurnalistin vəhşicəsinə döyülməsi səbəb yox, nəticədir.
 
Rejim təkcə Rasim Əliyevi deyil, çoxlu sayda vətəndaşımızı ölümə məhkum edib. Onların öldürülməsi prosesi addım-addım davam edir. Rasim bəyin öldürülməsi prosesi bu gün başa çatdı. Digərləri də tədricən ölümünə yaxınlaşır. İlham Əliyev ekran qarşısında “Mənə deyirlər, nümayişçilərə güc tətbiq etmiş polisləri cəzalandırın, amma mən buna imkan verməyəcəm” deyib, ölkədəki cəzasızlıq dövrünü açıq elan edəndə; cəzaçəkmə müəssisəsində məhbus Elşad Babayev işgəncə ilə öldürülüb, qanı batırılanda; bığıburma ədliyyə mayoru həbsxanada ahıl, xəstə qadını – Leyla Yunusu döyüb, cəzasız qalanda; oliqarxların övladları avtoqəzalarda öldürdükləri insanların qanınını batıranda; məhkəmə sistemimiz onlarla sahibsiz insanın ölüm işlərini ört-basdır edəndə; yarıtmaz, məhv edilmiş səhiyyə sistemimiz minlərlə insanın Əzarayılına çevriləndə Rasim Əliyev kimi yüzlərlə vətəndaşımız da ölümünə yaxınlaşırdı. Bir millət olaraq səfərbər olub, İnsanı bir heç sayan rejimi durdura bilmədikcə, bu cəzasızlıq, qudurğanlıq mühiti bərbad səhiyyə ilə birlikdə hələ çox canlar alacaq.
 
Allah Rasim Əliyevə – diktaturanın bu gənc qurbanına rəhmət etsin, bizlərin səbrindən kəsib, onun valideynlərinə, doğmalarına versin ki, onlar bu acıya dözə bilsinlər”.

***

Milli Şuranın sədri Cəmil Həsənli də jurnalist Rasim Əliyevin öldürülməsinə münasibət bildirib. O, facebook səhifəsində yazıb:

“Dostlar! Bu gün səhər jurnalist Rasim Əliyevin ölüm xəbəri yayıldı. Acı bir xəbərdir, təsəlli verməyə söz tapmıram. O, öz əcəli ilə ölməyib, cəngəllik qanunlarının hökm sürdüyü ölkəmizdə döyülərək öldürülüb. Elmar Hüseynovdan fərqli olaraq Rasim siyasi mövzularda yazan jurnalist deyildi. O, idman xəbərləri hazırlayırdı. Avqustun 16-da doğum günün qeyd etməyə, sonra da ailə həyatı qurmağa hazırlaşırdı. Amma qismət olmadı, idmançı adı altında bəslənilən qoçu dəstələri Rasimi Bakının ortasında döyərək öldürdülər. Onu insafsızcasına döyüblər, daxili qanaxmadan vəfat etdiyi bildirilir. Böyük faciədir.

Göründüyü kimi, bu ölkədə heç kəs harınlıqdan sığortalanmayıb. Qoçu gülləsi, üstlərinə sürüləcək maşınlar, idmançı yumruqları hər an bu millətin başının üzərindədir. İdmanın ayrı-ayrı nazirlərə, vəzifəli şəxslərə tapşırılması bu sahənin kriminallaşması üçün geniş imkanlar açır. Bir neçə idman yarışındakı uğurlardan sonra çox asanlıqla çempion olmuş şəxslər müxtəlif nazirliklərdə saxlanılan “hücumçu dəstələrin” sıravi “döyüşçülərinə” çevrilirlər. Son illərdə hətta hüquq mühafizə orqanlarında həbs edilmiş şəxsləri döymək, müxtəlif işgəncə əməllərini həyata keçirmək üçün xüsusi idmançı dəstələri saxlayırlar. Onlar müstəntiqlərin vuran əli, təhqiqatçıların döyüş cəngavərləri rolunda çıxış edirlər. Harasa basqın etmək, haranısa dağıtmaq, hansısa obyekti sahibinin əlindən almaq lazım gələndə, bu “hücumçu dəstələr” işə düşür.

Ötən seçkilər zamanı, 2013-cü ilin 9 oktyabrında bu muzdlu dəstələri şəhərin müxtəlif yerlərindəki şadlıq evlərində “döyüşə” hazır vəziyyətdə saxlayırdılar ki, işdir xalq seçki saxtakarlığına etiraz etsə, Rasim kimi qol-qabırğasını sındırsınlar, içini qan gölünə çevirsinlər. Bu da bir faciədir. Hakimiyyətin, idmanın kriminallaşmasının adi həyat tərzinə çevrildiyi bir ölkənin faciəsi. Bu gün idman xəbərləri yazan Rasim bu faciənin qurbanı oldu. Sabah mədəniyyət verilişləri hazırlayan birisinin idmançı adı altında bəslənilən qoçu gülləsinin nişangahına çevrilməyəcəyinə heç bir təminat yoxdur. Nadzorun məhkumu, müstəntiqin “müqəssiri”, həkimin xəstəni, hakimin ədaləti, prokurorun qanunu, idmançının jurnalisti öldürdüyü ölkədə vida zənginin kimin üçün çalınması mühüm deyil”.

***

Hadisəni pisləyənlərdən biri də Azərbaycanın Avropa Şurası və Avropa Birliyində nümayəndəsi olmuş keçmiş səfir Arif Məmmədovdur. O, facebook səhifəsində “qəddar, amansız və alçaqcasına həyata keçirilən” bu qətlin təkcə Rasim Əliyevin ailə üzvlərinin yox, bütövlükdə xalqımızın faciəsi olduğunu yazıb.

“Bu faciələrə, hər gün müşahidə etdiyimiz intihaarlara, millətimizin qaymağı olan, həbslərdə qalan vicdan məhbusları Xədicə xanıma, Arif və Leyla Yunuslara, İlqar Məmmədova, Anar Məmmədliyə, Tofiq Yaqubluya, Yadiqar Sadıqova və onlarla digər bacı və qardaşlarımıza qarşı məhkəmələrdə baş verən, ağla sığmayan ədalətsizliklərə biganə qalmağımız anlaşılmazdır.

Mən ilk fb statusumda yazmışdım, indi təkrar edirəm: Bu qədər haqsızlığıa heç bir xalq dözməz”, – deyə A.Məmmədov fikrini tamamlayıb.

***
 
Futbolçunu tənqid etdiyi üçün döyülərək öldürülən jurnalist Rasim Əliyev bu gün saat 15 radələrində son mənzilə yola salındı. Mərhumu dostları, həmkarları Abşeron rayon Mehdiabad qəsəbə qəbristanlığında torpağa tapşırdı.
 
 
 
 
 
 

 
***
 
Məlum olduğu kimi, öldürülən jurnalist Rasim Əliyev nişanlı olub və bu yaxınlarda toya hazırlaşırmış. Rasim Əliyevin nişanlısı Facebook səhifəsində birgə şəkillərini belə bir təsirli sözlərlə paylaşıb: "Bu şəkilləri uşaqlarımıza göstərəcəkdik bəs?"
 
 
***
 
Mərhumun atası Məmmədəli Əliyev oğlunu döyənlərin cəzalandırılmasın istəyib. M.Əliyev jurnalistlərlə söhbətində deyib ki, dünən futbolçu Cavid Hüseynovda, “Qəbələ” klubunun meneceri də xəstəxanaya gediblər: “Aralarında nə danışıq olduğunu bilmirəm. Oğlumu döyənlər Razin (Bakıxanov qəsəbəsi-red.) uşaqları olub. Döyənlərdən biri də Cavidin bibisi oğlu olub. Oğlum evdən çıxanda anasına deyib ki, Razin uşaqları gəlib, onlarla söhbət etməyə gedirəm. Həmin uşaqlar “Qəbələ” klubunun azarkeşləri olub. Gecə saat 2-də zəng vurdular ki, Rasimin halı pisləşib. Xəstəxanaya getdim, Rasim komada idi, süni nəfəs verirdilər. Saat 4 radələrində dünyasını dəyişib. Oğlumu döyənlərin cəzalandırılmasını istəyirəm”.

***

Daxili İşlər Nazirliyi (DİN)  və Baş Prokurorluq Rasim Əliyevin ölümü ilə bağlı birgə məlumat yayıb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
 
Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.
 
***
"Qəbələ"nin futbolçusu Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümünə münasibət bildirib. Futbolçu özünün "facebook" hesabında günahsız olduğunu yazıb:
 
"Allahdan jurnalist Rasim Əliyevə rəhmət diləyirəm. Ruhu şad olsun. Çoxları məni tənqid edir ki sənin dostların öldürüb onu. Amma yox, bu, belə deyil. Mən heç kimə imkan vermərəm ki, mənə görə kimisə öldürsünlər. O jurnalistlə "facebook"da kiprli jurnalistlə olan müsahibəyə aydınlıq gətirmişik, amma normal şəkildə. Sonra da mehribancasına sağollaşmışıq. İndi isə hamı az qala mənə qatil adı verir. Nə oldu, mən həmin Cavidəm də, bir neçə gün əvvəl dilinizdən düşməyən. Sizcə, mən bu cür hərəkət edərəm? Bir misal gətirmək istəyirəm. Araz Abdullayev maşını ilə adam vurdu, jurnalistlər ona qatil damğası vurdular. İndi isə mənim günahım olmaya-olmaya məni ləkələmək istəyirlər. Bizə düşmən lazım deyil vallah. Adamın başının üstündə Allah var. Yazanda haqqına yazın. Çox təəssüflər olsun ki, haqqına yazan jurnalistlərimiz çox azdır".
 
Xatırladaq ki, mərhum jurnalist onu döyən insanların özünü Cavid Hüseynovun qohumları kimi təqdim etdiyini demişdi.
 
***

 
Bu gün dünyasını dəyişən jurnalist Rasim Əliyevin döyülmə faktı müşahidə kameraları tərəfindən qeydə alınıb.
 
Bunu Səbayel rayon prokurorunun köməkcisi deyib. O, mərhum jurnalistin ailə üzvlərinə bildirib ki, R.Əliyevi döyərək ona ağır xəsarətlər yetirən şəxslərin bir necəsinin kimliyi də məlum olub. Hazırda həmin şəxslərin həbs olunması istiqamətində işlər gedir.
 
Mərhum jurnalistin nəşi ölüm faktından yalnız 6 saat sonra artıq ailəsinə təhvil verilib. Bu zaman onun yaxınları morqa buraxılmayıb ki, bu da narazılıq yaradıb. Yalnız etirazlardan sonra atası içəri buraxılıb. Bu zaman morqın ətrafına 5 polis maşını gəlib.
 
Mərhumun meyiti məscidə, oradan isə evlərinə aparılıb. Dəfn mərasimi saat 14:30-da Mehdiabad qəbiristanlığında olacaq.

 
***
 
Avqustun 8-də döyülən, bu gün səhər saatlarında isə vəfat edən idman jurnalisti Rasim Əliyev Bayıldakı evlərinə götirilib. O, 1 saylı Xəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Onun daxili qanaxmadan öldüyü bildirilir.  
 
Yaxınlarının bildirdiyinə görə, daxili qanaxma olub, amma həkimlər aşkarlamayıb, aparata salınsa da. Yalnız ağrıkəsici iynə vurulub. Güman olunur ki, həkimlərin məsuliyyətsizliyi rol oynayır
 
Avqustun 16-da Rasim Əliyevin doğun günüydü, jurnalist ailə həyatı qurmağa hazırlaşırmış.

***

Rasim Əliyevi babası deyib ki, həkimlər əvvəl onlara ümid versələr də sonradan jurnalistin vəziyyəti pisləşib: “Get-gedə vəziyyəti pisləşdi, əməliyyat etdilər. Sonra da dedilər ki, içəridəki orqanlarının çox zədəlidir, sağalan deyil. Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağ ciyəri vurulub, partlayıb. Nəfəs ala bilmir. Dedi ümid yoxdur. İki saat sonra gəldi dedi ki, gözləməyin, xəstə vəfat etdi. Bu səhərə yaxın 5-də olub”.

***

Avqustun 8-də "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülən Jurnalist Rasim Əliyev, bu gün səhər saatlarında dünyasını dəyişib. Futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. 

***

Jurnalist Rasim Əliyev "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti alan jurnalist hal-hazırda 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitmir. Jurnalistin döyülməsinə səbəb onun Cavidin kiprli jurnalistə qarşı hərəkətini "facebook" səhifəsində tənqid etməsi göstərilib.
 
Rasim Əliyev özü bildirib ki, status yazandan sonra zəng edib onu hədələyiblər. Bundan sonra Cavid özü zəng edib , amma mülayim danışıb və etdiyi hərəkətin səbəbini başa salıb. Amma qohumların hirsi soyumayıb. Rasimə zəng ediblər ki, bəs Cavidlə danışdıq. Amma gəl görüşüb çay içək. Rasim də razılaşıb. Bayılda görüşəndə 7-8 nəfər onu döyüb və telefonunu sındırıblar.
 
Bununla bağlı Cavid Hüseynov özü “Qafqazinfo”ya açıqlama verib. O, məsələyə belə aydınlıq gətirib: ""Facebook”da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.
 
Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam. Mәhəllәdә hәr yerdә ailәmә qarşı münasibәti gör. Biz 3 uşaq olmuşuq vә özümüzü necә aparmışıq gәl gör. Mәdәniyyәtimizi dә özün görәrsәn. Anam “ostanovka”dan evә gәlәndә uşaqlar onu necә sevinclә qarşılayır. O jurnalistә hәr şeyi olduğu kimi danışdım…”
 
Cavid Hüseynovun sözlərinə görə, futbolçu Rasim Əliyev ondan hətta bu paylaşıma görə üzr də istəyib: “Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil”.