“Qarabağ” və “Qəbələ”nin rəqibi müəyyənləşdi

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Püşkatma mərasimdə 44 komanda iştirak edib. Bunlardan 29-u Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri, qalan 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalar olub.

Azərbaycanı bu mərhələdə iki komanda – "Qarabağ" və "Qəbələ" təmsil edib. "Qəbələ" "Apollon" səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Seltik"ə uduzan "Qarabağ" da mübarizəni pley-off mərhələsində davam etdirəcək. 
 
Artıq hər iki klubumuzun rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi pley-off mərhələsində İsveçrənin "Yanq Boyz", "Qəbələ" isə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq. 
 
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 20 avqust, cavab qarşılaşmaları isə 27 avqust tarixlərində keçiriləcək.
 
"Yanq Boyz" (İsveçrə) – "Qarabağ"  (Azərbaycan)
 
“Panatinaikos” (Yunanıstan) – "Qəbələ" (Azərbaycan)