Bakı Tehrana göz qoyur

İranın dünya ictimaiyyətinə yenidən qoşulması Azərbaycan üçün həm imkanlar açır, həm də problemlər yaradır. Aleksandra Jarosiewicz «Transitions Online» saytında yazır ki, İrana nüvə enerjisindən dünyanın nəzarəti altında dinc məqsədlərlə istifadəyə icazə verən saziş «Soyuq müharibə»dən sonrakı dövrün ən böyük uğurlarından biri sayılır. İran üçün bu saziş on illər boyu davam edən iqtisadi təcridin dəyişməsi, dondurulmuş milyardlarla dollar sərvətin işlək duruma gəlməsi və nəhayət, Yaxın Şərqdə siyasi reallığın yeni forma almasıdır. İranın yaxın qonşusu və dünya enerji bazarlarında rəqibi olan Azərbaycan üçünsə bu durum xeyli suallar yaradır. 
 
Azərbaycan rəsmi səviyyədə sazişi alqışlasa da, «Trend» xəbər agentliyinin yaydığı şərhdə eyham vurulurdu ki, Birləşmiş Ştatlar və Qərb dövlətləri sadəlövhcəsinə hərəkət edir və ən çox fayda götürən Rusiyadır.
 
Müəllif Azərbaycan-İran münasibətlərinin tarixi keşməkeşlərindən, 19-cu əsrdə Azərbaycanın məhz İranla Rusiya arasında bölünməsindən yazır. Üstəlik, İranın Ermənistana dəstəyi əlaqələrdə qaratikan rolunu oynayır.
 
«Enerji sektorunda durumu proqnozlaşdırmaq isə çətindir. İran dünyanın təbii qaz ehtiyatlarının 18 faizinin üstündə oturub, ancaq irihəcmli ixrac üçün obyektlərin qurulmasına azı 5 il lazımdır. İlk baxışda elə görünür ki, Azərbaycan İran qazının Trans-Anadolu Kəməri (TANAP) ilə daşınmasından faydalana bilər. Bu halda Bakının və SOCAR-ın potensial faydası böyükdür, ancaq potensial rəqibi layihəyə qoşmaq riski də böyükdür. Azərbaycan özü də Avropa bazarına göz dikib və potensial qaz nəhənginin TANAP-a qoşulmasına elə də həvəs göstərməyə bilər».
 
«Praktik olaraq Tehran Ankaradan və Bakıdan icazə almalı olacaq. Ankara illər boyu İran qazının bahalığından şikayətlənib. Bakı isə Avropa qaz bazarında İranla rəqabətdə maraqlı olmaya bilər. Tərəflər nəqliyyat tarifləri məsələsini həll etməli olacaqlar. TANAP-da 58 faizə sahib Azərbaycan isə həlledici səsə malikdir».
 
«Azərbaycan doğrudan da TANAP-ın tutumunu İran qazı hesabına artırmaq istəyirsə, bu, «Gazprom»a böyük zərbə olar. «Gazprom» Avropa qaz bazarında dominant mövqeyini saxlamaq istəyir. Beləliklə, İranın TANAP-a buraxılması Bakını Moskvayla münaqişə durumuna gətirər ki, bu da arzuolunan nəticə deyil». (azadliq.org)