
Ekspertlər isə bu təklifin qanuna zidd olduğunu və senzura məqsədi daşıdığını bildirir
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bildirib ki, rabitə xidmətləri göstərən “Skype”, “Facebook”, “WhatsApp” da lisenzilayaşdırılmalıdır. Nazir iddia edib ki, lisenzilaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq: “Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”. Ekspertlər isə hesab edir ki, nazirin sosial şəbəkələrin lisenziyalaşdırılmasına dair təklifi beynəlxalq hüquq normalarına ziddir.
Media eksperti və hüquqşünas Ələsgər Məmmədliÿ "xeberler.az"a açıqlamasında bildirib ki, belə bir təklif beynəlxalq hüquq nöqteyi-nəzərindən hətta müzakirə oluna bilməz: “Onsuz da istifadəçilər Internetdən istifadə üçün müəyyən məbləğ ödəyirlər və bunun müqabilində sosial media və digər Internet xidmətlərindən limitsiz faydalanırlar. Bu istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin lisenziyalaşdırdığı qurumlara, ”Delta Telekom"a, proveydərlərə müəyyən miqdarda ödəniş edilir. Istifadəçilər istifadə etdikləri Internet üçün, demək olar ki, 2-3 qat artıq pul ödəməli olurlar. Ona görə də bu yanaşma düzgün hesab edilə bilməz".
Hüquqşünas qeyd edib ki, informasiya azadlığı baxımından da “Facebook”, “WhatsApp”, “Skype” kimi sosial mediaya lisenziya şərtinin gətirilməsi ölkədə senzuraÿ sisteminin tətbiqi deməkdir.
Ələsgər Məmmədlinin fikrincə, bu həm də monopoliyaya yol açan addımdır: “Artıq vətəndaşlar telefonla deyil, Internetlə ünsiyyət saxlamağa daha çox meyllidir. Fikrimcə, bu, ölkədə fəaliyyət göstərən mobil operatorların bir-birilə rəqabət prinsipinin həllinə deyil, bu sektorda monopoliyaya yol açan addım ola bilər. Hökumət telefonla danışıqların azlığını maddi problem hesab edirsə, bu zaman provayderlərin qiymət siyasətinə müdaxilə etmək daha doğru olardı. Məsələn, Amerika, Moskva ilə danışığın dəqiqəsi 2 sent olduğu halda, Azərbaycanda bu, 22 qat baha başa gəlir”.
Ekspert əlavə edir ki, qanunvericiliyə görə, Internet lisenziyalaşdırılan fəaliyyət deyil: “Bizim qanunvericilikdə, eləcə də beynəlxalq qanunvericilikdə bu məsələ belə tənzimlənib. Bu baxımdan belə yanaşma real addım deyil”.
Azərbaycan Internet Forumunun prezidentiÿ Osman Gündüz də deyir ki, sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur: “Qanunvericilikdə lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlər ora daxil deyil. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu artıq lisenziyalaşdırılıb. ”Delta Telekom" şirkəti Azərbaycanda Internetlə bağlı lisenziya alıb və Interneti digər qurumlara təqdim edir. Düşünürəm ki, Internet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri-dəqiq yanaşmadır".
Osman Gündüz vurğulayır ki, dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur: “Rusiya, Türkiyə, Belarusda hökumətin Internetlə bağlı qadağaları var ki, bu zaman tam başqa addımlardan istifadə edilir. Xüsusilə, Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması pərdəsi altında Internetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır. Əgər söhbət hansısa zərərli, qanunsuz kontentin qarşısının alınmasından gedirsə, bu, Internetin məhdudlaşdırılması, başqalarının hüquqlarının tapdanması hesabına olmamalıdır. Internetə məhdudiyyətin tətbiqi yolverilməzdir. Dövlət başçısı bütün çıxışlarında birmənalı şəkildə Internetin ölkəmizdə azad olduğunu bildirib. Neftin ucuzlaşdığı indiki məqamda ”Facebook", “Twitter”, “Skype” kimi, büdcəsi Azərbaycanın büdcəsindən dəfələrlə çox olan qlobal informasiya resursları, sosial media ilə konfliktə getməkdənsə, onlarla partnyorluq, əməkdaşlıq etmək, ölkəmizə dəvət etmək, ofislərinin burada açılmasına kömək etmək daha düzgün olardı".
Osman Gündüz nazirin təklifinin müəyyən dairələrin iqtisadi maraqları ilə bağlı olduğunu da istisna etmir: “Son vaxtlar görürük ki, sosial medianın imkanları, zəng funksiyalarının genişlənməsi ciddi narahatlıq yaradıb. Sosial media telefon və mobil danışıq xidmətləri üçün ciddi rəqibəÿçevrilib. Amma bütün hallarda düşünürəm ki, informasiya mübadiləsi üçün qanunsuz süni əngəllər yaratmaq yolverilməzdir. Bu baxımdan yaxşı olar ki, nazirlik və ya kommersiya qurumları xidmətlərini, tariflərini əlçatan, ucuz və keyfiyyətli etsinlər. Problemləri lisenziyalaşdırma və ölkədən qovmaqla həll etmək doğru olmazdı”.
Informasiya şöbəsi