İsa Sadıqov şərh edir
Rusiyaya qarşı yeni embarqolar başladı… Bu təzyiqlərin məqsədi, əlbəttə, Rusiyanı aqressiv dövlət davranışlarından məhrum etmək və onu dünya qaydalarına uyğunlaşdırmaq məqsədi güdür. NATO-Qafqaz Alyansının prezidenti polkovnik Isa Sadıqov bu barədə düşüncələrini “Azadlıq”la bölüşür.
“Bu dəfə Rusiyaya heç bir güzəşt olmayacağı, əsas məqsədin Putinin və bütünlükdə Rusiyaya rəhbərlik edən indiki siyasi komandanın işğalçılıq və terror siyasətinə son qoymaq olması da hər kəsə aydındır. Iranla anlaşmalar fonunda son təzyiqlər paketi, şübhəsiz, Rusiyanı iflic vəziyyətinə salacaq. Indi neftin və qazın qiymətinin ”siyasi" deyil, yalnız bazar diqtəsi olduğunu da hər kəs daha aydın başa düşür. Buna görə də, neft pullarını ölkənin inkişafına deyil, diktatorluq iddialarının möhkəmləndirilməsinə sərf edən Rusiya qarşısıalınmaz böhran və iflas yolundadır.
Yeri gəlmişkən, Rusiya üçün hazırlanan bu perspektiv onun qüdrətli qonşusu olan Çini də qane edir. Orada hələ əhali 1 milyard civarında olanda nəfəs almağa hava, becərməyə torpaq çatışmırdı. Gün isə Çin əhalisi 1,5 milyardı keçib, 2 milyarda doğru yaxınlaşır. Çinə torpaq və hava lazımdır. Rusiyada isə onun uzun zamanlardan bəri iddia etdiyi ərazilər var. Bu, Rusiyanın Uzaq Şərq əraziləridir. Çinin bu iddiaları həmişə olub, indi də var. Bu ərazilər uğrunda savaşın qaynar fazaya keçəcəyi şübhəsizdir. Söhbət yalnız müharibədən getmir. Bəzən birmənaləı və sərt diplomatiya dili müharibələrdən daha kəsərli vasitə olur. Bu ərazi mübahisələrinin həll edilməli olduğunu Çin də, Rusiya da bilir. Elə buna görədir ki, Rusiyanın Təhlükəsizlik doktrinasında Çin düşmən ölkə kimi xatırlanır.
Indi bir çoxları hesab edə bilərlər ki, bu düşmənçilik arxa plana keçib, çünki Çin və Rusiya iri beynəlxalq bloklar yaradırlar. Rusiyanın Uzaq Şərq əraziləri Çin öçün həyati əhəmiyyətli ərazilərdir.
Indi Rusiya təklənib, təcrid edilib və çox ağır durumdadır. Belə olan halda, Rusiyanın düşmənləri bir tərəfə, onunla dost kimi davranan “örtülü iddia” daşıyan dostlar da güzəştə getməyəcəklər və bu cür dostlar üçün Rusiyanın indiki durmu əsl göydəndüşmə fürsətdir.
Putin isə artıq iqtisadi böhranın qarşısını ala bilmədiyini özü də etiraf edir. Son zamanlar onun bütün mütəxəssisləri heyrətə gətirəcək dərəcədə gülünc iqtisadi təhlilləri də bu isterikanın nəticəsində yaranır. Putin Rusiyası isə Rusiya Federasiyası dövlətinin cəmi 5-10 il əvvəl üzərinə götürməyə iddialı olduğu missiyanı həyata keçirməyə qadir deyil. Putin Rusiyasının sabahı Rusiyanın indiki sərhədlər və münasibətlər daxilində süqutu deməkdir. Bu prosesin sonu isə labüd inqilab deməkdir.
Rusiyada inqilabın hansı formada baş tutacağını demək çətindir. Bu, 17-ci il inqilabı olacaqmı, ya müasir narıncı inqilablardan daha biri olacaqmı, hələ ki, bəlli deyil. Ən ağrısız yol, təbii ki, 1999-cu il variantıdır: Putin məcburiyyət qarşısında istefa verir və liberallardan kimisə hakimiyyətə gətirirlər. Amma təəssüf ki, diktatorların belə davranışları müşahidə olunmayıb. Diktatorlar öz sonluqlarını dünyanın ən böyük fəlakəti kimi qəbul edirlər və buna görə də bütün dünyanı fəlakətlə hədələyirlər.
Putin Rusiyasının çöküşü isə onun yaratdığı regional konfliktlərin yenidən alışması ilə nəticələnəcək. Ən başlıcası da budur və buna hazır olmaq lazımdır.
azadliq.info