Leyla və Arif Yunuslar – “güllələnsin”

Hakimiyyət əlaltılarına

Vətəndaş prokuror, bu gün (6 avqust) siz Leyla və Arif Yunusların məhkəməsində çıxış etməliydiniz. Indi saat 12-dir, saytların yazdığına görə, məhkəmədə fasilə elan olunub; yenə Arif Yunusun durumu pisləşib, həkimlər onu ölümün əlindən almağa çalışırlar. Adamı Əzrayılın cənginə verib əlindən almağa çalışmaq nə? Bu üzdən çıxışınız təxirə salınıb. Bəlkə də gecə səhərəcən məşq edib təsəvvürünüzdə yaratdığınız o təntənəli an alınmayıb deyə qəzəblisiniz. Əslində bu günəcən gözləməyib məhkəmə hazırlıq iclasında da son çıxışınızı edə bilərdiniz. Kimsəyə gizli deyil, bu məhkəmənin çıxışları, qərarları, hökmləri bir il qabaqdan hazırdır. Onları toz basıb. Azərbaycan məhkəmələrində ilk təcrübədir: məhkəmə zalının qapısına qıfıl vurmaq. Bağlı qapılar arxasında siyasi qərarlar vermək – ədalətsizliyin təntənəsidir.

Mənim xatırladığım ilk siyasi prosesdir ki, bu qədər sürətlə gedir. Başlaması ilə bitməsi bir olacaq. Ilklərin sınağından keçmək Yunusların qismətinə yazılıb.

Vətəndaş prokuror, Arif Yunusun sağlamlığı, Leyla Yunusun “artist”liyi sizə mane olsa, çıxışınız sabaha qalsa, məhkəmədən qabaq bu yazını oxuyun, təklifimi nəzərə alın. Çıxışınıza bu sözlərlə başlayın: “Ölüm hökmü verilsin!” “Dövlətini satan, dövlət büdcəsini talayan, minlərlə insanı aldadıb evsiz-eşiksiz qoyan, onlara çatacaq pula ofşor zonalara yatıran, milyardlarla kredit alıb qaytarmayan, anasının əmcəyini kəsən” kəsləri bağışlamaq olmaz. Arif Yunus Hacı Məmmədovdan daha “qatı cinayətkardır, Cahangir Hacıyevdən mafiozdur”, Leyla Yunus Gülər Əhmədovadan daha “artist”dir, deyin. Milyardları silib-süpürənlərin yaxasına “II dərəcəli Vətənə xidmət” ordeni taxan", yaltaqları, yalıncıqlar “Tərəqqi”ləşdirən hakimiyyət siyasi məhbusların hüquqlarını qoruyanlara ən ağır cəza verməlidir. No problem! Bu hakimiyyət vətəndaşına hansısa hüquq verməyib ki, onu əlindən ala bilməsin. Siyasilərin hüquqlarını qorumaq hakimiyyətdəkilərin “hüquqlarını” pozmaq deməkdir. “Pozucular” cəzalanmalıdır. Arif Yunus xəstədir, Leyla Yunus xəstədən də pis, onları çəkdikləri əzabdan biryolluq qurtarmaq əlinizdədir – sizi kimsə qınamayacaq.

Mən necə də sadəlövhəm. Bu günə təyin olunmuş çıxışı sabaha saxlamaqmı olar. Hansı qüvvə bu göstərişin qarşısını ala bilər. Istintaqı, tibbi yardımı tələsik yekunlaşdırıb Leyla Yunusa 11 il, Arif Yunusa 9 il istədiniz, vətəndaş prokuror! Necə də cəsarətsizsiniz! Bir illik “vətən xaini” təbliğatının qarşısında nə qədər aciz istəkdir. Sizə “ömürlük” yaraşır. Harda qaldı gender bərabərliyi, harda qaldı “azad qadın”, harda qaldı qadınları irəli çəkmək – 25 yaşlı qızları icra başçılarına müavin etdirmək ənənəsi. Iki il fərqin Yunuslar üçün mahiyyəti yoxdur.

Vətəndaş hakim, prokurorun tələbinə ciddi yanaşmayın, son söz sizindir; güllələnmə kəsin Yunuslara. Qoy dünya birliyi görüb də sussun. Ölüm hökmü ləğv edilən ölkədə ölüm hökmü çıxarmaq hər cəsarətli hakimin işi deyil. Adınız tarixə düşəcək, ITV-nin başıqapazlı etdiyi “dünya birliyi”nə görk olacaq ki, ermənini bağışlayıb üçüncü ölkəyə yola salan Azərbaycan hakimiyyəti, Sərkisyanla üçdə-beşdə bir görüşüb söhbətləşən Ilham Əliyev Azərbaycanın bütövlüyü uğrunda, qanunçuluq yolunda vətəndaşını yox etməyə belə hazırdır. Vətəndaş terroru – bunun da ilki ölkəmizin adına yazılr. Dünya birliyi görəcək Azərbaycanın gücünü, prinsipiallığını – onunla hesablaşmalı olacaq. Günahkarları bağışlamaq olar, günahsızları, əsla! Böyük Azərbaycan imici belə yaradılır.

Bu oyuncaq məhkəmənin bir sonu var – Yunusları mənəvi və fiziki məhv etmək. Bunu bir aya da etmək olar, 11 ilə də. Bir ay bu hakimiyyətə yaraşan “srok”dur. Məşhur filmdə deyildiyi kimi; “ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı”. Vətəndaşlar, Yunuslara qarşı bunca qəddar olmayın, ağrıdır axı!

Azadə