Azərbaycan terror təşkilatlarına qarşı mübarizədə hansı dövlətlərin yanında yer almalıdır?
Sülhəddin Əkbər: «Baş verənlər Azərbaycana mesaj olmaqla yanaşı, həm də Rusiyanın rolunun göstəricisidir»
Türkiyədə baş verənlər, o cümlədən PKK və IŞID-in bu ölkəyə qarşı son hücumları dünya siyasətində müzakirə olunan aktual məsələlərdəndir. Azərbaycanın Türkiyə ilə eyni coğrafi məkanda yer alması, eyni zamanda, yaxın müttəfiqlik, iki ölkə arasında dost-qardaş münasibətləri ölkəmizin bu mövzuya həssaslığını bir qədər də artırır.
Son hadisələrdə ABŞ-Türkiyə müttəfiqliyi də hiss olunan dərəcədədir. Terror təşkilatlarına qarşı mübarizədə hər iki ölkənin yekdil əməkdaşlığı var. Lakin Azərbaycanın müttəfiqi Rusiya, həmçinin Iran bu məsələdə tamam başqa mövqedən çıxış edir. Belə olan halda, Azərbaycan bu mübarizədə hansı istiqamətdə siyasət yürütməlidir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyir ki, 2010-cu ilin avqustunda Türkiyə ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalayan Azərbaycanın bu məqamda hansı mövqedə dayanması çox vacib məsələdir. Çünki Azərbaycanın Türkiyənin müttəfiqi kimi onun yanında yer alması ikitərəfli dövlətlərarası müqaviləylə təsbit olunub. Ekspertin sözlərinə görə, terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyalara qoşulan Azərbaycan bu gün Türkiyənin yanında yer almalıdır.
Sülhəddin Əkbər terror təşkilatlarının artıq birbaşa Azərbaycan üçün təhlükə yaratmağa başladığını da qeyd edir: “Bu artıq təhdiddən real təhlükəyə çevrilib. PKK-nın son aktivləşmə dövrü Azərbaycan və Cənubi Qafqazla sərhəd bölgəsinə yönəlib. Bu da Iqdır, Ağrı, Qars və azərbaycanlıların kompakt yaşadığı, Naxçıvanla nəqliyyat-ticarət əlaqəsi olan, Azərbaycanın neft-qaz, enerji xətlərinin, eyni zamanda, nəqliyyat, avtomobil, dəmiryolunun keçdiyi ərazilərdir. Burada vəziyyət ciddiləşib. IŞID-lə mübarizə məsələsində ABŞ-ın Türkiyə ilə razılığa gəlməsindən sonra Birləşmiş Ştatların regionda vəziyyəti dəyişib. Regional tarazlığın yenidən qurulması prosesi gedir. PKK dünənə qədər ABŞ və Israillə birgə hərəkət edirdisə, Amerikanın Türkiyə ilə yaxınlaşması və razılaşmasından sonra artıq PKK yenidən Suriya, Iran və Rusiya üçbucağına qayıdır”.
Ekspert Rusiya prezidenti Vladimir Putinin bu mövzuda bəyanatını xatırladır: “Putinin bəyanatına görə, IŞID-lə mübarizənin mərkəzində Tehran, Bağdad və Şam durmalıdır. Bu lda onu göstərir ki, hazırkı mərhələdə PKK yenidən əvvəlki xəttinə qayıdır və Azərbaycan da bunu nəzərə alaraq ABŞ, Türkiyənin yanında yer almalıdır”.
Sülhəddin Əkbər vurğulayır ki, PKK artıq birbaşa Azərbaycanın maraqlarına ziyan vurmağa başlayıb. Vətəndaşlarımızın girov götürülməsi, ölkəmizə gələn yük maşınlarının yandırılması, eləcə də Bakı-Tiflis-Ərzurum qaz kəmərinin partladılması Azərbaycanın maraqlarına zərbədir. Baş verənlər Azərbaycana bir mesaj olmaqdan əlavə, həmin hadisələrdə Rusiyanın çox ciddi rolunun olduğunu göstərir.
“Bu gün Azərbaycanın Rusiyanın, yoxsa təbii, strateji müttəfiqi Türkiyənin, yaxud Amerikanın yanında olacağı əsas məsələdir. Bu baxımdan, Azərbaycanın mövqeyi çox önəmlidir və təhlükənin ölkəmizin maraqlarına çox ciddi zərbə vurduğu bir məqamda Azərbaycan məhz Türkiyənin yanında yer almalıdır. Bundan başqa, bu gün IŞID-in əsas hədəflərindən biri də Azərbaycandır. Vətəndaşlarımız IŞID sıralarında döyüşür və təhdid edən bəyanatlar verirlər. Ölkənin şimalında, Şimali Qafqazda artıq IŞID-in böyük silahlı qruplaşması hazır vəziyyətdə əmr gözləyir. Söhbət Qafqaz əmirliyinin IŞID-ə biət edən 15 minlik silahlı qüvvəsindən gedir. Belə bir vəziyyətdə Azərbaycanın terror təhlükəsilə təkbaşına mübarizəsi yetərsizdir. Ölkəmiz Türkiyə ilə beynəlxalq koalisiyada yer almalıdır və bu şübhəsizdir”, – deyə ekspert əlavə edib.
İnformasiya şöbəsi