FHN hadisələri qabaqlamır

Təhlükəsizlik tədbirləri yalnız faciələrdən sonra yada düşür…

Ötən ayın sonunda Novxanı çimərliyində bir nəfərin skuter sürərkən yıxılaraq suda boğulması çimərliklərdə təhlükəsizlik tədbirləri problemini yenidən gündəmə gətirdi. Məlum oldu ki, mətbuatın dəfələrlə yazmasına baxmayaraq, çimərliklərdə skuterlərin hərəkətinə nəzarət hələ də təmin olunmayıb.

Hələ iki il öncə qəzetimizdə dərc olunan “Skuterlər çimərliklərdə bədbəxt hadisələrə zəmin yaradır” başlıqlı məqalədə də deyilirdi ki, skuterlərin çimərliklərdə sərbəst hərəkəti insanların rahat və təhlükəsiz istirahətinə maneə törədir, hər an bədbəxt hadisələrə zəmin yaradır. Skuterləri idarə edən şəxslər dəniz gəzintisi xidmətini təklif etmək üçün heç bir məhdudiyyət olmadan insanların sıx olduğu sulara və ya sahilədək daxil olur, bu fəaliyyəti təhlükəsizlik qaydalarına əməl etmədən həyata keçirirlər. Bəzən skuterlərdə vətəndaşlar xilasedici jilet olmadan gəzdirilir; skuterlər sərbəst idarə üçün intizamsız şəxslərə istifadəyə verildikdə isə həm onu idarə edən, həm də ətrafdakı insanlar üçün daha ciddi təhlükə yaranır.

Məlum olduğu kimi, Novxanı çimərliyindəki bədbəxt hadisə də skuteri idarə edən şəxsin xilasedici jilet geyinməməsi nəticəsində baş verib. Lakin qeyd etdik ki, çimərliklərdə su nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi çimərliklərdə çimən insanların həyatını da təhlükə qarşısında qoyur. Məlumatlara görə, elə Novxanı çimərliyində skuterlə bağlı ötən il də faciəvi hadisə baş vermiş, 14 yaşlı uşağı skuter vurması nəticəsində onun üzü parçalanmışdı.

Ancaq yalnız sonuncu hadisədən sonra ictimaiyyət xəbərdar edildi ki, çimərliklərdə skuter sürmək olmaz. Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev movqe.az-a açıqlamasında deyib ki, çimərlik ərazisində skuter sürmək qəti qadağandır və su hövzələrində su nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı tələblər var. Skuterlər ancaq şarla işarələnmiş müəyyən zolaq üzrə idarə olunmalıdır. Skuterlərin su hövzələrində giriş və çıxış xətti var. Həmin su nəqliyyat vasitələrilə su hövzələrinə hardan gəldi daxil olmaq və çıxmaq olmaz. Bundan əlavə, yaşı 18-ə çatmayan, xüsusi vəsiqəsi olmayan, spirtli içki qəbul edən şəxslər skuterlərdən istifadə edə bilməzlər. Skuterdən istifadə edənlər mütləq xüsusi jilet geyinməlidirlər.

Ən maraqlısı isə Dövlət Sularında Xilasetmə Xidmətinin bu tələbini pozan çimərlik sahiblərinə cərimə tətbiq edə bilməməsidir… M.Piriyevin sözlərinə görə, qurum konkret olaraq qanunun bu tələbini pozan çimərlik sahiblərinə cəzalar tətbiq etmir. Çünki cərimə etməyə səlahiyyəti yoxdur. Amma gələcəkdə belə hallar baş verərsə, obyektlərə müəyyən cərimələr tətbiq oluna bilər. Bununla bağlı aidiyyəti qurumlara təkliflər verilib.

Azərbaycanda Fövqəladə Hallar Nazirliyinə lazım olandan da artıq səlahiyyətlər verildiyi məlumdur. Ancaq “quruda, suda, havada hökmranlıq edən” bir nazirliyin çimərlik sahiblərini sularda təhlükəsizlik qaydaları pozuntusuna görə cərimə etmək səlahiyyətinin olmaması isə absurddur. Bu nazirliyin az qala ona aid olan-olmayan bütün obyektlərə öz iradəsini diktə etdiyi bir şəraitdə çimərliklərdə əhalinin təhlükəsizliyi naminə tədbir görməkdə aciz qalması təəccüb doğurur…

Yeri gəlmişkən, Abşeron çimərliklərində hər il onlarla adamın suda boğulması faktları da düşündürücüdür. Media vasitəsilə beynəlxalq təcrübəyə müraciət etsək görərik ki, məsələn, ABŞ-ın Nyu York ştatındakı 1300-dən çox çimərlikdə 2010-cu ildən bu yana il ərzində suda boğulanların sayı 4 nəfəri keçmir. Səbəb, hər 50 metrdən bir məsafədə sahildə xilasetmə xidmətinin müşahidə qülləsinin olması, peşəkar üzgüçü-xilasedicilərin eyni zamanda sahil boyunca gəzərək müşahidə aparmalarıdır.

Bundan başqa, Nyu York çimərliklərində ilkin tibbi yardım üçün tibb məntəqələri fəaliyyət göstərir, ərazidə polis patrul xidməti növbə çəkir. Bütün bunlar isə fövqəladə hallar baş verdikdə operativ reaksiya vermək üçündür. Xatırladaq ki, sovet dövründə Abşeron çimərliklərində də tibb məntəqələri fəaliyyət göstərirdi. Görünür, bu boşluğu aradan qaldırmağın vaxtıdır.

Nyu Yorkun çox faydalı bir təcrübəsi isə çimərliklərdə uşaqlar üçün pulsuz üzgüçülük təlimlərinin keçirilməsidir. Azərbaycan dəniz ölkəsi və ya Bakı çimərlik şəhəri olsa da burada insanların kütləvi şəkildə üzməyi bacarmaması təzadlı görünür. Çünki, insanlara üzgüçülük təlimləri məhz uşaqlıq dövründən keçirilməlidir ki, buna da ABŞ-dakı kimi sosial kampaniya olaraq dövlət dəstək verməlidir. Belə ki, Nyu Yorkda bu işi çimərliklərə və ümumiyyətlə, bulvar və parklara nəzarət edən Parklar Idarəsi təşkil edir. Su nəqliyyat vasitələrinə gəlincə, Nyu York çimərliklərində motorlu qayıqlar və skuterlər sahilə 150 metr yaxın məsafədən üzə bilməzlər. Hətta xilasedicilərin də motorlu qayıqları olmur.

Sosial şöbə