«İlham Əliyev hamıdan yaxşı bilir ki, qudurğan dediyi məmurların əksəriyyəti qarşısında oturanların içindədir»
Eldəniz Quliyev: «Cəmiyyətdəki hazırkı susqunluq müvəqqətidir və şübhəsiz ki, nisbidir»
Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevdir. E.Quliyevlə söhbətimizə hazırda hakimiyyətin yürütdüyü repressiv siyasətə münasibət öyrənməklə başlamaq qərarına gəldik. 37-ci ilin ab-havasını xatırladan bu siyasət hakimiyyətə müxalif olan şəxslərə qarşı yönəlib. “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan Saatı” proqramının rəhbəri Qənimət Zahidə, “Meydan TV”nin rəhbəri Emin Milliyə qarşı atılan son addımlar buna sübutdur. Amma maraqlı olan məqam odur ki, hakimiyyət yürütdüyü siyasətin ciddi narazılığa səbəb olduğunu, cəmiyyətdə ona qarşı nifrətin artırdığını bildiyi halda tutduğu yoldan əl çəkmir.
– Hətta 37-ci ildə belə müxalif düşüncəli şəxslərə qarşı repressiyalar bu səviyyədə və bu amansızlıqla aparılmırdı. Hakimiyyətə müxalif və ya fərqli fikirdə olan şəxslərin, özü burda olmadığı halda qohumlarını, doğmalarını təqib, həbs etmək, onlardan təzyiq vasitəsi kimi yararlanmağa çalışmaq, bu anormal situasiyanı cəmiyyətin başı üzərində Domokl qılıncı kimi saxlamaq… Bu, hakimiyyətin aqoniyada olmasından xəbər verir. Aqoniyada olan canlı isə, təbii ki, etdiyi hərəkətlərə nəzarəti itirir, nəyi və necə etdiyini bilmir. Bütün bunlar cəmiyyətdə inamsızlıq və ikrah hissi yaradır. Aqoniya. Bəli, bunun başqa izahı, yaxud başqa bir adı yoxdur. Bununla bərabər, hakimiyyət dərk edir ki, ömrünün son akkordları çalınır və o, nəyin bahasına olursa-olsun öz mövcudluğunu saxlamaq, hakimiyyətini uzatmağa çalışır. Qısası, hakimiyyətin atdığı xaotik addımlara hüquqi və ya humanizm aspektindən baxsaq və bu siyasəti analiz eləməyə səy göstərsək, heç bir məntiq tapmayacağıq. Acınacaqlısı da budur!..
“Hakimiyyətin seçkiyə ancaq demokratik don geyindirmək həvəsi var”
– Bir neçə ay sonra parlament seçkiləridir. Amma seçki öncəsi vəziyyət digər illərdən kəskin fərqlənir. Hakimiyyətin hazırda nə demokratik düşərgə, nə də beynəlxalq aləmlə münasibətləri normaldır. Belə şərtlər daxilində keçirilən seçki nə vəd edir?
– Hakimiyyət hərdən nəinki düşünülməmiş, hətta utanc gətirən addımlar atır. Atılan addımlardan görürük ki, bunlar normal seçkilər keçirmək, azad və ədalətli seçki mühiti yaratmaq istəyində deyillər. Hakimiyyətin seçkiyə ancaq demokratik don geyindirmək, eləcə də öz ənənəvi saxtakarlığını “bəzəkli konfet kağızına bükmək” həvəsi var. Məhz elə buna görə də hakimiyyət qurama müxalifət partiyaları ilə DIALOQ adlı “qaydalı” oyunlar təşkil elədi. Amma istədiklərinə rəğmən, bu cür oyunlarla da qarşılarına qoyduqları minimum məqsədlərinə çata bilmədilər. Dərk etdilər ki, belə oyunbazlıqla seçkilərə demokratik, şəffaf don geyindirmək mümkün olmayacaq. Sadəcə, inanan, qəbul eləyən olmayacaq. Qüdrət Həsənquliyevin müxalifət partiyası olmadığını bilməyənmi var! Kim bilmir ki, Iqbal Ağazadə drijor çubuğu ilə fəaliyyət göstərən psevdo-müxalifət partiyasının rəhbəridir. Və ya Əli Əliyevin rəhbərlik etdiyi sabun köpüyünü xatırladan təşkilat – nədir, nəmənədir? Görünən kəndə bələdçi axtarmaq lazım deyil. Eləcə də dialoq tok-şousunda iştirak edən digər partiyalar. Sözümün canı budur ki, hakimiyyət seçkinin legitimlik görüntüsünü yarada bilmədiyindən aqressivləşir, radikallaşır. Yeri gəlmişkən deyim ki, həm cəmiyyətdə, həm də beynəlxalq təşkilatlarda hakimiyyətə alternativ qüvvə kimi Demokratik Qüvvələrin Milli Şurası qəbul edilir. Milli Şura radikallıq nümayiş etdirmədən, təkamül prinsiplərinə söykənərək, demokratik mücadilənin mahiyyətini və fəlsəfəsini düzgün anlayaraq hakimiyyətə qarşı mübarizə aparır. Inanın, Milli Şurada bir araya gələn insanlar ləyaqətli insanlardı. Onlar ölkəni xoşbəxt görmək istəyində olan, Azərbaycanı sidq-ürəklə sevən, necə deyərlər, xalqının barmağına tikan batmasına belə razı olmayan, mütərəqqi düşüncəli ziyalılar, ictimai xadimlər, siyasilərdi. Amma nədənsə Milli Şura üzvləri çox zaman hakimiyyətin gözünə qırmızı parça kimi görünür.
“Seçki Azərbaycanın yaşam tərzini, taleyini seçmək deməkdir”
– 2005-ci ilin parlament seçkilərində cəmiyyətdə seçki ab-havası hiss olunurdu, müxtəlif təbliğat məqsədli aksiyalar keçirirdi. Hazırda nə toplum, nə də müxalifət düşərgəsi seçkiyə köklənib. Bunu necə qiymətləndirmək olar?
– Cəmiyyət ətalətə uğrayıb. Cəmiyyətin immun sistemi zəifləyib, yaxud zəiflədilib. “Başına gələn başmaqçı olar”. Toplum intiutiv olaraq anlayır ki, bu hakimiyyət normal seçki keçirmək fikrindən uzaqdı. Normal, yəni ədalətli, demokratik, şəffaf seçki keçirmək, sadəcə, deputat seçmək deyil. Bu, dünya qarşısında Azərbaycanın yaşam tərzini, taleyini seçməkdir. Hüquqi müstəvidə demokratik addımlar atmaq, “demos-kratos” – yəni hakimiyyətin mənbəyinin həqiqətən xalq olduğunu əməli surətdə nümayiş etdirmək deməkdir. Insana, azadlıqlara, ədalətə, humaniz normalarına sayğı deməkdir. Amma təəssüflər ki, belə arzuolunan seçkilər keçirmək avtoritar idarə üsulu ilə, inhisar və korrupsiya ilə idarə olunan ölkə üçün qəbulolunmazdır. Cəmiyyət düşünür ki, hakimiyyət onsuz da seçkidə istədiyini edəcək, qutudan istədiyini çıxaracaq və həmişəki kimi, seçkilər formal xarakter daşıyacaq. Çoxları, “ağrımayan başıma niyə yaylıq bağlayım?” deyibən yaxasını kənara çəkir. Və heç fərqinə də varmırlar ki, öz taleyinin tamaşaçısı yox, iştirakçısı olmaq lazımdır. Bax, belə-belə fikirlər cəmiyyəti ətalət vəziyyətinə salır. Amma deyim ki, Azərbaycan cəmiyyətindəki hazırkı susqunluq müvəqqətidir və heç şübhəsiz ki, nisbidir. Manatın devalvasiyasından sonra ölkədə sosial durum ağırlaşıb. Eyni zamanda, ölkədəki mənəvi durumun deqenerativliyi günü-gündən şiddətlənir. Ölkəni bu gün barıt çəlləyinə bənzətsək, bəlkə də yanılmarıq. Hakimiyyət anlamalıdır ki, indiyəcən dünyada baş verən bütün qarşıdurmalar məmurlar piramidasının vampirə çevrilməsindən start alıb. Təkrar edirəm: xalqın susqunluğu, mövcud reallıq müvvəqətidir. Kim gözləyərdi ki, Ismayıllıda o cür miqyaslı hadisələr olsun? Kim istəyər ki, ölkədə xaos, münaqişələr,qarşıdurmalar yaşansın? Ağlı başında olan hər kəs öz ölkəsində əmin-amanlıq istəyər, sabitlik, sakit həyat istəyər və hər zaman antaqonizm təzahürlərindən uzaq olmağa çalışar. Ona görə, Milli Şura həmişə hakimiyyəti demokratik seçki keçirməyə, islahatlara getməyə çağırıb. Xalqın iradəsinə hörmətə çağırıb. Milli Şura bu çağrışlarında həmişə səmimi olub, bu gün də səmimidir.
“Xəbərdarlıq bir dəfə olar, bir neçə dəfə yox”
– Dövlət başçısı müşavirələrdə məmurlara barmaq silkələyir, onları qanunlara riayət etməyə çağırır. Eyni zamanda hakimiyyətə ictimai nəzarətin olmasının vacibliyindən danışır. Amma əməldə bu bəyanatlara tam zidd addımlar atılır. Ona görə Ilham Əliyevi nə dərəcədə səmimi saymaq olar?
– Obrazlı desək, ölkə başçısının silkələnən barmağı həqiqətdir, amma bu barmağın silkələnməsinin arxasınca deyilən sözlər inandırıcı deyil. Şəxsən mən o sözlərin səmimiyyətinə elə də inanmıram. Təsəvvür edin: Stalin barmaq silkələyərək komandasına sərt şəkildə tapşırıq verir, hədələyir və bir-neçə aydan sonra eyni barmaq silkələnir və eyni sözlər təkrar edilir. Yaxud siyasi xarizması olan başqa bir dövlət başçısı bəyanatlarını iki aydan, üç aydan bir təkrar edir, özü də televiziyada, xalqın qarşısında!.. Ilham Əliyev gözəl bilir ki, qudurğan adlandırdığı məmurların əksəriyyəti qarşısında oturub ona qulaq asanların arasındadır. Elə təəssürat yaranır ki, elə bil bunlar sanki dünya bazarında neftin qiymətinin düşməsinin, Neft Fondunda vəsaitin tədricən tükənməsinin, ən əsası isə xalqın narazılığının artan xətlə inkişafını görüb-anlayıb… və bütün bu ciddi problemlərin həlli üçün əllərini ağdan-qaraya vurmurlar. Vallah, hakimiyyətin indiki hərəkətləri şələ-küləsini yığıb uzun və uzaq bir səfərə hazırlaşan adamın hərəkətlərinə bənzəyir.
“Irəli getmək əvəzinə geriləmə”
– Hər il ali məktəblərə qəbul üçün keçid balı aşağı salınır. Orta məktəblərdəki buraxılış imtahanları faciəvi nəticələri ortaya qoyur. Bütün bunlar Azərbaycanı hara aparır? Bizi hansı fəsadlar gözləyir?
– Təhsil sisteminin acınacaqlı durumda olması fəsaddan daha çox faciədən xəbər verir. Hər il aşağı salınan ballar, hər il Azərbaycanın, müvafiq olaraq azərbaycanlıların mədəni, mənəvi səviyyəsinin bir addım da aşağı düşməsindən xəbər verir. Təhsilə, maarifə bu cür barmaqarası baxmaq, söz sahibi olan və bir çox hallarda başdan ayağacan korrupsiyalaşmış məmurların mədəniyyətinin, savadının və dünyagörüşünün aşağı səviyyədə olmasından xəbər verir. Beynəlxalq təşkilatlar Azərbaycan məmurlarının mədəni səviyyəsini 143-cü yerdə qərarlaşdırıb. Siyahıda bizim yaxın qonşumuz Nigeriyadır. Birinci yerləri Skandinavya ölkələri tutur. Orada korrupsiyanın heç bir növü yoxdur. Məmurların da mədəniyyəti yüksək səviyyədədir. Biz isə etikaya, mental dəyərlərimizə söykənərək qabağa getmək, yüksəyə qalxmaq əvəzinə, əksinə, bir addım da aşağı düşürük. Son nəticədə düşəcəyimiz o yerdə isə IŞIQ yoxdur…
Xəyal