AXCP sədrinin müşaviri Məmməd İbrahim və oğlu, partiyanın gənc fəallarından olan Turan İbrahim sosial şəbəkə üzərindən təhqir və təhdid olunur. Bu barədə Məmməd İbrahim öz facebook səhifəsində məlumat paylaşıb.
O, yazıb ki, özü və oğlu Turan avqustun 5-də dəfələrlə Room Red adlı facebook istifadəçisindən təhqir və təhdidlər alıb. Naməlum istifadəçi təhqir və təhdidlərini onların həm mesaj qutularına, həm də statuslarına rəy kimi yazıb.
"Mənə söyüş söyərək Turanı öldürəcəyini, Turana da söyərək onun başını kəsəcəyini, öldürəcəyini yazır. Dərdinin nə olduğunu, niyə belə etdiyini soruşuram, deyir öldürəndən sonra deyəcəm. Mən bunu özümüzə qarşı hazırlanan bir təxribat olduğunu düşünürəm və ona görə də hüquq mühafizə orqanlarını bunun qarşısını almağa çağırıram", – deyə M.İbrahm qeyd edib.
M.İbrahim təhqir və təhdid olunduqları haqda facebook qeydini paylaşandan sonra da həmin naməlum istifadəçi ona hədələyici mesaj göndərib. Təhqirlə dolu mesajda M.İbrahim hadisəni ictimailəşdirdiyi üçün cazalandırılacağı ilə hədələnib.
Məmməd İbrahim hesab edir ki, bu, onlara qarşı hansısa ciddi təxribata hazırlıqdır: "Bu, Seymur Həziyə qarşı olduğu kimi, hazırlanma işdir. Sadəcə, Seymur Həziyə qarşı təxribat zamanı "naşılq edib", əvvəlcədən yazışma düzüb-qoşumamışdılar. Ona görə də məhkəmədə vəkil onları divara dirədi ki, bu adam heç feysbukda hesabının hansı olduğunu bilmir. İndi bunlar əvvəlcədən yazışmanı düzüb-qoşurlar ki, sonra desinlər, baxın, burda siyasi heç nə yoxdur, bunların əvvəlcədən söz söhbətləri olub".