Sahibkarı qətlə yetirən şəxslərin fotorobotu hazırlandı

Nazim İbrahimovun qardaşı «Azər-Ross IK» MTK-nı icarəyə verdiyini bildirdi

“Azər-Ross IK” MTK-nın sahibi Əflatun Piriyevlə, mühasib Əmiraslan Əhmədovu güllələyən şəxslər hələ tutulmayıb. Həmin şəxslərin fotorobotu hazırlanıb və onların tutulması istiqamətində axtarış-əməliyyat tədbirləri davam etdirilir. 
Ötən sayımızda məlumat vermişdik ki, “Azər-Ross IK” MTK Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun qardaşı Hacı Ibrahim Ibrahimova məxsus “Avesta” konserninə daxildir. Hacı Ibrahim bu xəbəri təkzib etməsə də, “Azadlıq”a bildirib ki, həmin şirkəti icarəyə verib.
Qəzetimiz çapa gedərkən isə məlumat aldıq ki, “Azər-Ross IK” MTK-nın müsahibi Əmiraslan Əhmədov həm də, ATV telekanalının müsahibidir. Bu telekanalın rəhbəri isə Nazim Ibrahimovun digər qardaşı Tağı Ibrahimovdur.
Xatırladaq ki, Əflatun Piriyevlə Əmiraslan Əhmədov iyulun 11-də saat 13.00-da “Azər-Ross IK” MTK-nın ofisində iki nəfər naməlum şəxs tərəfindən güllələnib. Əflatun Piriyev aldığı güllə yarasından dünyasını dəyişib. Əmiraslan Əhmədov ağır yaralanıb. “Azər-Ross” MTK-dan bildirilib ki, hadisəni törədən şəxslər maskada və ya quldurlara xas olan xüsusi geyimdə olmayıblar. Onlar şirkətin Nərimanov rayonundakı ofisinə gələrək MTK-nın təsisçisi və rəhbəri Əflatun Piriyevlə görüşmək istədiklərini bildiriblər. Əflatun Piriyev şəxsiyyəti hələlik müəyyən edilməyən həmin şəxsləri öz otağında qəbul edib. Görüş başlayandan 5 dəqiqə sonra içəridə səs-küy düşüb və silah səsi eşidilib. Şirkətin baş mühasibi Əmiraslan Əhmədov silah səsinə otağa daxil olarkən Əflatun Piriyevin vurulduğunu görüb. Naməlum şəxslər baş mühasibə də atəş açıblar.

İnformasiya şöbəsi