Ermənistandan qaçqın olan bir nəfərlə yol gəldim. Mənzil başınacan çox şeydən danışdıq və söhbət Qarabağın üzərinə gəldi. Kim deyirsə azərbaycanlılar Qarabağı unudub, səhv edir. Qarabağı unudan Azərbaycan xalqı yox, onun bu xalqı əzməkdən çəkinməyən hakimiyyətidir. Qarabağ söhbəti bunlara yalnız sərf eləməyən başqa mövzuları qapatmaq, “Bizim Qarabağ boyda dərdimiz var” söyləyib həqiqəti dilə gətirənləri susdurmağa gərəkdir.
Həmsöhbətim Qarabağdan o qədər yanğı ilə danışdı ki, bütün dünyanı, Amerikanı, Avropanı söydü. Hətta Bundestaqı da. Qarabağa görə, Qarabağdakı işğalı dilə gətirmədiklərinə görə. Soruşdum ki, bəs nə əcəb Qarabağdakı separatçıların liderini mükafatlandıran, ermənilərə arxa duran, onları silahlandıran Rusiyanı deyil, Bundestaqı söyür.
– Rusiya aydındır – düşməndir, Qarabağı da onlar alıb verdi ermənilərə. Bəs demokratiyadan dəm vuranlar niyə bu işğal haqda susur?
Onun bu sualından sonra tənbəllik eləmədim, telefonumda Almaniya parlamentinin Azərbaycanla bağlı məlum qətnaməsini əks etdirən yazını tapıb bu qardaşa oxumağa başladım. Qətnamənin aşağıdakı cümlələrini oxuyanda onun sifəti dəyişdi və sakitcə dinləməyə başladı:
“Ölkənin Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin düşmüş 586 min məcburi köçkünü var. Belə ki, Azərbaycan torpaqlarının bir hissəsi 1993-cü ildən bəri Ermənistanın işğalı altındadır. Üstəlik, 250 min azərbaycanlı Ermənistandan qaçqın düşüb”.
Bundan sonra heç bir analitik çözüm axtarmadıq, heç bir dramatik müzakirə açmadıq. Həmsöhbətim dedi:
– Əgər belədirsə, onda Bundestaq sağ olsun!
Daha fürsətcillik edib demədim ki, söydüyün Amerikanın ATƏT-in Minsk qrupundakı səfiri Ceyms Uorlik yaxın günlərdə bu cümləni ağzından çıxardı: “Işğal edilmiş torpaqlar Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.
Ümumiyyətlə, son illərdə 250 min azərbaycanlının Ermənistandan qaçqın düşməsini yada salan vardımı Bundestaqa qədər? Bizimkilər özləri söhbətin aktual olduğu dövrdə qaçqınların sayını 200 min deyirdi. Bəli, Bundestaq Azərbaycandakı haqsızlığı, korrupsiyanı, seçki saxtakarlığını, repressiyaları da dilə gətirib. Gətirməsin? Ermənilərin azərbaycanlılara zülmünü deyib, azərbaycanlıların azərbaycanlılara zülmünü söyləməsinlər? Adama sual verərlər ki, erməni düşməndir deyə bu zülmü edir, bəs öz azərbaycanlılarınız, özünüz niyə edirsiniz? Niyə öz ölkənizi talayıb ədalətsizlik bataqlığına çevirirsiniz?
Ilham Əliyev “sağ ol” deyilməli bir qərara görə Bundestaqa barmaq silkələyirdi: “Bundestaq özünü nə zənn edir?!” Lakin bunu yalnız və yalnız haqlı tənqidləri arxa plana keçirmək üçün deyirdi. Almaniya parlamenti isə bir nəfərin deyil, bütün ölkənin təşəkkürünə layiq bir sənəd qəbul etmişdi.
Hələ 2012-ci ilin aprelində Avropa Parlamenti Şərq Tərəfdaşlığı Assosiasiya Sazişi barədə bir qətnamə qəbul etdi. Qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın nəzarətinə qaytarılması aydın şəkildə vurğulanırdı. Avropa Parlamenti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməsini, həm hərbi, həm də fiziki kontingenti çıxarmasını Assosiasiya Sazişi üçün şərt olaraq ortaya qoyurdu. Ermənistanla bağlı sənəddə deyilirdi: Üçüncü ölkənin ərazisinin işğalı beynəlxalq hüququn pozulmasıdır və Avropa qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və bununla da bütün Şərq Tərəfdaşlığı layihəsini təhlükə altında qoyur. Sənəddə Ermənistana çağırış edilirdi ki, Dağlıq Qarabağda xidmət keçmək üçün əsgər göndərməyi dayandırsın.
Amma belə bir sənəd ona görə kölgədə qaldı ki, orada da bizim hökumətdən demokratiya tələb olunurdu. Onda da Avropa Parlamentinə hücumlar oldu, “sağ ol” deyən tapılmadı…