Gültəkin Hacıbəyli: «Bu gün dünyanın söz sahibləri Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox ciddi və kompramissiz mövqeyə malikdirlər»
Xəbər verdiyimiz kimi Polşanın “Fronda pl” nəşri Rusiya prezidenti Vladimir Putinin ölkədaxili problemlərdən diqqəti yayındırması üçün postsovet məkanındakı konfliktləri qızışdıra biləcəyini yazıb. Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkən qəzet Putinin bu regionu nəzarətdə saxlaya bilməsi üçün mövcud münaqişəni daha da alovlandıracağını proqnozlaşdırır. “Putin Ukraynadakı müharibəni qızışdıra, Dağlıq Qarabağ münaqişəsini, Dnestryanı konflikti eskalasiyaya gətirib çıxarmaq üçün qərar verə bilər”, – deyə məqalədə bildirilir.
Polşa nəşrinin yazdıqlarını şərh edən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli deyir ki, baş verən son hadisələr Putinin vəziyyətinin bundan sonra daha da gərginləşəcəyini göstərir. G.Hacıbəylinin sözlərinə görə, açıq görünür ki, Qərb ictimaiyyəti nə Krımın işğalı, nə də Ukrayna səması üzərində Malayziya Hava Yolları şirkətinə məxsus təyyarənin Rusiya tərəfindən vurulması nəticəsində 298 nəfər günahsız insanın həlak olması ilə barışmaq niyyətindədir: “Rusiyanın BMT-də veto hüququndan istifadə edərək sözügedən hadisənin araşdırılmasını əngəlləməsi əslində özünüifşa idi. Rusiya bununla etiraf etmiş oldu ki, təyyarəni məhz ruslar vurub. Beləliklə də, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları şiddətləndirdilər. Bundan əlavə Rusiyanın bir neçə neft-qaz ixracı ilə məşğul olan şirkətinə sanksiyalarla bağlı xəbərdarlıqlar edilib və bu sanksiyalar reallaşmaq üzrədir. Eyni zamanda neftin qiymətinin kəskin şəkildə ucuzlaşması Rusiya iqtisadiyyatına öldürücü zərbə vurur”.
Bugünlərə Rusiya banklarının beynəlxalq ödəniş sistemi olan “SWIFT”dən kənarlaşdırıla biləcəyinin gündəmə gəlməsini xatırladan Gültəkin Hacıbəyli bu ölkənin üzərinə beynəlxalq basqıların hər gün daha da artdığını vurğulayıb: “Bütün bunlarla yanaşı rus rublu ucuzlaşmaqda davam edir. Bu isə əsasən Rusiyanın regionlarına öz mənfi təsirini göstərir. Hakimiyyət bölgələrdə əhalinin əmək haqqını ödəyə bilmir. Belə olan halda təbii ki, Putin vəziyyətdən çıxmaq üçün müəyyən müddətdə Rusiya cəmiyyətini vətənpərvərlik ideyaları ilə məşğul etmək istəyəcəkdir. Rusiya baş verən iqtisadi çətinlikləri məhz dövlətçiliyə qarşı təhdid kimi qələmə verməyə çalışacaq. O cümlədən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən istifadə edərək müəyyən dərəcədə Bakıya təzyiqlər edə bilər. O təzyiqlər elə bu gün də mövcuddur. Azərbaycan hakimiyyətinin davranışına da nəzər salsaq görərik ki, hökumət rəsmiləri Rusiyadan ciddi şəkildə çəkinirlər və bütün addımlarını sanki Kremllə hesablaşaraq atırlar. Baxmayaraq ki, son günlərdə Rusiya Ermənistana hərbi imkanlarını genişləndirmək üçün 200 milyon dollar kredit ayırdı, onları dolayısı ilə ”Isgəndər" silahları ilə təmin etdi. Bundan sonra Dağlıq Qarabağ seperatçı rejiminin rəhbəri Bako Saakyan “Böyük Pyotr” ordeni ilə təltif edildi. Bütün bunların qarşılığında isə Azərbaycanın siyasi hakimiyyəti Rusiyaya qarşı zəif bir etiraz belə edə bilmir. Halbuki hakimiyyət bu davranışlarına görə Rusiyanı ciddi şəkildə ittiham etməli idi. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Avropa strukturlarına qarşı ittiham dolu münasibətin fonunda Rusiyaya qarşı bu çəkingənlik bir çox reallıqlardan xəbər verir".
Putinin Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək məqsədilə hər hansı addımlar ata biləcəyini istisna etməyən G.Hacıbəyliyin sözlərinə görə, bu addımlar bəzi hallarda istər Azərbaycanın, istərsə də Emrənistanın avtoritar siyasi rəhbərliyinin maraqlarına uyğun ola bilər. Çünki belə olan halda hər iki ölkənin daxilində vətənpərvərlik ab-havası yaratmaq üçün zəmin hazırlanmış olacaq.
Gültəkin Hacıbəylinin fikrincə, hazırda Rusiyanın ümumi ovqatı o qədər zəif, perspektivləri isə o qədər qaranlıqıdır ki, onların hədələri, həmlələri nəticə etibarilə heç bir ölkənin dövlətçilik maraqlarına, ərazi bütövlüyünə sarsıdıcı zərbə vura bilməz: “Gürcüstan ərazisi işğal edildikdən sonra bütün dünya bu işğala qarşı açıq mövqe nümayiş etdirdi. Dağlıq Qarabağın işğalını bu gün heç bir dövlət tanımır. Hətta Ermənistan özü belə beynəlxalaq təzyiqlə üzləşməməsi üçün Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanımır. Bu isə o deməkdir ki, bu gün dünyanın söz sahibləri dünyada baş verən prosesləri istiqamətləndirən ölkələr Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyü ilə bağlı çox ciddi və kompramissiz mövqeyə malikdirlər. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyü üçün ciddi bir təhlükə görmürəm. Rusiya bu istiqamətdə addımlar atmaq istəsə belə yaranacaq fəsadlar keçici xarakter daşıyacaq”
Emil