Bu məbləğə neçə-neçə rayonu yenidən qurmaq olardı
Regionlar ölkənin sosial-iqtisadi inkişafında əsas yer tutur. Ölkəni kənd rayonları olmadan təsəvvür etmək çox çətindir. 70-ə yaxın rayonu olan Azərbaycanda ancaq ən ağır durumda yaşayanlar da məhz region əhalisidir. Doğrudur, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının reallaşdırılmasına ümumilikdə 51 milyard manat vəsait xərclənib. Belə ki, prezident Ilham Əliyevin 2009-cü ildə imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icra müddəti 2013-cü ildə başa çatıb və rəsmi şəkildə elən edilib ki, dövlət proqramı çərçivəsində 51 milyard vəsait xərclənib.
Rayonların abadlaşdırılması, infrastruktur layihələr çərçivəsində müxtəlif çeşidli fondlar, eləcə də icra strukturlarının daxili vəsaitləri hesabına xərcləmələr olub. Belə olan halda, kifayət qədər böyük rəqəm olan 51 milyard manat görəsən, bölgələrin inkişafında, əhalinin həyat səviyyəsində niyə hiss edilmir? Axı belə bir məbləğə neçə-neçə rayonu yenidən qurmaq olardı. Yeri gəlmişkən, Vanda baş verən zəlzələdən sonra cəmisi 150 milyon dollara onu yenidən qurmaq mümkün oldu. 51 milyard manat kimi nəhəng məbləğ isə böləgələrdə hiss olunmayacaq dərəcədə iz qoyub.
Iqtisadçı-ekspertlərə görə, regionlara xərclənən kifayət qədər vəsait orada davamlı iş yerlərinin yaradılmasına deyil, infrastruktur layihələrin maliyyələşdirilməsinə yönəldilib. Yolların, inzibati binaların təmiri, parkların salınması və bu kimi sosial proqramlara vəsaitlər xərclənib. Ancaq davamlı iş yerləri sayılmayan layihələrə yönəldilən bu qədər vəsaitdən sonra da regionlarda ciddi sosial-iqtisadi canlanma hiss olunmur: “Həmin 51 milyarda zavodlar və yaxud istehsal tutumlu müəssisələr yaradılsaydı və əhali orada işlə təmin olunsaydı, bu, əlbəttə, fərqli bir situasiya yaradardı”.
Sosial şöbə