Dövlət qurumlarını da milyonlarla vəsaiti «Bank Technique»dən pullarını çıxara bilmirlər; Bankda pulu olanlar şantaja və təhdidə məruz qalırlar
“Bank Technique”in fəaliyyətində növbəti məhdudiyyət tətbiq edilib. Fins.az-ın məlumatına görə, bu həftədən etibarən bank ipoteka kreditlərinə görə ödənişləri qəbul etmir. Bankdan müştərilərə bildirilib ki, ipoteka krediti üzrə ödənişlər Azərbaycan Ipoteka Fondunun (AIF) tapşırığı ilə dayandırılıb.
Bank əməkdaşları ödəniş etmək istəyən müştərilərə bir neçə gün gözləməyi tövsiyyə ediblər. Ipoteka Fondundan bu məhdudiyyətin tətbiq olunduğunu təsdiqləyiblər. Fonddan fins.az-a bildirilib ki, bu addım “Bank Technique”nin fəaliyyətində problemlərin olması ilə əlaqədardır. “Yəqin ki, bankın bütün ipoteka müştəriləri başqa banklara köçürüləcək. Ona görə də müştərilərə bir neçə gün gözləməyi məsləhət görmüşük”, – deyə AIF-dən bildirilib.
Fonddan bildirilib ki, yaxın bir neçə gün ərzində bankın ipoteka müştərilərinə SMS-lə məlumat veriləcək. Bu müddət ərzində ödənilməyən ipoteka ödənişləri gecikmiş sayılmayacaq.
Qeyd edək ki, Etibar Əliyevin həbsindən sonra “Bank Technique” Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin nəzarətinə keçmişdi. Təsadüfi deyildi ki, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbərliyindən istefa verəndən sonra “Bank Technique”nın sədri təyin olunması barədə məlumat yayılmışdı. Lakin “kredit qalmaqalı” başlayandan sonra “Bank Technique” ilə bağlı da ciddi problemlər yarandı. Bir çox qurumlar bankla əməkdaşlığı dayandırdı.
Lakin yeni məlumatlara görə, bank artıq mülfis olub. “Yeni Müsavat” yazıb ki, fiziki və hüquqi şəxslər vəsaitlərini ordan çıxara bilmirlər. Buna görə də bank rəhbərliyi ilə müştərilər arasında ciddi qalmaqal yaranıb. Bankın Babək prospektində yerləşən baş ofisində hər gün qarşıdurma yaşanır. Məlumatda həmçinin deyilir ki, bankda xeyli dövlət qurumunun vəsaiti hələ də qalmaqdadır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi bankla əməkdaşlığı dayandırsa da, 10 milyon manat pulu hesabdan çəkə bilmir. Nazir Heydər Əsədov dəfələrlə bank rəhbərliyinə müraciət etsə də, deyilənə görə, ortada nəticə yoxdur. Bizə çatan məlumatda o da bildirilir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident Administrasiyasına, baş nazir Artur Rasizadəyə də şikayət edib. Lakin hər iki instansiya ona deyib ki, nazirliyin pulunu bankdan çıxarmasına hər hansı köməklik göstərə bilməyəcəklər.
Bakı Metropoliteninin də “Bank Technique”də xeyli pulunun “ilişib” qaldığı deyilir. Bank metropolitenlə əməkdaşlığı dayandırsa da, onlar hesabdakı qalıq pulu çəkə bilmirlər. Məlumatlara görə, Bakı Metropoliteninin “Bank Technique”də 2 milyona yaxın vəsaiti qalır. Bundan başqa notariuslar, Baş Dövlət Yol Polisi Idarəsi, “Santral Elektrik” şirkəti və s. qurumlar da öz hesablarını bankdan çıxarıblar. Lakin onların da müəyyən məbləğdə pullarının hesablarda qaldığı bildirilir.
Əmanətçilərin dediyinə görə isə pulunu istəyən əksər müştərilər, o cümlədən dövlət qurumlarının rəhbərləri açıqca şantaja, təhdidə məruz qalır. Iddia edilir ki, depozit sahiblərini hüquq-mühafizə orqanları ilə hədələyib geri çəkilmələrini, hətta puldan imtina etmələrini tələb edirlər.


