«Azadlıq»ın yazdıqları təsdiqini tapdı
Avropa Oyunları ərəfəsində “Atletlər” kəndində baş verən qəzadan bir neçə gün sonra “Azadlıq” qəzeti məlumat yaymışdı ki, nəqliyyat naziri hadisədən qəzəblənib. Nazir olaya görə 10-a yaxın işçisini cəzalandırıb. Onlardan bəziləri işdən çıxarılıb, bəziləri isə şiddətli töhmət alıb. Məlumatda deyilirdi ki, Ziya Məmmədovdan işdən çıxarılanların yenidən vəzifələrinə bərpa edilməsi xahiş olunsa da, o təxminən bu şəkildə reaksiya verib: “Mənə deyilən sözlər sizə deyilsəydi, daha sərt addım atardınız”.
Məlumatda həmçinin bildirilirdi ki, bu məsələyə görə Ziya Məmmədovun karyerası təhlükə altına düşüb.
“Azadlıq”ın yazdıqları təsdiqini tapmaqdadır. Baku.ws saytı xəbər yayıb ki, avqust 3-də Nəqliyyat Nazirliyində iclas keçirilib. Iclasda Avropa Oyunları ərəfəsində şəhərdaxili sərnişindaşımada qeydə alınan bir çox qüsurlar müzakirə olunub. Əsasən sərnişin avtobuslarının iştirakı ilə qeydə alınan qəzalar müzakirə olunub.
Müzakirədən sonra Nəqliyyat Nazirliyinin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən qovulublar. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar.
Həmin iclasda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə Elnur Abdullayev təyin olunub.
Qeyd edək ki, adıçəkilən şəxslər Avropa Oyunları zamanı baş verən qəzadan bir neçə gün sonra qovulublar. Sadəcə avqustun 3-də keçirilən iclasda bu barədə də danışılıb. Yeri gəlmişkən, işdən çıxarılanlar arasında Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun oğlu Rövşən Məmmədov da var.
Bundan əvvəl Rövşən Məmmədovun məlum qəza ilə bağlı istintaqa çağırılması barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.
Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.


