Stalinizmə lənət oxumağa nə var ki?..

Allahın bizə bir dəfə bəxş etdiyi həyatı qorxmadan, ləyaqətlə yaşamaq, haqsız yerə məhv edilənə dəstək olmaq lazımdır

 

Leyla xanımın məhkəməsinə getmişdim. Həm də təyin olunan vaxtdan xeyli əvvəl. Məhkəmə zalına adamların buraxılmadığı haqda məlumatlı idim. Amma özüm şəxsən əmin olmaq istədim. Getdim və gözlərimlə gördüm ki, məhkəmə faktiki qapalı keçirilir. Məhkəmə zalına Leyla xanıma aidiyyatı olmayan adamlar arxa qapıdan doldurulur. Jurnalistlərin və istimaiyyət nümayəndələrinin isə prosesdə iştirakına imkan verilmir. Məhkəmə zalına rəsmi giriş qapısını yekə bir qıfılla bağlayıblar. Hökumətin bu addımı Leyla xanıma və onun taleyinə biganə olmayan ictimaiyyət nümayəndələrinə problem yaradır. Amma hökumətin özünü də növbəti dəfə ifşa edir.

Hər kəs özünə sual versin: Hakimiyyətin Leyla xanımı ittiham etməyə ciddi əsasları olsaydı, onu ifşa etmək üçün prosesin açıq və həm də böyük zalda keçirilməsində özü maraqlı olmazdımı? Bir il ərzində Leyla xanımı “erməni agenti” ittihamı ilə mənəvi terror etdilər. Məhkəmə başlayanda bu “əsas” ittihamdan geri çəkildilər. Digər “ittihamlar” üzrə prosesi isə qapalı keçirirlər. Hökumətin mənəvi terrorunun təsirinə düşmüş bir çox sadəlövh vətəndaşlarımız nəhayət, indi əmin oldularmı ki, “erməni agenti” söhbəti sadəcə qara piar idi? Başa düşdünüzmü ki, hökumətin əlində Leyla xanıma və həyat yoldaşı Arif Yunusa, eləcə də jurnalist Rauf Mirqədirova qarşı heç bir ciddi və əsaslı cinayət ittihamı yoxdur? Onları sifarişlə və saxta ittihamlarla həbs ediblər. Ona görə həbs ediblər ki, Leyla xanım qorxmadan hökumətin hədəfində olan hər bir siyasi məhbusa dəstək olurdu, hökumətin repressiya siyasətini bütün dünyada ifşa edirdi. 

37-ci il repressiyalarından yazılmış oçerkləri, romanları oxuyub, təsirlənib, stalinizmi lənətləməyə nə var ki? İndi gözümüzün qarşısında bir ahıl və xəstə qadını, ölkənin ən prinsipial hüquq müdafiəçisi Leyla Yunusu rejim məhv edir. Allahın bizə bir dəfə bəxş etdiyi həyatı qorxmadan, ləyaqətlə yaşamaq, haqsız yerə məhv edilənə dəstək olmaq lazımdır. Xüsusilə, ağır zamanlarda, bunu etmək çətin olanda əzilənin yanında olmaq, onun əlindən tutmaq çox vacibdir. Bunu həm də ona görə etmək lazımdır ki, gələcək nəsillər bizə görə utanmasınlar, insanlar millətin ədalətinə inamlarını itirməsinlər!