İctimai Palatadan KXCP sədrinə cavab

“İctimai Palata haqqında ittihamların ən istedadlısı Əli Həsənova məxsusdur, yerdə qalanlar plagiatla məşğuldur”

KXCP sədri Mirmahmud Mirəlioğlu “Bizim yol” qəzetinə müsahibəsində Ictimai Palatanın ünvanına növbəti dəfə ittihamlar səsləndirib. M.Mirəlioğlu vurğulayıb ki, Ictimai Palata özünü doğrultmadı və bu təşkilat əslində ümidləri öldürdü. Təşkilatın həyata keçirdiyi aksiyalara gəlincə, M.Mirəlioğlu qeyd edib ki, IP-in reallaşdırdığı bir sıra addımları da o, yanlış sayır. “Söyüş söymək müxalifətçilikdir bəyəm? Biz söyüş söyməyəcəyik. Adamları döydürmək müxalifətçilikdirsə, biz döydürməyəcəyik”.
2003-cü ildə ölkədə baş verən proseslərə də toxunan M.Mirəlioğlu konkret ad çəkməsə də Müsavat Partiyasını “diqqətdən” kənar qoymayıb: “Biz haçan harada varıqsa, orada qələbə var! Haradaydı 2003-cü ilin qələbəsinin rəhbəri? Hara getdi sonra? Bütün bunları nəzərə alın”.

«Mirmahmud bəy düşünürsə ki, Quran oxumaqla donuz darıdan çıxacaq, yanılır»


Məsələ ilə bağlı Müsavat başqanının müavini, IP üzvü Tofiq Yaqublunun mövqeyini öyrəndik. T.Yaqublu bildirdi ki, Ictimai Palata hazırkı rejimlə mübarizə aparan əsas müxalifət qüvvəsidir və hakimiyyət demokratiyaya qarşı yürüdülən mübarizədə opponentlərinə qarşı zorakı metodlardan istifadə edir: “Əgər Mirmahmud bəy düşünürsə ki, Quran oxumaqla donuz darıdan çıxacaq, yanılır. Diqqət yetirmək  lazımdır, biz kimə qarşı mübarizə aparırıq. Azərbaycandakı hazırkı quruluş hakimiyyəti qanunsuz mənimsəyərək, ölkənin var-dövlətini talayır. Dünyada azadlığın taleyinə nəzər salaq. Avropada vaxtilə nə baş verib və hazırda Şimali Afrika ölkələrində nə baş verir. Insanlar azadlıqları uğrunda canından belə, keçməkdən çəkinmirlər”.
Demokratiya uğrunda yürüdülən siyasətin alternativinin olmadığını deyən T.Yaqublu bildirdi ki, demokratiya uğrunda aparılan mübarizənin məhrumiyyətlərini hamı dərk edir: “Biz heç kimin döyülməsini istəmirik. Amma kimsə düşünürsə ki, hakimiyyət mahiyyətini demokratik islahatlar, yazdığımız köşələrlə dəyişəcək, yanılır. Bəşər övladı artıq bu yolu sınaqdan çıxarıb. Demokratiyaya gedən yol gərgin mübarizədən keçir. Mürtəce rejim də bu mübarizəyə öz mahiyyətinə uyğun cavab verir. Əlbəttə, çalışmaq lazımdır ki, bu mübarizə mümkün qədər qansız-qadasız keçsin. Əgər Mirmahmud bəy deyirsə ki, qələbə KXCP olan yerdədir, buyursun, o qələbəni qazansın, cəmiyyəti demokratikləşdirsin, o zaman da camaatın döyülməsinə ehtiyac olmaz”.

«Əli Həsənovdan sonra İctimai Palata barəsində səslənən ittihamlar intellektual səviyyəcə çox aşağıdır»

M.Mirəlioğlunun müsahibəsi ilə tanış olmadığını deyən IP üzvü Pənah Hüseyn indiyə qədər IP-in ünvanına çoxlu ittihamlar səsləndirildiyini xatırlatdı. Amma bu ittihamlar içərisində ən istedadlısının Ə.Həsənovun söylədikləridir deyən P.Hüseyn qeyd etdi ki, yerdə qalanlar, sadəcə olaraq plagiatla məşğul olur: “Mirmahmud bəy də Ictimai Palata haqqında bu tərzdə danışıbsa, çox təəssüf edirəm. Ictimai Palata barəsində indiyə qədər Əli Həsənovdan sonra səslənən ittihamlar intellektual səviyyəcə çox aşağıdır. Digər tərəfdən, səslənən bu ittihamlar elə bir xüsusi maraq doğurmur”.

Xəyal