“Danışıqlar prosesi bitib və nəticə də bəllidir”

Eldar Namazov: “Rəsmi görüşlər yalnız görüntüdür”

«Moskva məsələni dondurulmuş vəziyyətdə saxlamağa cəhd edir»

 

Rusiya prezidentinin vasitəçiliyi ilə keçən Kazan görüşü nəticəsiz başa çatsa da, bu mövzu hələ də müzakirə predmeti olaraq qalır. Məsələ ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Mövzunun aktuallağını nəzərə alıb bu və başqa məsələlərlə bağlı politoloq Eldar Namazovun mövqeyi ilə tanış olduq.

– Kazan görüşü ilə bağlı müxtəlif şərhlər olub. Ancaq görünən ondan ibarətdir ki, Obamanın, Sarkozinin məktubu ilə yanaşı Rusiya özünə yaxın sayılan iki dövlət arasında anlaşma əldə edə bilmədi. Rusiyanın rolu ilə bağlı nə demək olar?
– Kazan görüşünü dəqiq şərh etmək üçün ümumiyyətlə, Qarabağla bağlı gedən prosesin hansı mərhələdə olduğunu təsəvvür edək. Nəzərə alaq ki, Minsk qrupu çərçivəsində aparılan rəsmi danışıqlar yalnız görünən tərəfdir. Qarabağla bağlı gedən proseslərin görünməyən tərəfləri də var. Daha vacib olan məsələləri aydınlaşdıran amillər var. Rəsmi görüşlər isə görüntüdür. Onun arxasında tamam başqa proseslər, başqa amillər gedir. Qısa olaraq pərdə arxasında olan proseslərə toxunum ki, onun fonunda Kazan görüşünü də düzgün qiymətləndirə bilək.
Uzun illərdir rəsmi danışıqlarda iştirak etmişəm. Vəzifədən gedəndən sonra da müxtəlif beynəlxalq təşkilatlarda görüşlərim, müzakirələrim olur. Demək olar ki, bütün pərdəarxası proseslərdən də məlumatlıyam. Tam əminliklə deyə bilərəm ki, 90-cı illərin ortasından başlayan danışıqlar prosesi məzmun baxımından bitib və nəticə də artıq bəllidir. Nəticə də ondan ibarətdir ki, yalnız mərhələli plan üzərində saziş imzalana bilər. Nə paket, nə də qarışıq variant planı mümkündür. Yeganə mümkün olan sülh variantı 1997-ci ilin sonunda tərəflərə təklif olunan, həm Yerevan, həm də Bakının qəbul etdiyi mərhələli plandır. Məhz bu plana görə o zaman Levon Ter-Petrosyan devrildi və onun yerinə Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəldi. Bu planda cəmiyyətimizi narahat edən məsələlər kifayət qədər çoxdur. Ermənistanda da bu plan bir çox sahələrdə narazılıq yaradır. Ancaq yeganə mümkün olan həll variantıdır. Onun da fəlsəfəsi bəllidir. Indiki mərhələdə status müzakirə olunmur. Ətraf rayonlar azad olunur, qaçqınlar qayıdır. Təhlükəsizlik məsələləri həll olunur, Qarabağa müvəqqəti status verilir. Türkiyə ilə Ermənistan arasında sərhədlər açılır. Artıq orada normal həyat qurulmağa başlayır. Statusla bağlı 10, bəlkə 20 ildən sonra komissiya yaradılır və bu məsələ həllini tapır. Qarabağ probleminin müzakirəsi zamanı əldə olunan real nəticə ondan ibarətdir ki, burada gələcək üçün üç ssenari var. Ya mərhələli planla sülh prosesi başlayır, ya məsələ dondurulur, heç nə dəyişmir, ya da müharibə olur. Belə olan halda, danışıqlar, görüşlər nəyə lazımdır?
Söhbət ondan gedir ki, mərhələli plana razılıq vermək üçün lazımi şərtlər formalaşmayıb. Vaxt var idi, 1997-ci ilin sonunda rəsmi Yerevanla rəsmi Bakı mərhələli plana razılıq vermişdi. Moskva bunun əleyhinə idi. Moskvanın müdaxiləsindən sonra Ermənistan daxilində faktiki olaraq dövlət çevrilişi başladı və bu plan pozuldu. Indi isə hazırda 1997-ci ildə dövlət çevrilişini edən adamlar Ermənistanda hakimiyyətdədir. Mərhələli planın indi qəbul olunmasına iki böyük maneə var. Biri Rusiyanın mövqeyi, ikinci də Ermənistanda mərhələli plana razılıq verən Ter-Petrosyanı devirən Sərkisyanın hakimiyyətdə olması. Onun mərhələli plana razılıq verməsi ölkənin daxilində özü üçün böyük problemlər yaradacaq. Ortaya sual çıxacaq. Nəyə görə 14 il Ermənistan cəmiyyəti vaxt itirib. 1997-ci ildə mərhələli plan qəbul olunsaydı, Ermənistan iqtisadi cəhətdən böyük uduşlar əldə edərdi, bugünkü vəziyyətdə olmazdı. Artıq bölgədə də tamam başqa vəziyyət yaranardı. Bu məsuliyyət o dövr mərhələli planın qarşısını alan Köçəryan və Sərkisyanın üzərinə düşür. Ona görə də Ermənistan prezidenti üçün mərhələli planın yeganə mümkün variant olduğunu etiraf etmək siyasi baxımdan özünə sui-qəsddir. Bu o deməkdir ki, Köçəryan 1997-ci ildə böyük səhv etdi və 14 ildə Ermənistan cəmiyyətini çox pis vəziyyətə qoydu.
Təbii ki, burda Rusiya da mərhələli planın qəbul olunmasına maneəçilik törətməkdə davam edir. Çünki Rusiya sülh prosesində öz geosiyasi maraqlarını təmin etmək istəyir. Nə qədər ki, o geosiyasi maraqlar təmin olunmayıb, o cümlədən sülhməramlı qüvvələrin tərkibi, Rusiyanın bölgədə hərbi və siyasi təsirinin artması kimi onu qane edəcək şərtlər yoxdur, Moskva məsələni dondurulmuş vəziyyətdə saxlamağa cəhd edir. Ancaq bu həqiqəti nə Ermənistan rəsmiləri, nə Kreml açıq deyir. Müxtəlif yeni təkliflər edirlər. Halbuki gözəl başa düşürlər ki, Bakı Qarabağın Azərbaycanın tərkibindən çıxmasına yol açan sazişə heç vaxt imza atmayacaq. Rus diplomatiyası kifayət qədər təcrübəlidi, onlar yüz illərlə bu bölgədə öz siyasətlərini yürüdüblər. Azərbaycan və Ermənistanda şəraiti də yaxşı bilirlər. Başa düşürlər ki, hansı təklif keçər, hansı keçməz. Ona görə də imitasiya prosesi gedir. Ancaq reallıqda hamı başa düşür ki, mərhələli plandan başqa plan yoxdur. Ona görə də bu danışıqlardan heç bir nəticə gözləmirəm.

“Vaşinqton və AB-nin birgə apardığı proses razılığa gətirib çıxara bilər”

– Lavrov ABŞ-a hansı təklifləri apara bilər?
– Əslinə qalsa, bu hərəkətlərin arxasında Qarabağ problemi dayanmır. Moskva çox narahatdır ki, Kazan görüşündə heç bir nəticə əldə olunmadı. Bu başqa həmsədrləri, Fransa, xüsusilə ABŞ-ı, ola bilsin, Avropa Birliyini sövq edər ki, təşəbbüsü ələ alsın. Artıq yeni bir mərhələdə bir neçə il onların təşəbbüsü ilə hansısa proses getsin. Moskva əmin deyil ki, həmin proses uğursuz ola bilər. Ola bilsin, Vaşinqton və Avropa Birliyinin birgə apardığı proses son nəticədə razılığa gətirib çıxara bilər. Çünki Ermənistanda indi digər vacib bir amil rol oynamağa başlayıb. Ermənistan həqiqətən də çox ağır iqtisadi-sosial durumdadır. Ermənistan iqtisadiyyatında əsas rolu tikinti sektoru oynayırdı. Korrupsiyadan gələn gəlirləri hakim elita tikintiyə buraxırdı. Azərbaycanda da biz bunu görürük. Bu, dünyada qəbul olunmuş korrupsiya sistemidir. Bir neçə il bundan əvvəl qlobal maliyyə böhranı başlayanda Ermənistana bu baxmdan böyük zərbə dəydi. Tikinti sektoru dayanb, başqa işləyən sektor da yoxdur. Ona görə Ermənistan xarici iqtisadi yardımlardan asılı vəziyyətdədir. Bu da beynəlxalq təşkilatlara, maliyyə qurumlarına və onların arxasında duran aparıcı siyasi qüvvələrə Ermənistana təzyiq etməyə imkan verir. Bu təzyiqi edəcəklər ya yox, bu, artıq başqa sualdır. Ancaq təzyiq üçün bütün şərait formalaşır. Rusiya artıq o qədər əmin deyil ki, Ermənistan bu təzyiqə tab gətirə bilər. Ona görə də Kazan görüşündən sonra Moskva çox narahatdır ki, ya Vaşinqton, ya Fransa və onun arxasında dayanan Avropa Birliyindən yeni təşəbbüslər irəli sürülə bilər. Fransanın xarici işlər naziri də demişdi ki, ola bilsin, yeni təşəbbüslər olsun. Moskva nəticə əldə olunmasına maneçilik törədir. O biri tərəfdən bu təşəbbüsün öz əlindən çıxmasından da çox narahatdır. Lavrovun həm Bakıya, həm Yerevana səfəri, ondan sonra Vaşinqtona səfəri ona yönəlib ki, bu təşəbbüs Rusiyanın əlindən çıxmasın. Proses bundan sonra da Rusiyanın patronajlığı altında davam etsin. Ancaq dünya diplomatiyasında Qarabağ problemi ilə bağlı maraqlı və müsbət dəyişikliklər baş verir. Həm ABŞ, həm də Avropa Birliyi bir prinsip irəli sürürlər ki, müharibə də, eyni zamanda status-kvonun saxlanması da qəbulolunmazdır. Əvvəl bunların hər ikisi deyirdi ki, güc tətbiq etmək olmaz. Bu da o anlama gəlirdi ki, yaranmış vəziyyət elə də qalmalıdır. Təbii ki, Azərbaycan da bunu qəbul edə bilməz.

“Yaranmış status-kvo uzun zaman davam edə bilməz”

– Bu o demək deyilmi ki, bugünkü status-kvo qala bilməz, yəni, Rusiyanı burdan qovacağıq?
– Hər halda belə bir yanaşma Ermənistandan çox, Azərbaycanın maraqlarına cavab verir. Çünki Azərbaycan müharibə naminə müharibə etmək istəmir. Azərbaycanın müharibə etmək hədələri və bu istiqamətdə addımları məhz status-kvonu dəyişmək üçün yönəlmişdir. Əgər status-kvo diplomatik yolla və Azərbaycanı qane edəcək bir istiqamətdə dəyişəcəksə, təbii ki, güc tətbiqindən imtina edər. Ona görə “status-kvo artıq saxlanıla bilməz” formulu həm Yerevanı, həm də Moskvanı çox narahat edir. Moskvanın özündə, Rusiya siyasətində ikitirəlik var. Kazan görüşü ərəfəsində bu, açıq hiss olunurdu. Putinə yaxın olan Rusiya mətbuatı Medvedevi ittiham edirdi ki, o, deyəsən ciddi nəticə əldə etmək istəyir. Kazanda tərəfləri nəyisə imzalamağa çağırır. Belə bir sənəd imzalansa, Rusiya bölgədə öz mövqeyini itirə bilər. Güman edirəm ki, yaranmış status-kvo uzun zaman davam edə bilməz. Xüsusən də yaxın illərdə həm Rusiyanın daxilindəki proseslər, həm Ermənistanın düşdüyü sosial-iqtisadi durum onu göstərir ki, vaxt Moskvanın və ermənilərin xeyrinə işləmir.

ardı var

Fizzə Heydərli,
Seymur Həziyev