Banklardakı əmanətlərin yalnız 28 faizi qorunur

Əhali bir ayda 79 milyon manat faiz ödəyir

Bu ilin ilk yarısının yekunlarına görə, ölkə banklarında əmanətlərin həcmi 7 561 mln. manat olub. Əmanətlərin sığortalanması fondundan verilən məlumata görə, son 6 ayda əmanətlər ümumilikdə 884 milyon manat (13,2%), qorunan əmanətlər isə 1 452 mln.manat (46,9%) artıb.

Kompensasiya olunan əmanətlər 437ÿ milyon manat (25,9%) artaraq 2 122 milyon manat olmuşdur ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir. Hazırda bankda əmanəti olan 7 147 401 əmanətçinin 90%-nin, yəni 6 444 188 nəfərin əmanəti qorunur. Sığortalanan ÿəmanətlərin 69%-i ABŞ dollarının, 27%-i manatın, 4%-i avronun payına düşür.

Bankların hazırda ciddi təlatümlər yaşadığı bir zamanda yalnız 28 faiz əmanətlərin qorunması vətəndaşların böyük qismində narahatlıq yaradır.

Digər statistik rəqəmlər də maraq doğurur. Məlum olur ki, bu ilin birinci yarısında Azərbaycan əhalisi kreditlər üzrə faizlərin ödənilməsinə 475 milyon manat sərf edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 19,8 milyard manata çatıb və gəlirlərin 2,4 faizi və ya 475,2 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

2014-cü ilin yanvar-iyun aylarında 17,8 milyard manatlıq gəlirin 2,6 faizi və ya 462,8 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdi.

İstehlaka yönəldilən xərclər artır, əhali daha az yığır

2015-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,2 faiz artaraq 19,8 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2087,2 manat təşkil edərək 4,9 faiz artıb.

Bu dövr ərzində gəlirlərin 74,2 faizi son istehlak xərclərinə, 9,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 14 faizi isə yığıma yönəldilib. Əhalinin sərəncamda qalan gəlirləri 18 milyard manat təşkil edib və əvvəlki ilin eyni dövründəkindən 6,2 faiz çox olub.

Müqayisə üçün əlavə edək ki, 2014-cü ilin yanvar-iyun aylarında 17,8 milyard manat gəlirlərin 70,2 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18 faizi isə yığıma yönəldilib. Göründüyü kimi, ötən illə müqayisədə bu il istehlak yönəldilən xərclər 4% artıb, yığıma yönəldilən vəsaitlər isə bir o qədər azalıb (“Marja”).

Bir ayda banklardan 150 milyon manat əmanət çıxarılıb

Azərbaycan banklarında əmanətlərin həcmi azalıb. Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, ilk yarım ilin sonuna banklarda əmanətlərin həcmi 7 milyard 561 milyon manat təşkil edib ki, bu da bir ay əvvələ nisbətən 156 milyon manat və ya 2,02% azdır.

Ekspertlərin fikrincə, əmanətlərin yalnız 28 faizinin sığortalanması sırf qoyulan məhdudiyyətlərlə bağlıdır. Əmanətlərin Sığortalanması Fondu bütün banklarlardakı əmanətlərı sığortlamır. Digər tərəfdən isə əmanətlərin sığortalanması üçün bəlli hədd – 30 min manat var. Ona görə iqtisadçılar tövsiyə edir ki, vəsaitlərini sığortalanmayan vətəndaşlarımız hətta yüksək faizə belə aldanıb, əmanətlərini sığortalamadan banklara etibar etməsinlər. Çünki bir müddətə qədər əgər bankların vəziyyəti narahatlıq yaratmırdısa, hazırda bu istiqamətdə ciddi problemlər yaşanır. Bankların böyük qismi əmanətçiləri qarşısındakı öhdəliklərini icra edə bilmirlər.

Əhalinin bir ayda 79 milyon manat faiz ödəməsi də əslində ciddi statistik rəqəmdir. Bu, ölkədə ağır sosial durumun hökm sürdüyünü deməyə əsas verir. Çünki əhali üzləşdiyi maliyyə problemlərini banklardan götürdükləri kreditlər hesabına ödəmək istəyir. Böhran dövründə isə bu olduqca təhlükəli tendensiyadır. Çünki böhran ilk növbədə iş yerlərini vurur. Iş yerini itirən vətəndaş isə üzərinə götürdüyü kredit öhdəliklərini icra edə bilmir.

Xəyal