Sülhəddin Əkbər: «Türkiyə Azərbaycandan PKK-nın fəaliyyətinə dəstək olan istiqamətləri durdurmasını, konkret şəxslərə qarşı addımların atılmasını istəyə bilər»
Türkiyənin iki güclü terror təşkilatı ilə eyni zamanda müharibəyə daxil olması bir sıra problemlər yaratmamış deyil. PKK-ya və IŞID-ə endirilən zərbələrə cavab olaraq ölkə daxilində terror aktları törədilir. Bu istiqamətdə xüsusilə seçilən PKK-dır. Bu terror təşkilatının dayaqlarından biri də Azərbaycanda yerləşir. Terror təşkilatı özü də dəfələrlə etiraf edib ki, Azərbaycandan onlara maliyyə, ərzaq dəstəyi verilib.
Ona görə Türkiyə mətbuatında dərc olunan yazılara görə Türkiyə hökumətinin PKK məsələsilə bağlı Azərbaycanın qarşısında da tələblərlə çıxış edəcəyi gözlənilir. Türkiyə siyasi dairələrində aparılan müzakirələrə görə, qardaş ölkənin prezidenti Ərdoğan yaxın vaxtlarda bu məsələ ilə bağlı Ilham Əliyevlə danışıqlar apara bilər.
Qeyd edək ki, Türkiyə hökuməti son günlərdə PKK-ya qarşı indiyə qədər görünməmiş səviyyədə mübarizəyə başlayıb. Müşahidələr göstərir ki, Ankara PKK problemini biryolluq həll etmək niyyətindədir. Bu terror təşkilatının bütün nəfəslikləri qapadılır. Təşkilata azacıq simpatiyası olanlar zərərsizləşdirilir.
Bundan başqa o da nəzərə alınmalıdır ki, Türkiydə keçirilən son seçkilərdə hakim partiya Azərbaycanda qələbə qazana bilməyib. Bir sıra ekspertlərin fikrincə, bu da təsadüfi dəyərləndirilməməlidir.
Bəs Türkiyə PKK-ya qarşı mübarizədə Azərbaycandan hansı istəklərdə buluna bilər? Azərbaycanın öz növbəsində ata biləcəyi addımlar hansılardır?
Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bildirdi ki, Türkiyə PKK-nın Azərbaycanda fəaliyyəti barədə ətraflı bilgilərə sahibdir və bu barədə Azərbaycan hakimiyyətinə ən yüksək səviyyələrdə bildirilib. PKK-nın Azərbaycandan ilk növbədə maliyyə mənbəyi, təchizat və tranzit ölkə kimi istifadə etdiyini deyən S.Əkbər vurğuladı ki, ona görə Türkiyə Azərbaycandan PKK-nın fəaliyyətinə dəstək olan istiqamətləri durdurmasını, konkret şəxslərə qarşı addımların atılmasını istəyə bilər: “PKK-nın son zamanlar Naxçıvan yolu üzərində əməliyyatlar keçirməsi, girovlar götürməsi, maşınlar yandırması Azərbaycan tərəfinə verilən mesajdır. Azərbaycanla Türkiyə arasında 2010-cu ildə ”strateji tərəfdaşlıq və qarşılıqlı yardım göstərilməsi" barədə müqavilə imzalanıb. Bu baxımdan düşünürəm ki, Azərbaycan hakimiyyəti əvvəlki dövrlərdən fərqli olaraq ciddi addımlar atmalıdır. Çünki PKK-nın terror təhdidi Azərbaycana qarşı da yönəlib".
Xəyal