Bütün zamanların ən zəngin 10 adamı

Rokefeller, yoxsa Çingiz xan daha varlı olub?

Sual asan görünsə də, cavabı çox müşküldür. Bu sıralama iqtisadçı və tarixçi-alimlərlə saatlarla davam etmiş müsahibələrin nəticəsində hazırlanıb.

10.Çingiz xan (1162-1227)

Ölkə: Monqol Imperiyası. Sərvəti: Ucsuz-bucaqsız torpaqdan başqa, demək olar, heç nə.
Çingiz xan Monqol Imperiyası kimi tarixdə ərazicə ən böyük imperiyanın başçısı olsa da, var-dövlət düşkünü olmayıb. Əksinə, Xanın səxavətliliyi onun nüfuz qazanmasında böyük rol oynayıb.
CUNY Kral Kollecinin tarix üzrə professoru Morris Rokkabi deyir ki, Çingiz xanın uğurunun əsaslarından biri əldə etdiyi qəniməti hərbçiləri ilə paylaşması olub. Hərbçilərə işğal etdikləri ərazidə şəxsi mənafeləri üçün yağmalamaq qadağan imiş.
“Çingiz xan və müasir dünyanın qurulması” kitabının müəllifi Jack Weatherfordun bildirdiyinə görə, qənimət bölüşdürülərkən Xana da pay düşüb. Amma bu, çətin ki, onu çox varlı edərdi: “O nə özü, nə də ailəsi üçün saray, ibadətgah və ya səcdəgah tikdirib. Heç ev də tikdirməyib. Çadırda doğulub, elə çadırda da ölüb”.

9.Bill Geyts (1955-ci ildən indiyədək)

Ölkə: ABŞ
Sərvəti: 78.9 milyard dollar.
Ömrünü başa vurmamış ən zəngin şəxs tituluna sahib Bill Geytsin varidatını hesablamaq nisbətən asandır. “Forbes”in məlumatına görə, “Microsoft”un təsisçisinin sərvəti 78.9 milyard dollardır. Bu, dünyanın ikinci ən varlı şəxsi, “Zara” geyim mağazaları şəbəkəsinin həmtəsisçisi Amancio Orteqanın varidatından 8 milyard çoxdur.

8.Alan Rufus (1040-1093)

Ölkə: Ingiltərə
Sərvəti: 194 milyard dollar.
“Zənginlərin zəngini” kitabının müəllifləri Filip Beresford və Bill Rubinstein yazırlar ki, Fateh Uillyamın qardaşı oğlu olan Rufusun öləndə 11 min funtu olub. Bu məbləğ o zaman Ingiltərə ÜDM-sinin 7%-nə bərabər olub. 2014-cü ilin dolları ilə bu, 194 milyard dollar deməkdir.

7.John Rokefeller (1839-1937)

Ölkə: ABŞ. Sərvəti: 341 milyard dollar.
1863-cü ildən neft sənayesinə sərmayə yatırmağa başlayan Rokefeller 1880-ci illərdə artıq ABŞ-ın neft hasilatının 90%-nə nəzarət edib.
1918-ci ildə onun varidatı 1.5 milyard dollar qiymətləndirilib ki, bu da o vaxt ABŞ iqtisadiyyatının 2%-nə ekvivalent olub. 2014-cü ildə bu, 341 milyard dollar edirdi.

6.Andrew Karnegi (1835-1919)

Ölkə: ABŞ. Sərvəti: 372 milyard dollar
Amerikanın gəlmiş-getmiş ən zəngin adamı. Şotlandiyadan olan immiqrant Karneəie özünün polad istehsal edən şirkətini 1901-ci ildə C.P.Morqana 480 milyard dollara satıb. Bu, o zaman ABŞ-ın ÜDM-sinin 2.1%-nə bərabər olub – hazırkı pulla 372 milyard dollar.

5.Iosif Stalin (1878-1953)

Ölkə: SSRI. Sərvəti: Dünya ÜDM-sinin 9.6%-ni təşkil edən bir ölkə.
Mütləq hakimiyyətə sahib bir diktator olaraq Stalin qlobal istehsalın 9.6%-ni verən bir ölkənin tam ağası olub. Bu məbləğ bugünkü pulla ifadədə 7.5 trilyon dollara bərabər olub. Bu varidat birbaşa Stalinin olmasa da, o, faktiki olaraq ölkədə istədiyi hər bir şeyi etmək iqtidarında olub.

4.I Böyük Əkbər (1542-1605)

Ölkə: Hindistan Sərvəti: Qlobal ÜDM-nin 25%-ni təşkil etmiş imperiya.
Böyük Moğol imperiyasının padşahı olan Böyük Əkbərin dövründə Hindistanın adambaşına düşən ÜDM-si kraliça ‰elizavetanın Ingiltərəsinin göstəricisinə yaxın olub. Iqtisadçı Branko Milanoviçin məlumatına görə, Moğollar sülaləsi əhalidən sərvət toplamaqda ən səmərəli imperiyalardan biri olub.

3.Imperator Şen Tszun (1048-1085)

Ölkə: Çin. Sərvəti: Qlobal ÜDM-nin 25%-30%-ni təşkil etmiş imperiya.
Çinin Sun sülaləsi tarixin ən qüdrətli imperiyalardan biri olub. Imperiya özünün ən güclü vaxtında dünya istehsalının 25%-30%-ni verib. Imperiyanın misilsiz sərvəti bir tərəfdən texnoloji innovasiyalar, digər tərəfdən vergi toplamaq qabiliyyəti sayəsində formalaşıb.

2.Sezar Oktavian Avqust (e.ə.63 – b.e.14)

Ölkə: Roma. Sərvəti: 4.6 trilyon dollar.
Oktavian Avqust dünya ÜDM-sinin 25%-35%-ni təşkil edən bir imperiyaya rəhbərlik etməklə yanaşı, onun şəxsi varidatı da ölkə iqtisadiyyatının beşdə birinə bərabər olub. 2014-cü ilin dolları ilə bu, 4.6 trilyon dollar deməkdir. O, bir müddət bütün Misirə sahib olub.

1.Mansa Musa (1280-1337)

Ölkə: Mali. Sərvəti: Kiminsə təsəvvür edə biləcəyindən daha varlı.
Timbuktu kralı Mansa Musa bütün zamanların ən varlı adamı sayılır. Ferrum Kollecindən tarix üzrə professor Riçard Smit deyir ki, Afrikanın qərbində Musa şahlığı qızıla tələbatın yüksək olduğu bir dövrdə ən çox qızıl hasil edən ölkə idi.
Bəs onun varidatı nə qədər olub? Bunu ifadə etmək həqiqətən çox çətindir. Bəzi rəvayətlərə görə, Musa Həcc ziyarətinə gedərkən yolüstü Misirdə o qədər pul xərcləyib ki, Misirdə maliyyə böhranı yaranıb.
Miçiqan Universitetinin professoru Rudolf Warenin dediyinə görə, Musanın varidatı elə misilsiz olub ki, o dövrün mənbələri bunu təsvir etməkdə çətinlik çəkiblər. Çox vaxt belə deyiblər: “Bir adamın ən çox nə qədər qızılı ola biləcəyini təsəvvür edirsinizsə, Musanın sərvəti onun ikiqatıdır”.
Doğrudan da, kimsə sizin varidatınızı təsəvvür etməkdə çətinlik çəkirsə, deməli, siz həddən artıq varlısınız.

“Azadlıq” radiosu