Hakim ailənin ofşor zonalara üz tutması təsadüfi deyil
Məhəmməd Talıblı: «Bunlar iqtisadi resurslar üzərində hakim ailənin nəzarət imkanlarının daha da artmasına hesablanmış addımlardır»
Azərbaycanda hakim ailənin ölkənin iqtisadi resurslarına nəzarəti getdikcə genişlənir. Lakin dünyada baş verən proseslər hakimiyyəti də narahat etməyə bilməz. Bu məqsədlə də iqtidar mənsubları, xüsusilə Əliyevlə ailəsi özlərini sığortalamaq yolunu tutub. Son günlərdə ictimaiyyətə ölkədəki maliyyə fırıldaqlarına dair üç fakt məlum olub. Bunlar hakim ailəyə məxsus iki şirkət – “Ata Holdinq” və “Azerfon”, digəri isə nəqliyyat naziri Ziya Məmmədov və onun yaxınlarına məxsus Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə bağlı faktlardır.
Məlum olduğu kimi, bu layihələrin üçü də ofşor zonalarda yaradılan şirkətlər vasitəsilə reallaşdırılıb. Ofşor – vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir. Ofşor zonalar ümumiyyətlə, korrupsionerlər üçün sipər rolunu oynayır. Azərbaycanın hakim ailəsi kimi bu zonalardan digər avtoritar rejimlərə rəhbərlik edən ailələr, o cümlədən Orta Asiya və Qazaxıstandakı məmur-oliqarxlar da istifadə edir.
Bəs hakim ailənin ofşor zonalarına üz tutmasının əsas məqsədi nədir?
Iqtisadçı-ekspert Məhəmməd Talıblının sözlərinə görə, şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçməsi ənənəvi olaraq çirkli pulların yuyulmasına xidmət edir. Çünki orada vergi güzəştləri və vergidən azad olma imkanları var. O baxımdan bu zonada şirkətlərin qeydiyyatdan keçməsi, fəaliyyət göstərməsi başadüşüləndir. Azərbaycandakı şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçib fəaliyyət göstərməsi də eyni məqsədə xidmət edir: “Elə təəssürat yaratmaq istəyirlər ki, bu şirkətlər Azərbaycandakı hakim ailəyə məxsus deyil. Guya bu şirkət xaricdə yaranıb və Azərbaycanda fəaliyyət göstərir. Bir qayda olaraq tenderlərdə də belə şirkətlər qalib gəlir”.
Ekspertin fikrincə, ofşor zonalarda qeydiyyatdan keçmiş şirkətləri tenderlərdə qalib etməklə ictimaiyyətin diqqətini yayındırmağa çalışırlar. Lakin tədqiqatlar ofşor zonalarda qeydiyyatdan keçən şirkətlərin hakim ailəyə və məmur-oliqarxlara məxsus olduğunu ortaya çıxarır.
Ekspert hesab edir ki, Azərbaycanda iqtisadiyyatın digər sahələrində də analoji faktların ortaya çıxması mümkündür. Bütün bunlar isə birmənalı olaraq iqtisadi resurslar üzərində hakim ailənin nəzarət imkanlarının daha da artmasına hesablanmış addımlardır.
Fizzə


