Anardan… anasınadək

Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Şamo Arif xalq şairləri Rəsul Rza, Nigar Rəfibəyli ilə bağlı iki böyük kompromat yazısıyla çıxış eləyib (“Yazıçı Anarın əleyhinə arxiv sənədləri tapıldı”; “Anar ermənilər qarşısında susub…” “Azadlıq”, 8, 9.07.11.) Çox ilginc bir görsəniş: birinci yazısında Anarın ata-anasını, el dilində desək, qəbirdən çıxaran Şamo Arif ikinci yazısında onlardan “hörmətli” epiteti ilə danışır. Çağ-ideya baxımından bir-birinə bitişik iki yazı arasında belə bir fenomenal transformasiya!

Tanrıdan gizli deyil, sizdən nə gizlədim: birinci yazının “Anarın əleyhinə arxiv sənədləri tapıldı”, sensasion başlığını oxuyanda sevindim (niyəsini bir azdan biləcəksiz). Ancaq yazını oxuyanda Anara da acıdım, Şamo Arifə də. Ortada iki yazıçının yüksək kültürə söykənən polemikası yerinə bir-birini… nəyə bələyəcək antikültür görsənişləri vardı. Düzgünlük üçün demək gərəkir: burada birincilik Anarındır, ancaq bu fakt Şamo Arifi Nigar Rəfibəyli ilə bağlı dediklərinin sorunundan qurtara bilməz! Ikinci yazısında Anara bir, özünə “on qat artıq lənət” payı ayırsa belə…

Mənim Anarla savaşım

Mənim Anarla savaşa başlamağımın bir başlıca nədəni var. Qanlı terror yolu ilə Azərbaycan torpaqlarında “Ermənistan” dövləti yaradan ermənilər Moskvada keçirilən SSRI xalq deputatları qurultayında “Qarabağ tarixi erməni torpağıdır” deyə Azərbaycan xalqını terrorçuluqda, qaniçənlikdə, bizim xalqımızın naturasına uyğun olmayan cürbəcür yaramazlıqlarda suçlayıb ləkələyirkən SSRI xalq deputatlarından olan Anar hamının gözü qarşısında partizancasına susdu. Qurultay tribunasından Azərbaycana qarşı aqressiv çıxış eləyənlərdən biri Anarın kolleqası, “Ermənistan” Yazıçılar Birliyinin sədri Vardges Petrosyan idi. Anar ən azı onun cavabını verməyə borclu idi. Vermədi!

Azərbaycana qayıdandan sonra Moskvada baş verənlərlə bağlı olduqca yüngül qınaqlara belə, dözümsüzlük göstərən Anarın başlıca arqumenti bu idi: “Mən aldığım ailə tərbiyəsinə görə Moskvada susdum”. Dünyanın gözü qarşısında, Azərbaycanın milli maraqları tapdanan yerdə, susan bu adamın sonralar, özünün maraqlarına azacıq toxunulan yerdə necə kobud, bir-birindən qaba cavablarda bulunduğu hamıya bəllidir. Anar antimilli, antidemokratik Əliyevlər rejiminin SUSA BILMƏYƏN alovlu tribunlarından birinə çevriləndə mənim Anarla çoxillik savaşım başladı. 2003-cü ildə, prezident seçkisi qabağı, SUSA BILMƏYƏN Anar bir illik Xalq Cəbhəsi hakimiyyətini korrupsiya başda olmaqla, hər cür eybəcərlikdə suçlayanda mənim ona cavab yazılarımla bizim aramızdakı savaş daha da qızışdı. Bir doktor-professor onda mənə, bir çağlar nazirlərindən biri olduğu AXC hakimiyyətinə arxa durmaq yerinə, böyük bir yazısını ayrı-ayrı biçimlərdə iki qəzetdə çap etdirməklə Anara arxa durdu. Olduqca qanunauyğun bir görsəniş: sonra bu doktor-professor özü də mandat alıb mövqeyini dəyişənlərdən oldu. Onun Anarı qorumağa yönəlik yazısı belə adlanırdı: “Ziyalılarımız milli sərvətimizdir”. Kim nə deyir? Olsun, ancaq antimilli bir rejimə qulluq eləyənləri, satılanları milli sərvət saymaq olarmı? Axı, bu absurddur!

2003-cü ildə, prezident seçkisi qabağı, əliyevçi diktaturanın on illiyində, hökumət qəzetlərində bir illik AXC hakimiyyətini söyüb, əliyevçi diktaturanı öyənlərdən biri də kim olsa yaxşıdır? Azərbaycanın Ankaradakı elçiliyinin gənc əməkdaşı Tural Rzayev – Anar Rzayevin oğlu! Elə bil ata-oğul Rzayevlərin üzərinə ata-oğul Əliyevlər diktaturasını bu ölkədə qoruyub saxlamaq, oturuşdurmaq missiyası qoyulub…

Anarın mənə yazdığı, yazdırdığı cavabların hamısı təhqirlə doludur, mən Anarla bağlı bütün yazılarımda təhqirdən qaçmağa çalışmışam. O yazılardan bir neçəsi mənim “Baxıb Türkün bayrağına” kitabıma salınıb. 2000-ci ilin başlanğıclarında, Anarla qızğın savaş dönəmində mənə Rəsul Rza ilə bağlı kompromat ötürdülər (bu günlər Süleyman Rəhimovla bağlı). Oxuyub tanış olandan sonra o kompromatı bir qırağa qoydum; mən xalqla deyil, antixalq rejimi ilə birgə olan “xalq yazıçısı” Anarla çarpışma aparırdım, çoxdan dünyasını dəyişmiş xalq şairi Rəsul Rza ilə yox – buna görə!

Bizdə kimlərinsə sevmədikləri, ola bilsin, özlərinin dar dünyagörüşləri, estetik yoxsulluqları üzündən sevə bilmədikləri Rəsul Rza gerçəkdən Azərbaycanın böyük, novator şairlərindəndir. Bu, bir. Ikincisi, Rəsul Rza Azərbaycan Sovet Ensiklopediyasının direktoru olarkən Heydər Əliyevlə baş-başa gəlməkdən çəkinməyərək daha çox milli xarakter daşıyan bir ensiklopediya çıxarmaq istəyində dirəniş göstərdiyinə görə H.Əliyev onu işdən çıxarmış, sonra da ortaya indiki erməniliklə dolu ASE çıxarılmışdı. Ən azı, mənəvi-psixoloji baxımdan “37″-lərdən – NKVD-KQB repressiyalarından keçib gəlmiş Rəsul Rza çox yaxşı tanıdığı KQB generalı – MK birincisi H.Əliyevin qarşısında milli maraqları sonadək qorumaq kişiliyi sərgiləmişdi. Belə faktları unutmaq allahsızlıq olardı! Malı mala qatmayaq…

Şamo Arifin savaşı

Yazdıqlarından göründüyünə görə, Şamo Arif Anarı atasına – xalq yazıçısı Süleyman Rəhimovu yazılarında aşağıladığına görə belə amansızcasına topa tutur. Çox gözəl! Alqışlayırıq! Oğul aşağılanan atasına qahmar çıxır. Qahmar çıxır, ancaq necə? Anarın anası Nigar Rəfibəylini Azərbaycan milli mentalitetinə, etik ölçülərinə uyğun gəlməyən kompromat obyektinə çevirməklə! Bu yerdə Şamo Arifin yarağı gerçək bumeranqa çevrilir. Adam o fakta qayıtmağa, ondan söz salmağa belə, utanır. Nigar xanımın özündən də artıq onun atasına görə!

20-ci yüzil Azərbaycan üçün çox pis başladı. Ermənilər Türkiyədə burunları ovulandan sonra 70 il qabaq köçürüldükləri Azərbaycan torpaqlarını mifik “Böyük Ermənistan” içində görməyə başladılar. “Daşnaksütun” partiyası belə bir amacla Azərbaycanda savaşa başladı. Boş əllə yaxalanan Azərbaycan xalqı amansız erməni qırğınlarına uğramışdı. Işin gizlinindən soraqsız olan Azərbaycan aydınları Gəncə general-qubernatorundan tutmuş Qafqaz canişininədək hara üz tuturdularsa, çar yetkililərindən yalnız bunu eşidirdilər: “Ermənilərlə bacarmırıq”.

Bizimkilər 1905-06-cı illərdə daha geniş xarakter alan erməni qırğınlarının arxasında çar hökumətinin özünün dayandığını görüncə, əlləri hər yerdən üzüldü. Onda onlar yubanmadan qurulma-qorunma işlərinə girişdilər. Tezliklə ortaya başında Əhməd bəy Ağaoğlunun durduğu “Difai” (“difai” ərəbcədir, bizim dildə qorunma deməkdir) partiyası çıxdı. Çox ola bilsin, “Daşnaksütun” partiyasına uyğun olaraq yaradılmış bu partiyanın da “Daşnaksütun”da olduğu kimi terror qanadı var idi.

“Difai” partiyasının Qafqaz canişininə göndərdiyi ultimativ bildirgədə deyilirdi: “Daşnak” firqəsi bilsin: heç bir vaxt biz öz millətimizin xarabazarlığı və külü üzərində erməni millətinin səadət və xoş güzəran qurmasına yol vermərik”.

Bildirgədə deyilənlər boş söz olaraq qalmadı, az keçmiş ortaya erməni terroruna qarşı Azərbaycan-türk terroru çıxarıldı – Gəncədən Şuşayadək. Indiyədək Azərbaycan aydınlarının qonşuluq-qardaşlıq çağırışlarını amansızcasına qırğınlar içində qulaqardına vuran ermənilər aradan az keçmiş ardıcıl yalvar-yaxarla Gəncə general-qubernatorunu barışıq üçün azərbaycanlılara elçi salmış, Azərbaycan aydınlarının qarşısında küçük kimi quyruq bulamışdılar.

Yeri gəlmişkən, “Difai” partiyası ilə bağlı ASE bilgisində oxuyuruq: “Onun proqram məqsədi müsəlmanları daşnakların həmlələrindən qorumaq pərdəsi altında millətçilik ideyalarını yaymaq idi. Fərdi terrordan da istifadə edirdi”. Doğrudur, ancaq terrora qarşı terror yazılsaydı, daha doğru olardı.

“Difai”nin qurucuları, başda duranları arasında Nəsib bəy Yusifbəylinin özü, atası, qardaşı ilə yanaşı, önəmli yer tutanlardan biri də Xudadat bəy Rəfibəyli idi. Azərbaycanda sovet hakimiyyəti qurulması ilə respublikanı qanlı qırğın bürümüşdü. Bu qırğınların başında bolşevik bürüncəyinə bürünmüş daşnak ermənilər dururdu. Sovet hakimiyyətinə arxalanan erməni daşnak yığını çox keçmədən “Difai” partiyası ilə bağlılığı olanların hamısını aradan götürdü. Xudadat bəy də ilkin olaraq öldürülənlər arasında idi. Əhməd bəy Ağaoğlu yalnız Türkiyədə yaşadığına görə erməni terrorundan can qurtara bildi. Azərbaycanda sovet hakimiyyəti qurulanda Xudadat bəyin qızı Nigar xanımın 7 yaşı vardı. Sonralar o, Moskvada oxuyacaqdı…

22 il ərəb işğalçıları ilə ölüm-dirim savaşı aparmış Babəki dostluq etdiyi kimsələrdən biri, Ismət əl-Kürdi ərəblərə satmışdı (bax: E.Əlibəyzadə. Azərbaycanşünaslığa giriş. Ədəbi-bədii əsərdə tarixi təhrifə qarşı. Səh.146-179). Bütün xəlifələr arasında ən əxlaqsızı, ərəb tarixçilərinin özlərinin də pozğun kimsə olaraq göstərdikləri Mötəsim qabaqca verdiyi sözə dönük çıxaraq Babəki şaqqalatdırmışdı. Babəkdən sonra Azərbaycanda çox böyük qırğınlar törətmiş Mötəsim Babəkin qızını da əsir kimi sarayına gətirtmişdi.

Iran tarixçisi Səid Nəfisi “Babək” kitabında Nizam-əl-mülkdən belə alıntı verir: “Bir gün Mötəsim içki məclisindən durub otaqların birinə getdi. Bir ara orada qaldıqdan sonra gəlib şərab içdi. Sonra yenə də durub başqa bir otağa getdi. Yenə də gəlib şərab içdi, üçüncü otağa getdi. Sonra hamama gedib qüsl etdi və iki rükət namaz qıldıqdan sonra məclisə gəlib Qazi Yəhyadan soruşdu: ”Bilirsənmi mən bu namazı nə üçün qıldım?” Dedi: “Yox, bilmədim”. Dedi: “Əziz və uca allahın bu gün mənə mərhəmət etdiyi nemətə görə qılınan namazdır. Bu üç saatda mən üç qızın qızlığını aldım. Bu qızların üçü də mənim düşmənlərimin qızları idi; biri Rum padşahının, başqası Babəkin, o biri də oda tapınan Məzyarın”.

Sizcə, belə yerdə biz murdarlar murdarı, Azərbaycanın amansız düşməni xəlifə Mötəsimi, onun murdar hakimiyyətini qoyub Babəkin əsir qızınımı qınamalıyıq?! Xəlifə Mötəsim kimiləri yüz illər boyunca bizim xalqımızın beynini döndərib Babəkin düşmənlərini sevməyə, Babəki lənətləməyə yönəltdi. Stalinçi Sovet diktatura maşını da oxşar işləri gördü, onun tör-töküntüsü olan bir rejim də indi oxşar işləri görməkdədir. Bu gün bizim bir sıra tanınmışlarımız Mötəsim-Sovet yolu gedən antimilli bir rejimlə savaşmaq yerinə bir-birilə savaşır. Necə də acınacaqlıdır!

Nigar xanıma gəlincə, Nigar xanım Azərbaycan türklüyünün mənliyini qanıyla, canıyla qoruyan bir kişinin – Xudadat bəyin qızı idi…