Dünya azərbaycanlıları, yoxsa…

Yaxud, prezident qızıyla nazir oğluna verilən medaldan siyasi mühacir övladlarına niyə verilmədi?

Bugünlərdə Azərbaycan daha bir gurultulu tədbiri yola saldı. Dünya azərbaycanlıları adından bir qrup şəxs Bakıya toplaşdı, əl çaldılar, dağılışdılar. Əslində, bəllidir ki, qurultaya nümayəndə kimi çağırılanların əksəriyyəti onsuz da hər yay Azərbaycana tətilə gedirlər. Bu dəfə sadəcə, fərq onda oldu ki, onlar dövlət vəsaiti hesabına Bakıya təşrif buyurdular.

Bəzi istisnalar olmaqla, o da məlumdur ki, qurultaya çağırılanların əksəriyyəti onsuz da Azərbaycan hakimiyyətinin bir nömrəli təbliğatçılarıdır. Yox, düşünməyin ki, onlar yaşadıqları əcnəbi ölkələrdə Azərbaycan iqtidarını təbliğ edirlər. Əsla. Onların çoxunun buna potensialı çatmaz. Sadəcə, bu adamlar Azərbaycan diasporuna ayrılan pullar hesabına bahalı otellerdə yeyib-içmək məclislərinə qatılmaqla hakimiyyətə öz sevgilərini çatdırırlar. Ən maraqlısı isə budur ki, bu otel tədbirlərinin təşkilatçıları “Tərəqqi” ordeninə layiq görülürlər. Amma onların tərəqqilik nə etdikləri bəlli olmur.

Lap açıq desək, bu insanlar əksər vaxtlarda Azərbaycanla bağlı xüsusi əhəmiyyətli tədbirlərdə iştirak etmirlər. Milli əhəmiyyətli toplantılara təsadüfən qatıldıqda isə çox vaxt heç ailə üzvləri də onlarla birlikdə gəlmir. Sinələrinə döyən bu diaspora təşkilatlarının rəhbərlərinin 16-30 yaşlı gənc övladları da Xocalı və Qarabağla bağlı tədbirlərə qatılmırlar. Həmin gənclərin əsas məşğuliyyəti müxtəlif sosial şəbəkələrdə, tanışlıq saytlarında əzələ şişirdib şəkil çəkdirməkdi. Ən uzağı onların fotolarının fonunda Azərbaycan bayrağını görmək olar. Öz ailəsində belə, vətənin, dövlətin problemlərini qaldırıb müzakirə etməyənlər hansı haqla bu gün medalla təltif olunur, qurultaya ali qonaq kimi çağırılır?

Bu qurultayda konkret olaraq Cənubi Azərbaycandan və Iqdırdan olan azərbaycanlıların diqqətə alınmaması isə mənə xüsusi olaraq təsir etdi. Digərləri bir yana, gözləyirdim ki, illərdir Niderlandın Den Haag (Haaqa) şəhərində Xocalı şəhidləri üçün abidə ucaldıb, hər il orada tədbir keçirən Niderland-Azərbaycan Türk Kültür Mərkəzinin rəhbəri Ilhan Aşkın medala layiq görüləcək. Çünki bu, onun haqqıdır. Lakin bu, baş vermədi. Heç Azərbaycan həqiqətlərini dünyaya çatdıran hörmətli professor Aleksandr de Groot da yada düşmədi. Daha kimlər unuduldu… O üzdən ki, bu insanlar bütün Azərbaycan dövlətini təbliğ edirlər, hakimiyyəti yox!

Bəlkə də sizlərə bir az qəribə görünə bilər. Mən səmimi olaraq, Ilham Əliyevdən ədalət gözləyirdim. Sarkisyana “qatil” dediyi üçün Berlin məhkəməsi tərəfindən cərimələnən Həbib Müntəzir həqiqətən medala layiq idi. Eyni zamanda, Niderlandda daim öz üzərində işləyən və gənc olmasına baxmayaraq, məsuliyyətli işdə çalışan Isa Yusiflinin də (Eldəniz Yusifovun oğlu – F.H.) bir medala, təşəkkürə layiq görüləcəyini gözləyirdim. Nə olar ki, siyasi mühacir olanda? Azərbaycanı layiqincə təmsil etdiyinə görə bir medal Leyla Əliyevaya, bir medal Taleh Heydərova veriləndə, iki medal da bacarıqlı siyasi mühacir övladlarina verilsəydi, dünya dağılmazdı ki… Axı Qərb ölkələrində onsuz da fəal siyasi mühacirlərdən başqa digərlərinin övladları nə ortada görünürlər, nə də bir işə yarayırlar. Bir neçə nəfər isə Avropaya gəlib erməni adıyla status aldığına görə, indi günahlarını yumaq üçün ortaya düşüblər.

Sonda demək istəyirəm ki, Bakıdakı medalpaylama mərasimini yeganə hörmətə mindirən Ahmet Şafakın medala layiq görülməsidir. Bunu nəzərə almasaq, o tədbirin nə dünya azərbaycanlılarına, nə də Azərbaycandakı azərbaycanlılara heç bir dəxli yoxdur…