Donald Tuskun Bakı səfəri barədə Avropa İttifaqından açıqlama

“Avropa İttifaqı inanır ki, açıq cəmiyyət uzun müddətli sabitlik və tərəqqi üçün ən yaxşı zəmanətdir”

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana rəsmi səfəri zamanı Avropa İttifaqının (Aİ) Azərbaycanla ikitərəfli əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib.

Bunu Trend-ə müsahibəsində Aİ-nin Beynəlxalq Əlaqələr üzrə Şurasının mətbuat katibi Suzanna Keyfer deyib.

S.Keyfer bildirib ki, D.Tusk həmçinin Azərbaycanın qaz tədarükünün şaxələndirilməsi üzrə Aİ-nin əsas tərəfdaşı olduğu energetika sahəsi də daxil olmaqla, ikitərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib: “Səfər zamanı DonaldTusk ticarət əlaqələrinin genişlənməsi perspektivlərini müzakirə edib. Bunun üçün yaxşı idarəetmə və hüququn aliliyi mühüm məsələlərdir”.

Mətbuat katibi qeyd edib ki, səfər zamanı D.Tusk Aİ-nin insan hüquqları və əsas azadlıqlara böyük əhəmiyyət verdiyini bildirib: “Aİ inanır ki, açıq cəmiyyət uzun müddətli sabitlik və tərəqqi üçün ən yaxşı zəmanətdir”.