Gənclər “gənclər proqramı”nı araşdıracaq

Hədəf 2005-2009-cu illəri əhatə edən proqramdır

 

Azərbaycan hakimiyyəti yeni gənclər proqramının hazırlanmasına qərar verdi və bir neçə gün öncə ölkə başçısı həmin proqramı təsdiqlədi. AXCP Gənclər Komitəsi isə bir müddət öncə “Azərbaycan Gəncliyi Dövlət Proqramı – 2005-2009-cu illər” araşdırmasına başlayıb. Bununla bağlı Komitə mətbuat konfransı keçirib. Mətbuat Konfransında elan olunub ki, qurum 2005-2009-cu illərdə icra olunmuş proqramın araşdırılmasına və müzakirəsinə başlayacaq.
AXCP Gənclər Komitəsinin sədr müavini Ramil Qafarov tədbirlə və gördükləri işlərlə bağlı məlumat verdi: “Gənclər və Idman Nazirliyinə informasiya sorğusu göndərmişik. Sorğunu göndərməyimizdən 18 gün keçməsinə baxmayara,q hələ də cavab verilməyib. Təkrar sorğu göndərmişik ki, bəhanələri qalmasın. Hələlik gözləməyə qərar vermişik. Cavab olmasa, məhkəməyə müraciət edəcəyik. Bununla yanaşı, yaxın günlərdən etibarən Komitənin bəzi üzvləri 2005-2009-cu illər proqramı ilə bağlı, proqramdakı tədbirlərlə əlaqəli araşdırma xarakterli bloq yazıları yazacaq. Bu yazılar həm də bizim proqrama olan münasibətimizi ifadə edəcək”.
Gənclər Komitəsinin üzvü Ilham Hüseyn: “Ölkə başçısının yeni proqramı təsdiq etməsi dövlət ali məktəblərində təhsil haqlarının artırılması ilə eyni vaxta düşdü. Bu onun göstəricisidir ki, yeni proqram Azərbaycan gəncinin inkişafı məqsədilə təsdiq olunmur. Təhsil haqlarını bu qədər artırmaq, əslində, mənəvi terrordur. Təhsil almaq imkanlarını azərbaycanlı tələbələrin əlindən almaq deməkdir. Öncəki proqramdakı tədbirlər də gənclərin həmin dövr üçün olan sosial və mədəni durumuna uyğun deyildi. Həm gənclərin intellektual səviyyəsini artırmaq istəmək, eyni zamanda təhsildə hər hansı islahatlar aparmamaq hakimiyyətin gənclərlə bağlı istənilən qərarına şübhə yaradır. Kortəbii, mücərrəd vətənpərvərlik təbliğ etməklə gənclik yetişdirmək olmur. Ölkənin gələcəyini quracaq gənclik yetişdirənlər saxta yolla parlamentdə gənclik oturtmaz. Sonuncu proqramın hazırlanması ideyası irəli sürüləndə ölkə başçısı yalnız onun əbədi hakimiyyətini dəstəkləyənlərlə görüşdü. Həmin gənclər 2 milyondan artıq Azərbaycan gəncinin istəklərini, maraqlarını və problemlərini ifadə edə bilməz”.
AXCP Gənclər Komitəsinin koordinatoru Taleh Məmmədov: “Gənclər proqramını kağız üzərində qalan sənəd adlandırmaq olar. Proqramda gənclərin idmana həvəsləndirilməsi üçün idman mərkəzlərinin tikilməsi qeyd olunsa da, faktiki o mərkəzlər ya şəxsi istifadəyə verilib, ya da boş qalıb. 2005-2009-cu illərin Gənclər Proqramı əslində bütün gənclərə aid olsa da, onun xeyrini bir ovuc gənc görüb. Rayonlarda yaşayan gənclərin sosial durumu olduqca ağırdır. Onlar illərlə hər hansı mədəni tədbirlərdə iştirak etmir. Təhsil səviyyələri yoxdur, ağır güzəran keçirirlər. Ötən proqramda nəzərdə tutulmuş tədbirlərin nəticəsi ilə bağlı Gənclər Komitəsinin araşdırmaları davam edir və bir müddət sonra nəticələri görəcəksiniz. Vacib məsələlərdən biri budur ki, ötən proqrama nə qədər pul xərclənib, nəticələr nədən ibarətdir və yeni proqram əvvəlkindən nə ilə fərqlənəcək. Bir qədər absurd səslənsə də, hakimiyyətin gənclərlə bağlı ən yaxşı addımının gənclərə qayğıdan danışdığı bir zamanda etirazçı olan gənclərin təzyiqlərə məruz qalmasına son qoyulması və həbsdəki gənclərin azadlığa buraxılması olardı”.

 

Natiq