Xədicə İsmayıl ABŞ-da daha bir mükafata layiq görüldü

ABŞ-da yerləşən Milli Mətbuat Klubu müxtəlif ölkələrdə həbs edilən və oğurlanan üç jurnalisti mükafatlandırıb. Onların arasında tanınmış araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıl da var.
Milli Mətbuat Klubunun prezidenti Con Hyuz bildirib ki, son illərdə jurnalistika daha təhlükəli peşəyə çevrilib: “Bizim məqsədimiz həm də beynəlxalq aləmin diqqətini hazırda qanunsuz və əsassız şəkildə həbsxanada saxlanılan, dərhal azadlığa buraxılmalı olan üç jurnalistin məsələsinə cəlb etməkdir”.
Mükafata layiq görülənlərdən biri “The Washington Post” qəzetinin Tehran bürosunun rəhbəri, hazırda Iranda həbsdə saxlanılan Ceyson Rezayandır. Onun mükafatı qardaşı Əliyə təqdim olunacaq.
Mükafatın digər sahibi isə 2012-ci il avqustun 12-də Suriyada oğurlanmış jurnalist Ostin Taysdır.
Azərbaycanlı jurnalist Xədicə Ismayıla gəlincə, Milli Mətbuat Klubunun yaydığı məlumatda bildirilir ki, o, 2014-cü ilin dekabrından əsassız ittihamlarla həbsdədir. Onun həbsinin əsl səbəbi isə Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi tənqidlər, korrupsiyanı ifşa edən araşdırma məqalələridir.
Peşəkar jurnalistlərin təşkilatı olan Milli Mətbuat Klubu 1908-ci ildə yaradılıb. Klubun bütün dünyadan 3100 üzvü var. Bu təşkilat hər il 2000-ə qədər tədbir keçirir və bu tədbirlərdə 250 minə qədər adam iştirak edir.

Informasiya şöbəsi