Heydər Əliyevin əmisi nəvəsi “Azadlıq”a müraciət etdi

Əlirza Əliyevin qardaşı Qəmzəli Əliyev ermənilər tərəfindən öldürülsə də, oğlanları sağ qalıbmış

Səttar Əliyev: «Mən heç nə istəmirəm, sadəcə qohumluq əlaqələrini bərpa etmək istəyirəm»

“Mən mərhum prezidentimiz Heydər Əlirza oğlu Əliyevin doğma əmisi Qəmzəli Əliyevin nəvəsiyəm”. Bu sözləri “Azadlıq”a Bakı sakini, fəhləliklə ailəsini dolandıran Səttar Əliyev deyib. Onun sözlərinə görə, babası Qəmzəli Əliyevlə Heydər Əliyevin atası Əlirza Əliyev doğma qardaş olub. Onlar 1915-ci ilədək Irəvan quberniyasının Qarakilsə (Sisyan) rayonunda yaşayıb: “Babam Qəmzəli Əliyevin 3 oğlu olub: Qəzənfər, Xeybər və Süfey. 1915-ci ildə babam Qəmzəli Əliyev xanımı ilə birgə ermənilər tərəfindən qətlə yetirilib. Oğlanları isə həmkəndlilərinin köməkliyi ilə Xankəndində sığınacaq tapıb. Babamın qardaşı Əlirza Əliyev həmin il Naxçıvana köçüb. O, elə zənn edib ki, babamla birgə oğlanları da ermənilər tərəfindən öldürülüb”.
Səttar Əliyev deyir ki, o vaxtdan Əlirza Əliyevin ailəsilə əlaqə kəsilib. 1969-cu ildə isə Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev Xankəndinə gələndə Səttar Əliyevin atası Xeybər Əliyev əmisi oğlunu tanıyıb: “Həsən Əliyev hansısa tədbirə gəlibmiş. Atam onu tanıyıb və onu yanına çağırıb. Həsən Əliyev də atama yaxınlaşanda əmisi oğlunu tanıyıb. Həsən Əliyev atama deyib ki, 55 ildən sonra olsa da, əmisi oğlunu tapdığına görə çox sevinir. O, atamgilin öldürüldüyünü zənn edibmiş. Həsən Əliyev atama Bakıya köçməyi təklif edib. Lakin atam razılıq verməyib. Deyib ki, artıq yaşlaşmışam, burada da ev-eşik qurmuşam”.
Həsən Əliyevin ölümündən sonra yenə də qohumların əlaqəsi kəsilib: “Açığı mən bilmirəm ki, Həsən Əliyev bizm haqqımızda öz ailəsinə, qardaşlarına danışmışdı ya, yox. Amma o, öləndən sonra əlaqə kəsildi. Sonradan Dağlıq Qarabağ münaqişəsi başlayanda biz ikinci dəfə qaçqın həyatı yaşamağa məcbur olduq. Xankəndindən Bakıya gəldik. O vaxta qədər biz Heydər Əliyev, onun qardaşları ilə əlaqə saxlaya bilməmişdik. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra isə mən müraciətlər yazmağa başladım”.
Səttar Əliyevin sözlərinə görə, o, Heydər Əliyevin hakimiyyəti dövründə bir neçə dəfə Prezident Administrasiyasına məktub yazıb, eks-dövlət başçısının əmisi nəvəsi olduğunu bildirib: “Lakin mənim məktublarıma heç bir cavab gəlmədi. Bir neçə dəfə də Ilham Əliyevin dövründə məktub yazmışam. Amma yenə də məktublarım cavabsız qalıb. Mən heç nə istəmirəm, sadəcə qohumluq əlaqələrini bərpa etmək istəyirəm”.
Səttar Əliyev bir maraqlı faktı da diqqətimizə çatdırıb: “Oğlum hərbi xidmətdən qayıtdıqdan sonra işsiz idi. Polis orqanlarına işə düzəlmək istəyirdi. Mən daxili işlər naziri Ramil Usubova müraciət etdim. Müraciətdə də nazirin diqqətinə çatdırdım ki, Heydər Əliyevin əmisi nəvəsiyəm. Bu məktubdan sonra oğlum polisə işə götürüldü”.
Heydər Əliyevin əmisi nəvəsi olması barədə Prezident Administrasiyasına, o cümlədən digər dövlət qurumlarına ünvanladığı məktubların qohumlarına çatdırılmadığından əmin olan Səttar Əliyev məsələni də elə bu baxımdan ictimailəşdirmək qərarına gəldiyini söyləyib: “Əminəm ki,  məktublarım nə Heydər Əliyevə, nə də Ilham Əliyevə çatdırılıb. Əks təqdirdə onlar bizim ailə ilə maraqlanardılar. Ona görə də qərara aldım ki, bu dəfə qəzet vasitəsilə müraciət edim. Mənim dediklərimdə yalan yoxdur, gedib arxivi araşdıra bilərlər. Sənədlər var, tarix var”.
Səttar Əliyev sonda bir daha vurğulayıb ki, onun məqsədi qohumluq əlaqələrini bərpa etməkdir. O, Ilham Əliyevin bu məsələ ilə maraqlanacağı ümidilə ev ünvanını və telefon nömrələrini də “Azadlıq” qəzetinə təqdim edib. Lakin hansısa səbəbdən şəklinin dərcinə razılıq vermədi.

Vidadi