elnurastanbeyli@gmail.com
Universitetlərə builki qəbul imtahanlarının nəticələri açıqlandıqca gərəkən balı toplamayıb intihar yolu seçən gənclər barədə xəbərlər də bir-birini əvəz edir.
Bu intiharların məsuliyyəti mövcud rejimin boynundadır. Təbii olaraq sual doğur: niyə?
Cavablar çoxdur. Gəlin onlara nəzər salaq.
Cavab 1."…dəfələrlə demişik ki, adam olun, qəbul imtahanını ildə bir neçə dəfə keçirin və hansı imtahanda çox bal topladısa, onu hesablayın. Insanların, gənclərin, valideynlərin taleyini bir gündən asılı etməyin.
Insanlara əzab verməkdən əl çəkin. Idarəçiliyi insana zülm etmək üzərində deyil, insanlara şərait yaratmaq üzərində qurun!" – bunu facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində tarixçi-alim Altay Göyüşov yazıb. Razılaşarsınız, razılaşmazsınız, öz işinizdir. Fakt budur ki, hər il universitetlərə qəbul imtahanları zamanı öyrəşdiyimiz, vərdiş etdiyimiz intiharlardan qurtuluşun ən optimal yollarından biri də budur.
Əgər yaptokratlar bu optimal çıxış yollarını bağlayıblarsa, deməli, çiçəyi burnunda gənclərimizin öz həyatlarına son verməyinin səbəbini, səbəbkarını kənarda axtarmağa ehtiyac yoxdur. Günahkarın kimliyi gün kimi aydındır.
Cavab 2.Azərbaycanlı ata-analar qorxaqdırlar. Onlar övladlarını da öz xislətlərinə uyğun yetişdirir, böyüdürlər. Azərbaycanlı valideyn uşaqlarına dirəniş ruhu təlqin etmir. Azərbaycanlı valideyn övladına təslim olmamağı, müqavimət göstərməməyi, taleyi ilə barışmamağı, özünə yeni bioqrafiya yazmağı öyrətmir.
Ona görə də azərbaycanlı ata-ananın övladı hər hansı qəbul imtahanında mənfi nəticədən sarsılır, təslim olur, üstəlik, o qədər tənha vəziyyətdə qalır ki, yeganə çıxış yolunu canına qıymaqda görür. O elə bilir ki, Abel Məhərrəmovun, Aqiyə Naxçıvanlının, Səməd Seyidovun rüşvətxorluq saçan universitetlərinə qəbul olmayanda insan həyatı başa çatır, hər şeyin sonu gəlir.
Deməli, bu variantda da gənc oğlanların və qızların öz həyatlarına erkən yaşda son verməmələrinin günahını və günahkarını başqa yerdə axtarmamalıyıq. Bu cür müti, kölə ataları-anaları məhz YAP rejimi yetirib. Həmin ataların, anaların öz övladlarının ilk qəbul imtahanından kəsilmələrinə rəğmən, mübarizə apararaq, dirəşərək, tər tökərək, gözlərinin nurunu axıdaraq, növbəti ilə hazırlaşmaları üçün fədakarlıq, cəfakeşlik etməmələrinin sirri bundadır. YAP rejiminin yetirməsi olan atalar-analar özləri kimi müti, təslimkar övladlar yetişdirirlər, həmin övladlar da qəbul imtahanlarının naxoş nəticələrinə qarşı dirəniş, müqavimət göstərmək əvəzinə ölümü seçirlər.
Cavab 3.Azərbaycanlılar ali təhsili sadəcə, diplom kimi təsəvvür edirlər. Onların fikrincə, hazırlığa bir ətək pul töküblərsə, uşaq zəhmət çəkib yaxşı bal toplamalı, bərkgedən ali məktəbə qəbul olaraq əl boyda diplom almalıdır, sonra da həmin diplom sayəsində babat işə düzəlib, rüşvət alaraq, əliəyrilik edərək qaz vurub qazan doldurmalı, özünə və ona diplom qazandıran ata-anasına xoşbəxt həyat qurmalıdır. Azərbaycanlılar üçün ali təhsil millətə və vətənə layiqli xidmət vəd etmir. Onlardan ötrü diplom ata-ananın əvvəlcə hazırlığa, sonra semestr imtahanlarına xərclədiyi pulu çıxarıb, axırda da özünə təmtəraqlı həyat qurmaqdan ibarətdir.
Çox az azərbaycanlı gənc təhsilə müqəddəs iş kimi baxır. Çox az azərbaycanlı gənc hesab edir ki, yaxşı təhsilin məqsədi həm də öz ölkənə, xalqına yaxşı gələcək vəd etməkdir.
Bütün bunların fonunda bir daha təkrarlamaqda fayda var: qəbul imtahanlarından kəsilən hər gəncin vəbalı bu çağdışı, oğru, talançı, anti-demokratik, təhsilə, elə, bilgiyə nifrət edən rejimin boynundadır.
Niyəsi yuxarıda yazdığım sətirlərdən hələ də sizə aydın deyilsə, mənim sözüm yoxdur.
Gerisini artıq özünüz bilərsiniz.