Əli Kərimlinin ətəyindən tutub yaşayanlar

Yaxud şər atdığın insanın sayəsində dolanmaq cəzası

Fərasətli, bacarıqlı olmaq böyük nemətdi. Çünki, fərasətin, bacarığın hesabına çətinliklərdən xilas olmaq, problemləri həll etmək mümkün olur. Təəssüflər olsun ki, bəzi insanlar şər atmağı, yaltaqlanmağı, kiminsə haqqını oğurlamağı da bacarıq hesab edirlər. Yaşadığımız ölkədə də olduqca maraqlı hadisələr baş verir. Yüksəlmək, varlanmaq, vəzifə tutmaq üçün alçalmaq əsas şərtdir. Vicdandan imtina edib, istənilən arzuya çatmaq mümkündür.

Məsələn, ölkədə qəribə bir “biznes”  forması yaranıb. AXCP sədri Əli Kərimlini söymək, ona şər-böhtan atmaq “ruzi” deməkdir. Həqiqətən də bu adam xeyli ailənin “çörək ağacı” na çevrilib.

Biz əvvəllər də bu haqda yazmışıq. Amma son günlər müşahidə etdiklərimiz bir daha bu mövzuya qayıtmaq zərurəti yaratdı.
Bir neçə gün ərzində müxtəlif cinahlardan “Əli Kərimli” sədası eşidildi. Məsələn, “Yeni Azərbaycan” qəzeti  “Azadlıq” əleyhinə palaz boyda məqalə dərc edib və bütün iradlarını Əli Kərimliyə istinad etməklə qüvvətləndirib. O biri tərəfdən cəmiyyətdə nüfuzu olmayan sayt rəhbəri Əli Kərimlini hədəf seçib. Ardınca şərə xidmət edib “Əməkdar jurnalist” adı alan məxluq “Əli Kərimli prezidentlə şəkil çəkdirdiyimə görə mənə paxıllıq edir” açıqlamasını verir. Daha sonra mandat gəzdirən Fəzail Ağamalı Əli Kərimlini debata çağırır. Yaxud “Lider”də aparıcılıq edən partiya sədri Əli Kərimliyə mətbuat vasitəsilə mesaj göndərir. Eyni zamanda hökumət komandasında olanlar da kreslolarını möhkəmləndirmək üçün Əli Kərimliyə “pənah” gətirirlər. Yəni karyera qurmaq istəyən, mandat daşımaq fikrinə düşən, çoxlu pul arzusu ilə yaşayan adamlar “arzular qapısı” kimi Əli Kərimlini seçirlər. Rauf Arifoğlunun “uğur”undan sonra bu adamlar daha da həvəsləndilər. Artıq əmin olublar ki, Əli Kərimlini söyməklə orta məktəbin birinci sinifindən magistraturaya qəbul olmaq da mümkündür. Rauf Arifoğlunun “finiş”ə birinci çatması digər “idmançı”ları daha çox “məşq etməyə” həvəsləndirib.

Qayıdaq Fəzail Ağamalının Əli Kərimlini debata çağırmasına. Qeyd edək ki, bu adam Zahid Orucun kölgəsində qalandan sonra xeyli stress keçirir. Keçmiş partiyadaşı bu gün hökumətə daha çox yaxınlaşa bilib və Fəzail Ağamalı bu geriləməni Əli Kərimlini hədəf seçməklə sığortalamaq istəyir. Deyəsən, “Ana vətən”in atası bir hadisəni tamam unudub. Bəlkə də çoxlarınızın xatirindədir. “Qulp” verilişi Novruz bayramı ilə əlaqədar çəkiliş hazırlamışdı. Həmin çəkilişdə siyasətçilər yumurta döyüşdürməli idi. Elə oldu ki, Əli Kərimli Fəzail Ağamalı ilə yumurta döyüşdürməli oldu. O vaxt Əli bəy demişdi ki, mən bu yumurtanı milli adət-ənənə xatirinə döyüşdürməyə razılıq verirəm. Yəni Əli Kərimli Fəzail Ağamalı ilə yumurta döyüşdürməyi özünə sığışdırmırsa, bu adamla debata çıxmağa razılıq verərmi? Fəzail Ağamalı Əli Kərimlinin yanındakı 10-cu dərəcəli şəxslə debata çıxsa, dili dolaşar.

Yaxud bədbəxt sayt rəhbərinin uzun illərdən sonra “facebook”da Əli Kərimliyə qarşı “gediş”inə baxaq. AXCP olmasaydı bu sayt rəhbərinin varlığı haqqında yalnız ailə üzvləri xəbər tutardı. Bu adamın adını çəkməyə də lüzum görmürük. Çünki, çox xırda fiqurdu və böyütmək ona dəyər vermək olardı.

Rauf Arifoğlunun “Ilham Əliyevlə şəkil çəkdirməyimə Əli Kərimli qısqanır” ifadəsi isə ümumiyyətlə, “şedevr”di. Əli Kərimli istəsəydi bu hökumətdə ən yüksək vəzifələrdən birini tutardı və Rauf Arifoğlu da onunla şəkil çəkdirməyi Allahın lütfü hesab edərdi. Bu bədbəxt başa düşmür ki, Əli Kərimli Ilham Əliyevlə şəkil çəkdirmək istəmədiyi üçün hədəfdədi. Əli Kərimli şərəfli mübarizənin, yola sədaqətin şəklini çəkmiş adamdı. Rauf Arifoğlu isə gündə 3 dəfə prezidentlə şəkil çəkdirsə də, tarixin albomunda qara foto kimi qalacaq.

Bir sözlə, Əli Kərimli hələ də “çörək ağacı” olaraq qalır. Həm də Əli Kərimli “sezon”dan asılı olmayaraq çörək verən adamdı. Əslində, Əli Kərimli işsizliyin səviyyəsini aşağı salır. Nə qədər adam ona qarşı çıxmaqla yaşamağa təminat alıb. Amma bu adamlar çox nankordular. Heç olmasa hər axşam əllərini göyə açıb “ilahi, Əli Kərimliyə ömür ver” deyə dua etməlidilər. Çünki, Əli Kərimli var olduqca bu adamların yaxşı evə, avtomobilə sahib olmaq, övladlarına yaxşı təhsil vermək şansı var.

Hökumətin vitrininə nəzər salanda Əli Kərimliyə görə qiymətə minmiş nə qədər adam görmək olar. Əli Kərimlinin yoxluğu bu adamların domino daşı kimi aşmağı anlamına gəlir.

Bu adamlar prezidentin gözündə qalxmaq üçün, Əli Kərimlini xalqın gözündən salmalıdılar. Bunlar “iş yeri” kimi Əli Kərimliyə şər-böhtan atmağı seçiblər.

“Yeni Azərbaycan”ın “Azadlıq” qəzetinin saytındakı şərh bölümünün silinməsindən narahatlığı da buna görədir. Hökumətin 5 manatlıqları “Azadlıq”ın saytındakı materiallara təhqir dolu şərhlər yazmaqla, pul qazanırlar. Indi “Azadlıq” bu bölümü bağladığı üçün dolanışıqları kəsilib.

Davam edin, Əli Kərimliyə şər atmağın yeni yollarını fikirlərşin. Yoxsa, Rauf Arifoğlu mandatda da sizi qabaqlayacaq. Nə olsun ki, natəmiz adamlarsınız. Əsas odur ki, Əli Kərimlinin hesabına evinizə çörək aparırsınız. Sevdiklərinizi söydükləriniz sayəsində dolandırmaqdan böyük  caza ola bilərmi?

Akif