“Narkotik ittihamı azad düşüncəyə qarşı başlıca vasitəyə çevrilib”

"Bu gün Qəniməti milli, Emin də qənimət olduğuna görə cəzalandırırlar"

Milli Şuranın sədri, professor Cəmil Həsənli hakimiyyətin Meydan TV-nin rəhbəri Emin Millini qaynını həbs etməklə cəzalandırmasına münasibət bildirib. O, facebook səhifəsində yazıb:

Dostlar! XXI əsr Azərbaycanında biz daha bir rüsvayçılıqla qarşılaşdıq. Emin Millinin jurnalist fəaliyyətinə, milli-mənəvi və bəşəri dəyərlərə söykənən peşə fəaliyyətinə görə bu yaxınlarda qaynı Nazim Ağabəyov həbs edilib. Qənimət Zahidin qohumlarının həbsi ilə Nazimin həbsi eyni dövrə təsadüf edir. Söhbət bu həbslərin eyni vaxta təsadüf etməsindən getmir, söhbət onların eyni ssenari üzrə hazırlanıb, eyni dəst-xətlə həyata keçirilməsindən gedir. Hər iki jurnalistin yaxın qohumları narkotik ittihamı ilə saxlanılıb. 

İndi tənqidçi jurnalistikaya, azad fikirliliyə qarşı narkotik ittihamı başlıca vasitəyə çevrilib və gerçəkdən Azərbaycan hakimiyyəti, ölkənin hüquq-mühafizə orqanları narkotik'həddindən artıq uyub və polis işçilərimiz rejim əleyhdarlarına qarşı döyüşə bilavasitə həşişlə, xaş-xaşla, heroinlə gedirlər. Əlbəttə, heç kəs şübhə etmir ki, Nazim Ağabəyov məhz Emin Milliyə görə narkotik ittihamı ilə üzləşib. Eminin rəhbərlik etdiyi Meydan TV öz operativliyi, xəbər məkanında etibarlılığı və prinsipiallığı ilə diqqəti cəlb edir. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, geniş oxucu və tamaşaçı auditoriyası toplaya bilib. Bir sıra mühüm materialları ingilis dilində yayımlaması Qərb məkanında ona xüsusi marağı artırıb. Birinci Avropa Oyunları günlərində ölkənin idman naziri Azad Rəhimovun Millini hədələməsi təsadüfi deyildi. İdman nazirindən daha çox MTN yetkilisinin lekskonu ilə danışan cənab Rəhimov onu xaricdə də tapacağı ilə hədələmişdi. Lakin hələ ki, azad sözə, müstəqil jurnalistikaya qənim kəsilmiş Azərbaycan rəhbərliyinin əli Eminə deyil, onun qaynı Meydan TV-nin fəaliyyətinə heç bir aidiyyəti olmayan Nazim Ağabəyova çatmışdır.

Yeri gəlmişkən, hətta Stalin totalitarizmi dövründə kürəkənin fəaliyyətinə görə qayını və ya qayının fəaliyyətinə görə kürəkni cəzalandırmaq Beriyanın idarəsinin ağlına gəlmirdi. İkinci Dünya Müharibəsinin sonlarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 3-cü katibi Həsən Məmməd oğlu Həsənovun qaynı düşmən tərəfə keçmişdi. Həmin vaxt belə əməllər vətənə xəyanət hesab edilirdi, lakin qaynının bu əməlinə görə Həsən Həsənov nəinki inzibati cəza almadı, hətta Respublika Kommunist Partiyasının Mərkəzi Komitəsindəki rəhbər vəzifəsini də itirmədi.

İndi görünür Azərbaycan hüquq-mühafizə orqanları bəzi məsələlərdə Stalin qaydalarını da arxada qoymuşdur. Görünür bu yolla Emini susdurmaq və ən azı Ağabəyovlar ailəsindən onun əleyhinə televiziya çıxışı, bəyanat və ya açıqlama gözləyirlər. Yeri gəlmişkən, Nazim Ağabəyov innovasiya texnologiyaları üzrə mütəxəssisdir və ölkənin ən peşəkar proqramçılarıdan sayılır. Onun jurnalistikaya heç bir aidiyyəti yoxdur. Nazim tanınmış ziyalı, respublikanın Xalq Rəssamı, boyakarlıq və kino rəssamlığı sahəsində ən tanınmış sənətkarladan biri sayılan Mais Ağabəyovun oğludur. Mais Ağabəyov tamaşaçılara yaxşı tanış olan “Babək”, “Nəsimi”, “Ötən ilin son gecəsi”, “Yeddi oğul istərəm”, “Özgə vaxt”, “Qətl günü”, “Əlvida, cənub şəhəri”, “Ölüm növbəsi” və digər məşhur filmlərin rəssamıdır. Azərbaycan mədəniyyəti tarixində bəlli bir yeri olan bir ailənin övladını narkotika ittihamı ilə həbsə atmaq rejimin mədəniyyət anlayışından çox uzaq olduğunun göstəricisidir.

Emin, keçdiyi həyat yolu ilə Azərbaycan ictimai fikrində Milli olduğu üçün qənimətdir. Bu gün Qəniməti milli, Emin də qənimət olduğuna görə cəzalandırırlar. Bu ölkədə Qənimət və Milli olmağın cəzası böyükdür.