Rusiya Azərbaycanı Avrasiya İttifaqına üzv etmək səylərini artırıb
Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman Imranov və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri Ilqar Qasımov Azərbaycanın bir qrup ictimai və siyasi xadimləri ilə birlikdə Azərbaycanda Avrasiya Hərəkatı yaradır.
Bu barədə virtualaz.org saytına təşəbbüs qrupunun üzvlərindən biri məlumat verib.
Nəriman Imranovun və Ilqar Qasımovun əsas məqsədi Azərbaycanda Putinin Avrasiya Ittifaqı ideyasını populyarlaşdırmaqdır. Bu günlərdə təşəbbüs qrupu hətəkatın rəsmi qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edib. “Dünyada baş verən mürəkkəb iqtisadi-siyasi proseslər və yeni geosiyasi çağırışlar təbii şəkildə avrasiyaçılıq ideyasının aktuallaşmasını təbii olaraq ön plana çıxarır, onun müvafiq milli hərəkat formasında təşkilati-praktiki həllini israrla tələb edir”, – deyə təşəbbüs qrupunun bəyanatında deyilir.
Sovet KQB-sinin zabiti Nəriman Imranov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib və 1994-cü ilin payızına dair nazir olub. MTN-in təcridxanasından Rəhim Qazıyevin, Ələkrəm Hümbətovun, Arif Paşayevin və Baba Nəzərlinin qaçırılmasından sonra Nəriman Imranov dövlətə xəyanətdə ittiham edilib. Azərbaycan Ali Məhkəməsinin Kollegiyasının qərarı ilə 1996-cı il, fevralın 12-də ölüm cəzasına məhkum edilib.
Azərbaycanda ölüm cəzası ləğv ediləndən sonra Nəriman Imranov Qobustan həbsxanasında ömürlük cəza çəkib. 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə əfv edilib.
Ekspertlər bildirir ki, Qərbin Azərbaycan hakimiyyətinə təzyiqlərinin gücləndiyi bir dövrə Avrasiya Hərəkatının yaradılması təsadüfi deyil. “Rusiya Azərbaycanı Avrasiya Ittifaqına üzv etmək üçün səylərini artırıb. Ona görə də Rusiyaya bağlı şəxslər artıq açıq şəkildə fəaliyyətə başlayıblar”, – deyə ekspertlər əlavə edib.