«Bu ittiham absurddur, məni və «Meydan TV»ni susdurmaq məqsədi daşıyır»
Hakimiyyət Qənimət Zahidin yaxınlarına qarşı repressiya üsulundan digər tənqidçilərə münasibətdə istifadə edir
“Meydan TV”nin rəhbəri Emin Millinin qaynı Nazim Ağabəyov həbs olunub. Ona qarşı narkotik saxlama ittihamı irəli sürülüb. Bu barədə Emin Milli özü “facebook” səhifəsində məlumat yayıb.
Emin Milli bildirib ki, Azərbaycan hakimiyyəti onu tənqid edən jurnalistləri, siyasi fəalları yaxınlarının həbsilə, girov götürməklə cəzalandırmaq praktikasını davam etdirir. Qaynının həbsi də onu və rəhbərlik etdiyi “Meydan TV”ni susdurmaq məqsədi daşıyır.
Nazim Ağabəyovun IT mütəxəssisidir. Ona ittiham verilən CM-nin 234.4.3-cü (külli miqdarda narkotik) maddə üzrə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.
“Bu ittiham tamamilə saxta və absurddur. Həyat yoldaşımın ailəsi çox böyük təzyiq altındadır. Onların bu cür təzyiq altında hansısa bəyanat vermək məcburiyyətində qalması istisna olunmur. Bu da anlayışla qarşılanmalıdır. Ancaq Əliyev və bu cür məsələlərdə ona yardım edənlər jurnalistlərin, siyasi fəalların və digər günahsız adamların özlərinə, yaxınlarına qarşı hücumlara görə bağışlanmayacaq”, – deyə Emin Milli vurğulayıb.
“Meydan TV”nin rəhbəri qaynının həbsinin illərdir ona qarşı davam edən təzyiqlərin davamı olduğunu qeyd edib: “Bu hadisə Əliyevin məni gənclər və idman naziri Azad Rəhimov vasitəsilə hədələməsindən cəmi bir neçə həftə sonraya təsadüf edir. Bir neçə il əvvəl atam mən həbsxanada olanda dünyasını dəyişdi. Bununla yanaşı, indiyədək ictimailəşdirmədiyim bir sıra hədələr və təzyiqlərlə də üzləşmişəm. Bütün bu təqib və təzyiqlərin bir məqsədi olub – şəxsən məni və ”Meydan TV"ni susdurmaq! Internet-media layihəsi olan “Meydan TV” yalanlar, repressiyalar okeanında sanki kiçik adadır. Repressiyalara, hədələrə həmişə gördüyüm işin miqyasını böyütməklə, daha çox müttəfiqlər qazanmaqla cavab vermişəm. Hətta özümü və ya ailəmi öldürsələr belə, həqiqəti deməkdən, gördüyüm işdən geri çəkilməyəcəm".
Emin Milli eyni zamanda, Qərb təsisatlarını, demokratik dövlətlərin hökumətlərini Azərbaycandakı repressiyalara susqun yanaşmaqla riyakarlıq etməkdə qınayıb: “Avropa Ittifaqı, ABŞ, Böyük Britaniya və s. dövlətlər Azərbaycanda baş verən son hadisələri susqunluqda izləyərək, özlərinin biznes maraqlarına görə Əliyev rejimilə əlaqələri qorumağa çalışırlar. Məhz bu cür riyakarlıq Əliyevlərə, Putinlərə öz rejimlərini qorumağa kömək edir”.
Emin Milli Qərb dövlətlərini Əliyev hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Qeyd edək ki, Emin Millinin həbsi “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin yaxınlarına qarşı kütləvi repressiyalarla eyni vaxta təsadüf edir. Iyulun 18-dən etibarən bir-birinin ardınca Qənimət Zahidin iki qardaşı oğlu və bir əmisi oğlu həbs olunub. Qənimət Zahidin qardaşı oğlu, Bakıda işlədiyi şirkətdən aparılan Rüfət Zahidova qarşı irəli sürülən ittiham da Emin Millinin qaynına elan olunan ittihamla eynidir. Digər qardaşı oğlu Tural Zahidova saxta ittihamla 30 sutkalıq həbs cəzası verildi. Əmisi oğlu Rövşən Zahidova da 25 sutkalıq inzibati həbs cəzası verildi. Amma Rövşən Zahidov həbsdə bu cəzanı çəkdiyi bir vaxtda onun evində axtarış apararaq, üstəlik, narkotik də “tapıb”, ona əlavə ittiham elan etdilər.
Qeyd edək ki, Qənimət Zahidin yaxınlarına qarşı başlanmış kütləvi repressiya onun xüsusən “Azərbaycan saatı” proqramındakı fəaliyyətilə əlaqələndirilir.
İnformasiya şöbəsi



