Nurəddin Məmmədli: «Azərbaycan hakimiyyəti Qərbdən qopa bilməz; Əliyevin dedikləri yalnız daxili auditoriyaya hesablanmışdı…»
Bugünlərdə Bakıda səfərdə olan Avropa Ittifaqı Şurasının prezidenti Donalds Tuskun burada keçirdiyi görüşlər zamanı aparılan fikir mübadilələri, verilən bəyanatlar müzakirə mövzusu olaraq qalır. Xüsusən ona görə ki, ölkə başçısı Avropa Ittifaqı Şurasının prezidenti arasındakı görüşdən sonra verilən bəyanatlar Azərbaycan hakimiyyətinin, o cümlədən şəxsən Ilham Əliyevin özünün bugünlərdə Qərb strukturlarının ünvanına səsləndirdiyi ittiham dolu fikirlərlə kəskin ziddiyyət təşkil edirdi.
Əliyev Tuskla görüşdə bildirdi ki, Azərbaycanla Avropa Ittifaqının strukturları, həm də Avropa ölkələri ilə geniş və çoxtərəfli əməkdaşlıq var. Onun sözlərinə görə, Avropa Ittifaqı Şurası prezidentinin səfəri də bu əlaqələrin əhəmiyyətinin yaxşı göstəricisidir: “Azərbaycanla Avropa Ittifaqı arasındakı əlaqələrdə müsbət inkişafı görürük. Sizin səfəriniz də bu əlaqələrin əhəmiyyətinin yaxşı göstəricisidir. Bizim sıx siyasi münasibətlərimiz var və biz onları gələcəkdə də inkişaf etdirmək istəyirik”.
Xatırladaq ki, Ilham Əliyev Tuskun Bakıya səfərindən cəmi doqquz gün əvvəl Nazirlər Kabinetinin iclasında Avropa strukturlarına və Avropa Ittifaqının əsas güc mərkəzi hesab olunan Almaniyaya qarşı sərt ittihamlar səsləndirmişdi. Əliyev bildirmişdi ki, Azərbaycan Qərb strukturlarının hər hansı tənqidinə məhəl qoymaq fikrində deyil. Ölkə başçısı daha da irəli gedərək, Avropa Şurasının Azərbaycanla bağlı qətnaməsini “kağız parçası” adlandırmışdı. Eyni zamanda, Qərb dairələrini başqa birliklərə qoşula biləcəyilə hədələmişdi: “Bu gün əfsuslar olsun ki, Avropada faşizm baş qaldırır, irqçilik, islamofobiya, ksenofobiya, anti-semitizm, yəni təkcə müsəlmanlara qarşı deyil bu hərəkət. Əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir.ÿBiz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi. Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər”.
Göründüyü kimi, bu çıxışdan cəmi 9 gün sonra Əliyev Qərb strukturları ilə sıx əməkdaşlıqdan danışır. Əliyevin Qərb strukturlarına münasibətdə ziddiyyətli mövqeyi siyasi ekspertlərin də diqqətindədir. Ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin Avropa strukturlarına qarşı irəli sürdüyü ittihamlar sadəcə, daxili auditoriyaya hesablanıb və bu siyasətin müvəqqəti xarakter daşıdığı məlum idi.
Milli Şuranın üzvü, professor Nurəddin Məmmədli Əliyevlə Tusk arasındakı müzakirələrin perspektivini şərh edərkən ilk növbədə onu vurğulayır ki, Azərbaycan hakimiyyəti istəsə belə, Qərbdən qopa bilməz. Səbəblərdən biri budur ki, ölkənin monopolist məmurları xalqdan oğurladıqları vəsaitləri Qərbə yerləşdiriblər. Bu baxımdan, Avropa sturkturlarına qarşı çıxmaq siyasəti hakimiyyət üçün əldə etdikləri varidatların itirilməsilə nəticələnə bilər.
Bundan başqa, Azərbaycan neft-qaz ticarətində birbaşa Qərbdən asılıdır.
“Azərbaycan hakimiyyəti Qərbdən qopa bilmir və bilməyəcək. Bir-birindən tamamilə ayrılmış iki xəttin mövcudluğu açıq-aydın görünür. Bu xəttin biri Qərb korpuslarına, digəri isə Azərbaycan daxilindəki auditoriyaya yönəlib. Ilham Əliyev və onun ətrafı zaman-zaman Qərb seçiminin Azərbaycanın strateji maraqlarına uyğun olduğu haqda fikirlər səsləndiriblər. Lakin Qərbin Azərbaycandakı idarəçiliyə qarşı tənqidləri gücləndikcə, hakimiyyət onları nələrdəsə ittiham etməyə, hətta təhqir etməyə başlayır. Əliyev bir tərəfdən Qərbə göstərir ki, biz sizinlə qopmuruq, əməkdaşlıqda maraqlıyıq. Amma digər tərəfdən də Azərbaycan xalqında belə rəy yaratmağa çalışırlar ki, biz heç kimlə hesablaşmırıq”, – deyə Nurəddin Məmmədli bildirib.
Nürəddin Məmmədli onu da qeyd edir ki, hakimiyyət ölkənin demokratikləşməsi təhlükəsindən doğan narahatlığını da gizlədə bilmir: “Belə bir şəraitdə hakimiyyətin sinxron olmayan daxili və xarici siyasətindəki kənaraçıxmalar, ziddiyyətlər tamamilə təbii görünür. Hakimiyyət eyni zamanda, Qərbi Rusiyaya yaxınlaşa biləcəyilə şantaj etməyə çalışır. Amma nəzərə almırlar ki, demokratikləşmə prosesi təkcə Azərbaycanla bağlı məsələ deyil. Bu, dünyada baş verən qlobal dəyişikliklərin tərkib hissəsidir. Dəfələrlə qeyd etdiyimiz kimi, son onilliklər ərzində dünyada 20-dən çox diktarura rejimləri çöküb. Bu tendensiya davam edir. Dünyanın yeni düzənində diktatura rejimlərinə yer yoxdur və Ilham Əliyevin mövcud hakimiyyəti də əbədi olmayacaq. Bir il tez və ya bir il gec, amma istənilən halda, Azərbaycan da demokratikləşəcək”.
Emil