Rusiya xalqdan dayağı olmayan hakimiyyətimizi aciz vəziyyətə sala bilər
Bizim politoloqlar qəribədir. Baxırsan ki, hansısa məsələ barədə xeyli danışır, amma yeni heç nə demir. Yaxud hamının bildikləri xəbərləri bir az savadlı və terminlərlə təkrar edir, vəssalam.
Bəzən belə deyirlər: ola da bilər, olmaya da bilər…
Yaxud başqa birisi şərh verir: əgər belə olsa, deməli, belə olacaq…
Bununla yanaşı, gəlin bizim politoloqlara ağır işlərində uğurlar diləyək və Rusiyadan gələn məktub haqqında bəzi məqamları onlarsız aydınlaşdıraq.Məktubu Rusiya prezidenti Azərbaycan prezidentinə yollayıb və orada Qarabağ münaqişəsinin həlli ilə bağlı Kremlin yeni təklifləri yer alıb. Şəxsən mən bu məktubdan çox narahat olmuşam. Halbuki, Kazan görüşündən sonra, daha doğrusu, onun iflasa uğramasından sonra xeyli rahatlamışdıq. Rusiyanın oyunlarından qurtulduğumuzu düşünərək.
Indiki narahatlıq isə yeni təkliflərin məktub halında olmasından deyil, narahatlıq son vaxtlar Rusiyanın münaqişənin həllinə təkbaşına əl qoymasına, hələ də bu işdən əl çəkməməsinə görədir.
Amma Rusiyanın ədalətinə inanmaq olmaz. Rusiya Tolstoyun və Dostoyevskinin, daha onlarla belə dahinin vətənidir, ölkəmizi işğalda saxladığı dönəmlərdə bizim xalq bu ölkədən bəzi müsbət şeyləri də əxz edib, amma bu dövlətin ədalətinə, xoş niyyətinə inanmaq olmur. Bu ölkənin başbilənləri, ziyalıları Tolstoy və Dostoyevskinin həmvətəni olsa da, onları dərindən mütaliə etsələr də, sevsələr də öz dövlətlərinin mənasız irtica maraqlarını açıq şəkildə dəstəkləyirlər. Jirinovski kimi adamın bu ölkədə xeyli səmimi tərəfdarı var. Kiçik istisnaları çıxsaq, Rusiyanın dünyaya münasibətində əksəriyyət özünü Jirinovski kimi aparır.
Rusiya faktiki olaraq Ermənistanı köləlikdə saxlayır, Azərbaycana isə güclü təsiri və əngəlləri var. Azərbaycan hakimiyyəti xalqdan dayağı olmadığı üçün və dünyada dəstəklənmədiyindən Rusiyadan çox asılı hala düşüb və ondan açıq şəkildə çəkinir. Burada təkcə obyektiv amillər rol oynamır, həm də ciddi subyektiv amillər var. Qorxulusu budur ki, Rusiya mövcud hakimiyyəti ölkənin ziyanına olan addımlar atmağa məcbur edə bilər.
Rusiya regiona təsirini saxlamaq üçün Qarabağ münaqişəsindən istifadə edib, edir və etməyəcəyinə zərrə qədər də əsas yoxdur. Ən qorxulusu odur ki, indi münaqişənin həlli adı ilə münaqişə zonasına – əslində, bizim torpaqlarımıza qoşunlarını yeridə bilər. Təbii ki, sülhməramlı qüvvələr adı ilə. Amma o qüvvələr bizim müstəqilliyimizə, ölkənin gələcəyinə, Qarabağın qaytarılmasına, bizdə və ümumən regionda demokratiyanın perspektivinə böyük təhlükə ola bilər. Xalqdan qopmuş hakimiyyətlər isə bu halda həmin qüvvələrin “komanda”nından xeyli asılı olur. Yəni Kremldən. Rusiyadan gələn məktub məhz bu səbəblərə görə narahatlıq doğurur və şəxsən mən çox gərginliklə prosesləri izləməkdəyəm. Xalqdan qopmuş hakimiyyət çox təhlükəlidir, o bəzən istəməyərək də ölkənin maraqlarını qurban verə bilər. Acizlikdən.
Bakının fişəng anbarı varmı?
Türkmənistanın Abadan şəhəri böyük faciə ilə üzləşib. Şəhərin dörddə biri partlayışlardan darmadağın olub. Məktəb, uşaq bağçası, yaşayış binaları yerlə yeksan olub. Amma biabırçı Türkmənistan hakimiyyəti şəhəri mühasirədə saxlayır, hadisə ilə bağlı ölkədən qırağa informasiya sızmasına imkan vermir. Hələlik rəsmi izah bundan ibarətdir ki, atəşfəşanlıq fişənglərinin anbarı partlayıb və guya hakimiyyət vəziyyəti nəzarətdə saxlayır. Qeyri-rəsmi mənbələr hərbi sursat anbarlarının partladığını deyir. Yenə də faciənin güman edilən miqyası başadüşülən deyil.
Ən pisi odur ki, avtoritar hakimiyyətlərin hamısı kimi Türkmənistandakı rejim də həqiqəti xalqdan gizli saxlayır. Ölkəyə zəng etmək mümkün deyil. Dünən bu ölkəyə yalnız mobil telefonlarla zəng etmək mümkün olub, o da nəzarətə götürülüb və əhaliyə çatdırılıb ki, hamı ağzını bağlı saxlasın, yoxsa başları ağrıyar.Fişəng anbarı versiyası nə qədər gülünc görünsə də, Türkmənistanda əl çalmaq, atəşfəşanlıq adi idarəçilik tərzinə çevrildiyi üçün, orada belə anbarların olduğunu güman etmək olar. Görəsən, Bakının fişəng anbarında vəziyyət necədir? Axı bizdə də atəşfəşanlığın sayı-hesabı yoxdur…