Əli Kərimli Anar Məmmədlini təbrik etdi

Bu gün vicdan məhbusu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədlinin doğum günüdür Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Anar bəy! Bu gün siz artıq 37 illik həyatınızın ikinci doğum gününü həbsxanada qeyd edirsiniz. Hər kəs bilir ki, bu yol sizi təsadüfi olaraq o dəmir barmaqlıqlar arasına aparıb çıxarmayıb. Siz çox sevdiyiniz və illərdir demokratikləşməsi uğrunda mübarizə apardığınız bu ölkənin işıqlı gələcəyi naminə oradasınız.

Siz illərdir bu ölkədə şəffaf seçki ənənələrinin yaranması uğrunda mübarizə aparan bir təşkilatın rəhbərisiniz. Dəfələrlə saxtalaşdırılan seçkilərdə sizin cəsarətli hesabatlarınız həm ölkə daxilində, həm də beynəlxalq aləmdə istinad edilən obyektiv hesabatlar kimi qəbil olunmuşdur. Təsadüfi deyil ki, həbsinizin motivi də 2013-cü ildə prezident seçkilərindəki saxtakarlıqları yerli və dünya ictimaiyyətinə çatdırmağınızla bağlıdır.

Heç şübhəsiz ki, bu, bir mübarizə tarixidir. Mübarizə tarixləri isə heç vaxt hədər getmir. Bu il Avropa Şurasının Parlament Assembleyası sizi Vatslav Havel İnsan Hüquqları mükafatına layiq gördü. İnamla deyirəm ki, bu, sizin halal haqqınız idi. Mübarizələrlə dolu həyat yolu həbsxanalardan keçən Vaslav Havelin belə bir deyimi var: “Biz müxalif olmağa heç bir zaman qərar vermədik. Biz bu duruma heç bilmədən gəldik, bəzən də necə olduğunu tam olaraq bilmədən gözümüzü həbsxanada açdıq. Biz sadəcə, öndə getdik, lazım olanı və insana yaraşan bəlli şeyləri etdik. Nə artıq, nə əskik…”. Bəli, siz də məhz zəruri olanı və insana yaraşanı etdiniz. İnanıram ki, buna görə də heç vaxt peşman olmayacaqsız.

Dəyərli Anar bəy! Doğum gününüz mübarək olsun! Ölkəmiz üçün gördüyünüz böyük işlər mükafatsız qalmayacaq. Vətənimizə gözəl günləri birlikdə gətirəcəyik! Birlikdə demokratik, çiçəklənən və güclü bir Azərbaycan quracağıq! Sizə can sağlığı, gözəl günlər və tezliklə həqiqi azadlığınıza qovuşmanızı arzulayıram!